Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5366/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı borc məbləğinin restrukturizasiya olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanını nəzərə alınaraq, bankın ona müəyyənləşdirdiyi 1832.62 ABŞ dolları borcundan, 317.20 ABŞ dolları faiz borcu və 63.49 ABŞ dolları cərimə məbləği həmin ümumi borcdan çıxıldıqdan sonra qalan 1269.81 ABŞ dollar borcunu Azərbaycan milli valyutasına-2.158,69 manata çevrilərək, 60 aya bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinə əsasən, şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə 26% dərəcəsi ilə 2.812 ABŞ dolları kredit götürmüşdür. Bir müddət bu kredit borcunu ödəmişdir. Sonradan ona 07 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan ‘'Dəmirbank" ASC-nin “Əməliyyat İdarəsi" filialına və ya ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşa biləcəyinə dair bildiriş göndərilmişdir. Lakin, bu bildiriş ona gec gəlmişdir. O, bu bildirişi alandan sonra dərhal xx.xx.2020-il tarixdə “Dəmirbank'' ASC-yə elektron portal vasitəsilə müəyyənləşdirdiyi 2.158.69 manat borcunun 60 ay müddətinə restrukturizasiya olunması barədə ərizə yazmışdır. xx.xx.2020-ci il tarixli ərizəsinə Əmanətlərin Sığortalanması Fondu 2 il sonra, yəni 28 aprel 2022-ci il tarixdə ona cavab məktubu göndərmişdir. Onlar fiziki şəxslərin kredit borclarının, restrukturizasiyası məqsədi ilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığını qeyd etmişdirlər. Amma ona ƏSF-dən gələn 07 oktyabr 2019-ci ildə gələn bildiriş məktubunda fiziki şəxslərin kredit borclarının, restrukturizasiyası məqsədi ilə müraciətlərin qəbulunun nə vaxt başa çatacağı qeyd olunmamışdır. Buna görə də o, məlumatsız olmuşdur. Ona bildiriş gec gəldiyinə görə, həm də Əmanətlərin Sığortalanması Fondu onu gec məlumatlandırdığına görə kredit borcunun 28 fevral 2019cu il tarixli Fərmanına əsasən, kreditlərin restrukturizasiyası xidmətindən məhrum qalmışdır. Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Sabunçu Rayon Məhkəməsinə ona qarşı “kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi vermişdir. Həmin iddia ərizəsində ondan cəmi borc 3.256,30 ABŞ dolları tələb etmişdirlər. Sabunçu Rayon Məhkəməsi isə iddia tələbini qismən təmin etmiş, onların bu tələblərinin tənasübsüz surətdə yüksək olduğunu bildirərək, cəmi 1.831.62 dolların tutularaq, Cavabdeh2 ASC-yə verilməsi barədə qətnamə çıxartmışdır. Amma məhkəmə Prezidentin Fərmanını nəzərə almayaraq əsassız Qətnamə qəbul etmişdir. Prezidentin Fərmanına əsasən onun qalıq borcu 2.158.69 manat təşkil edir. Onun hazırda maddi vəziyyəti bu pulu birdəfəlik ödəməyə əl vermir. 25 noyabr 2014-cü il tarixdə götürdüyü məbləğ öz büdcəsinə uyğun idi və o, həmin vaxt işlədiyinə görə vaxtlıvaxtında kredit borcunu ödəmişdir. Ancaq hazırda işləmir, maddi durumu aşağıdır. Heç bir yerdən gəliri, qazancı yoxdur. Əsas borcundan 1.543 ABŞ dollarını ödəmişdir. Prezidentin Fərmanına əsasən, bankın ona müəyyənləşdirdiyi 1832.62 ABŞ dolları borcumdan, 317.20 ABŞ dolları faiz borcu və 63.49 ABŞ dolları cərimə məbləği həmin ümumi borcdan çıxıldıqdan sonra qalan 1269.81 ABŞ dolları Azərbaycan milli valyutasına-2.158,69 manata çevrilərək, 60 aya bölünməlidir. Yalnız bu halda onun imkanı çatar ki, banka olan borcunu ödəyə bilsin. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh2 ASC-nin əlavə cavabdeh qismində cəlb etməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməlyyatlarının həyata keçirilməsi təmin edilir. Həmçinin sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatmasının nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli bildirişdə onun kreditininin Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan "Dəmırbank ASC-nın ünvan 1 ünvanında yerləşən "Əməliyyat İdarəsi” filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşmaq hüququnun olması nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)-4575/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 1269.81 ABŞ dolları məbləğində əsas borc, 317.20 ABŞ dolları məbləğində faiz borcu, 63.49 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 182.12 ABŞ dolları məbləğində faiz borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manat məzənnəsi ilə cəmi 1832.62 ABŞ dolları məbləğində pul vəsaiti və 51.15 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6-cı bəndinə əsasən: 6.1. fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. 6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. 6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Qaydaların 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Məhkəmə qeyd edir ki, bank tərəfindən iddiaçıya kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciət edilməsinə dair bildiriş göndərilsə də, iddiaçı banka müraciət etməməklə müddəti ötürmüş, bununla da kredit borcunun restrukturizasiya olunmasından yararlana bilməmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı müqavilə üzrə öhdəlikləri icra etməməsi səbəbindən borcun tutulmasına dair məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)-4575/2023 saylı qətnaməsi ilə sonuncudan ümumilikdə 1832.62 ABŞ dollarının tutulması qət edilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş “digər məhkəmə və icra işləri barədə məlumat”a əsasən İddiaçı 1832.62 ABŞ dollarının ödənilməsi barədə borclu olduğu icra sənədi üzrə icra işi icra şöbəsinin icraatındadır. Beləliklə, məhkəmə yeni güzəştli kredit müqaviləsinin bağlanmasına dair banka müraciət edilmə müddətinin ötürülməklə, borcun tutulmasına dair qətnamənin mövcud olmasını, bununla da Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının hazırki mübahisəyə şamil edilməməsini nəzərə alaraq borc məbləğinin restrukturizasiya olunması tələbinə dair İddiaçı iddiasının əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı borc məbləğinin restrukturizasiya olunması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(006)-5366/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5366/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver