Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-537/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi - X2, Cavabdeh - Cavabdeh1, Cavabdeh - Cavabdeh2, Cavabdehlərin nümayəndəsi (vəkili) - Vəkil iştirakı ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi evin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən apartdırılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi və cavabdehin hesabına evinin divarının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdeh qismində və Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onunla qonşudur. Lakin istər onun özü, istərsə də onun ailə üzvləri, o və onun ailə üzvləri ilə düzgün qonşuluq münasibəti aparmır. Ailələri münaqişəli ailə olaraq qeydiyyata alınmışdır. Dəfələrlə polis idarələrinə birinin digərinə qarşı şikayətləri olmuşdur. Hazırki iddianı irəli sürməsinə də əsas odur ki, cavabdeh onun mülkiyyəti olan fərdi evinin divarına müdaxilə edərək özünün qanunsuz tikilisinə dayaq kimi istifadə etmişdir. Qonşuluq münasibətində olduğu cavabdehin apardığı tikinti işləri onun iradə və istəyinə, hüquq və mənafelərinə zidd olmaqla yanaşı, qanunilik baxımından da düzgün deyil və evinin divarından dayaq kimi istifadə olunmaqla aparılmış həmin tikinti işləri cavabdehin hesabına sökülməlidir və evinin divarı əvvəlki vəziyyətinə bərpa edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2219 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən anbar kimi istifadə olunan tikilinin inşa edildiyi müəyyən edilir. ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa olunmuş tikili (anbar 11,4m2 (2,75x4,15) ölçüdə) iddiaçıya məxsus fərdi yaşayış evi ilə ara məsafəsi baxımından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən inşa olunmuş anbar tikilisinin iddiaçıya məxsus yaşayış evinə giriş-çıxışına maneə törətmədiyi müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən inşa olunmuş anbar tikilisinin iddiaçıya məxsus yaşayış evinin mətbəx tikilisinin pəncərəsinin böyründə inşa olunduğundan, yaşayış evinin mətbəx tikilisinin təbii işıqlandırılmasının və havalandırılmasının qarşısını qismən alındığı müəyyən edilir. Məhkəmə tərəfindən keçirilmiş sübutun yerində müayinəsi zamanı məhəlləyə daxıl olarkən ümumi girişdə sağ tərəfdə iddiaçının iki mərtəbəli evi, iddiaçının evinə bitişik ikimərtəbəli mübahisəli tikili, həmin mübahisəli tikilinin birinci mərtəbəsində sanitar qovşağı və sanitar qovşağının qapısının ağzından ikinci mərtəbəyə pilləkən, ikinci mərtəbənin üstübağlı vəziyyətdə iddiaçının divarına bərkidilmiş yarıtikili olması və məhəllədə səkkiz mənzil müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçının qonşuluğunda olan 15 saylı evin 3 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir. Cavabdehlər tərəfindən iddiaçının evinə bitişik ikimərtəbəli tikili tikilmiş, həmin mübahisəli tikilinin birinci mərtəbəsində sanitar qovşağı yerləşməklə 1998-ci ildə inşa edilmiş və mənzilin texniki pasportunda öz əksini tapmışdır. İkinci mərtbəsində isə üstübağlı vəziyyətdə iddiaçının divarına bərkidilmiş yarıtikili 2010-cu ildə tikilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi mübahisəli tikilinin birinci mərtəbəsində sanitar qovşağı yerləşməklə mənzilin texniki pasportunda nəzərdə tutulmuşdur. İkinci mərtəbəsində isə üstübağlı vəziyyətdə iddiaçının evinin divarına bərkidilmiş yarıtikilidir ki, həmin tikilinin qanuni əsaslarla tikilməsi barədə cavabdehlər tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli tikilinin ikinci mərtəbəsində iddiaçının evinin divarına bərkidilmiş formada inşa edilmiş yarıtikili qanunsuz tikili olduğundan iddia tikilinin göstərilən hissəsində sökülməklə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə Cavabdeh1 tərəfindən inşa edilmiş yarıtikili (2-ci mərtəbə) onun hesabına sökülməli və Cavabdeh1 hesabına evin divarı əvvəlki vəziyyətinə qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehlərdən, qalan 50 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə Cavabdeh1 tərəfindən inşa edilmiş yarıtikili (sanitar qovşağın üzərindəki 2-ci mərtəbə) onun hesabına sökülsün və Cavabdeh1 hesabına evin divarı əvvəlki vəziyyətinə qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği İddiaçı, qalan 50 manat məbləği Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-537/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-537/2022
11.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver