Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5379/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «borcun silinməsi və bu barədə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh ASC-nin qeyriqanuni olaraq ondan tələb etdiyi borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh ASC-nin ondan tələb etdiyi borcun silinməsi və bu barədə məlumatın "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin bankın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2012-2013-cü il tarixlərdə, tarixini dəqiq xatırlaya bilmədiyi gün Cavabdeh ASC-dən debet kartı almışdır və həmin bankda hesab açmışdır. Karta müəyyən məbləğlərdə pul qoyaraq, onlayn təyyarə bileti almışdır. Bankın problemləri başlayanda kartında müəyyən məbləğdə pul var idi. Kartı blok etdiklərinə görə qalan pulu kartdan çıxara bilməmişdir. Sonra müraciəti əsasında, kartdakı qalıq pulu bankdakı hesabına köçürmüşlər və həmin pulu bankın kassasından nağd şəkildə almışdır. Bir müddət, bankın problemləri daha da artıqdan sonra, bankdan ev telefonuna zəng edərək, banka 4.000 manat civarında, dəqiq xatırlaya bilmədiyi məbləğdə kredit borcunu olduğunu bildirmişlər. O, banka gedərək, bankın səlahiyyətlisi olan bir xanımla görüşmüş və heç bir zaman bankdan kredit götürmədiyini bildirmişdir. Həmin xanım isə kompüterdə adının qarşısında borc görsəndiyini bildirmiş və bu borcu ödəməsini tələb etmişdir. O da qarşılığında, həmin xanımdan bankın müştərisi olduğu dövrdən həmin günə kimi etdiyi bank əməliyyatlarının çıxarışını və əgər kredit götürmüşdürsə kredit müqaviləsi göstərməsini tələb etmişdir. Problemi aydınlaşdırmaq üçün ondan iki gün vaxt istəmişdir. İki gündən sonra banka müraciət etdikdə, həmin xanım yanlışlıq olduğunu bildirmiş və narahat etdikləri üçün üzrhaqlıq etmişdir. 14 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC-yə kredit almaq üçün müraciət etdikdə onun kredit borcunun olduğunu və həmin borcu ödəmədiyinə görə kredit verə bilməyəcəklərini bildirmişlər. 19 dekabr 2019-cu il tarixdə LPO Cavabdeh ASC-yə yuxarıda qeyd etdiyi məzmunda ərizə ilə müraciət etmiş və bildirmişdir ki, o, Cavabdeh ASC-dən heç vaxt kredit götürməmişdir. Qarşılığında məzmunsuz və mücərrəd formada cavab göndərərək, bank əməliyyat sistemində cəmi 3.199 manat 95 qəpik borc mövcud olduğunu yazılı bildirmişlər və bu borcu nəzərə alması xahiş olunmuşdur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ilə cavabdeh LPO Cavabdeh ASC arasında kredit götürülməsi ilə bağlı hər hansı müqavilə mövcud olmadığı halda, borclular, kredit verənlər və borc məbləğləri ilə bağlı məlumatların toplandığı "xxxx" MMC-nin məlumat bazasında (bank əməliyyat sistemində) iddiaçının adına 17.12.2019-cu il tarixə 1.495,64 manat əsas borc, 1.004,41 manat faiz və 699,90 manat cərimə üzrə borcun mövcud olması göstərilir. İddiaçı qeyd olunan məsələ ilə bağlı cavabdeh LPO Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək, borcu olmadığını bildirmiş və bu halın araşdırılmasını xahiş etmişdir. Cavabdeh LPO Cavabdeh ASC iddiaçının 27 noyabr 2019-cu il tarixli müraciətinə cavab olaraq göndərdiyi 19 dekabr 2019-cu il tarixli **********146 saylı məktubunda iddiaçının yuxarıda qeyd olunan məbləğdə borcu olmasını qeyd edərək, nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh LPO Cavabdeh ASC qeyd olunan məktubu nə iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsini, nə kreditin məxaric edilməsinə dair kassa məxaric orderini, nə də iddiaçının apardığı bank əməliyyatları ilə bağlı çıxarışı təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn münasibətlər mövcud deyil, onlar arasında kredit müqaviləsi bağlanmamışdır və iddiaçının cavabdeh qarşısında kredit müqaviləsi üzrə hər hansı öhdəliyi yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh LPO Cavabdeh ASC-nin İddiaçı tələb etdiyi borc əsassız tələb edildiyi müəyyən edilməli, İddiaçı həmin bank qarşısında borcunun olmaması barədə LPO Cavabdeh ASC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO Cavabdeh ASC-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh LPO Cavabdeh ASC-nin İddiaçı tələb etdiyi borc əsassız tələb edildiyi müəyyən edilsin. İddiaçı həmin bank qarşısında borcunun olmaması barədə LPO Cavabdeh ASC-nin əməliyyat sistemində qeyd aparılsın və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsi LPO Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5379/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5379/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver