Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-538/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə2 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 təqsiri üzündən ona dəyən maddi zərərin əvəzinin ödənilməsi üçün 7676.20 manat pulun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYPİ-nin verdiyi 336659 №-li, texniki pasporta əsasən, EB51510 №-li mühərriki olan **-ED-*** dövlət nömrə nişanlı FORD KUGA markalı maşın iddiaçıya məxsus olaraq onun şəxsi mülkiyyətindədir. 25 avqust 2021-ci ildə təxminən saat 16 radələrində həmin avtomaşını oğlu X1 idarə edərkən Sabunçu RPİ DYPS ərazisində Bilgə qəsəbəsində əks istiqamətli hərəkət zolağına çıamadan manevr etmə nəticəsində Cavabdeh1 Toyota Camry markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə onun mülkiyyətində olan EB51510 №-li mühərriki olan **-ED-*** dövlət nömrə nişanlı FORD KUGA markalı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Hadisə yerinə "xxxx" ASC cəlb edilmiş və sığorta şirkətinin mütəxəssisləri tərəfindən müvafiq qiymətləndirilmə aktı tərtib edilmişdir. Həmin qiymətləndirilmə aktına əsasən avtomobilə dəyən ziyan 11606 manat kimi müəyyən edilmişdir. Göstərilən yolnəqliyyat hadisəsi Toyota Camry markalı **-EF-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri olması Sabunçu Rayon DYPŞ xx.xx.2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən 5000 manat məbləğində müəyyən edilmişdir. Belə ki, sığorta şirkəti tərəfindən ona 3929.8 manat pul ödənilmişdir. Sığorta ödənişinin qalan 1070,20 manat hissəsi isə dövlətə dəyən ziyanın ödənilməsinə yönləndirilmişdir. Göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, ona dəyən ziyanın 7676,20 manat məbləği bugünə qədər Cavabdeh1 Rauz qızı tərəfindən ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinə etiraz edərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, İXP ******* İnzibati Xəta haqqında Protokoldan və TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində “X4” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 130564 №-li “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi”nə dair Hesabatdan görünür ki, **-ED-*** dövlət nömrə nişanlı, FORD KUGA markalı nəqliyyat vasitəsinə çəkilən cəmi zəhmət haqqı 2188,60 (iki min yüz səksən səkkiz manat, altmış qəpik) təşkil edir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-7030/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 qarşı “yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfində məhkəməyə 21 yanvar 2022-ci il tarixdə göndərilən 9/9366 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Ford Kuga” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9750,0 (doqquz min yeddi yüz əlli) manat müyyən edilmişdir. Beləliklə, məhkəmə iclaslında ekspert rəyi də nəzərə alınmaqla müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək, İddiaçı məxsus avtomobilə 9750,0 (doqquz min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Həmin ziyanın 3925 (üç min doqquz yüz iyirmi beş) manat məbləğində dəyəri isə sığorta şirkəti tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, iddia tələbi vurulan maddi ziyanın ödənilməsi hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sübutlardan və ekspert rəyindən də aydın oldu ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədilmiş və “Ford Kuga” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə müəyyən məbləğdə maddi ziyan dəymişdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 98 (doxsan səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 98 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 5825 (beş min səkkiz yüz iyirmi beş) manat məbləğində maddi zərər və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 5825 (beş min səkkiz yüz iyirmi beş) manat məbləğində maddi zərər və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumu tutulsun. İş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-538/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-538/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver