Məhkəmə qərarları › İş №2(006)-5385/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5385/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5385/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və otaqlara açılmış qapıların bağlanması tələbi”nə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və otaqlara açılmış qapıların bağlanması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan ünvan 1 ünvanında doğularaq ailə həyatı qurana qədər həmin ünvanda qeydiyyatda olaraq yaşamışdır. Ailə həyatı qurduqdan sonra bir müddət həyat yoldaşı ilə başqa mənzilə köçərək orada yaşasalar da, 1990-cı ildən yenidən ata evinə qayıdaraq yuxarıda qeyd edilən ünvanda yaşamışdır. Cavabdehin qardaşı X6 1988-ci ildə ailə həyatı qurmuş və onlar birlikdə qeyd edilən ünvanda yaşamışlar. Həmin zaman iddiaçının anasının təklifi ilə 100 kv.m-dən ibarət 4 otaqlı mənzil tərəflər arasında bölünərək iki otaq qardaşı və cavabdehə verilmiş, digər iki otaqda isə iddiaçı, onun anası, qızı yaşamışlar. Otaqlar ayrıldıqdan sonra hətta həmin ayrılmış hissələrə giriş qapıları da ayrı-ayrı tərəflərdən qoyulmuş və faktiki olaraq tərəflər yaşayış sahəsinə fərqli sahələrdən daxil olmuşlar. Bu birgə yaşayış bu şəkildə uzun illər davam etmişdir. İddiaçının anası 1996-cı ildə dünyasını dəyişmiş və ondan qalan yaşayış sahəsi 2011-ci ildə 7 nəfər vərəsə arasında bölünərək ümumi paylı əmlak hüququ təsbit edilmişdir. Buna dair tərəflərə çıxarış verildi. 23 fevral 2011-ci il tarixli seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin yaşayış sahəsinin 13/84 hissəsi iddiaçının mülkiyyətindədir. Ancaq artıq uzun müddətdir ki, iddiaçı qeyd edilən yaşayış sahəsində yaşaya bilmir. Cavabdeh iddiaçıya məxsus yaşayış sahəsindən onu çıxararaq yalnız mətbəxdə yaşamağa imkan verir. Cavabdeh ona ayrılmış hissədən iddiaçıya aid otaqlara qapı açaraq oradan istifadə edir və bu onun hüquqlarını pozur. İddiaçı bununla bağlı cavabdehə dəfələrlə etirazını bildirsə də, heç bir nəticə yoxdur və iddiaçı hələ də mülkiyyətçi olmağına baxmayaraq, əmlakından istifadə edə bilmir. Cavabdehin isə hətta həmin mənzilə pasport qeydiyyatı belə yoxdur. Göstərilənlərə əsasən ümumi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 86-da yerləşən yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və ümumi razılıq əsasında iddiaçıya məxsus olan iki otağa cavabdeh tərəfindən açılmış qapıların onun hesabına sökülərək daşla hörülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişlər ki, cavabdehin ailəsinin yaşadığı hissə həmişə onların istifadəsində olmuş, onlar qanunsuz olaraq iddiaçının yaşadığı hissəsinə heç bir qapı açmamışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 86-nın 13/84 hissəsi İddiaçı, 13/84 hissəsi X1, 13/84 hissəsi X3, 13/84 hissəsi X4, 13/84 hissəsi X7, 13/84 hissəsi X2 və 6/84 hissəsi X5 adlarına paylı mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 86-nın paylı mülkiyyətçisidir, cavabdeh isə iddiaçının mərhum qardaşı (mübahisəli evin paylı mülkiyyətçisi) X2 həyat yoldaşıdır. İddiaçı mübahisəli mənzilin 13/84 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, dediyinə görə cavabdehin hərəkətləri nəticəsində həmin mənzildən istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Qeyd olunan maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Hazırki iş üzrə müəyyən olunmuş işin faktiki hallarından isə göründüyü kimi mübahisəli mənzil üzrə tərəflərin payları real müəyyən edilsə də, onların payı naturada müəyyən edilməmişdir. Tərəflərin mübahisəli ünvan üzrə payları naturada müəyyən edilmədiyindən həmin mənzilə dair istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, qeyd olunan əmlakın naturada ayrılması barədə tələb irəli sürülmədiyinə görə məhkəmə “iddiaçıya məxsus olan iki otağı cavabdeh tərəfindən açılmış qapıların onun hesabına sökülərək daşla hörülməsi” ilə bağlı halı araşdırmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və otaqlara açılmış qapıların bağlanması tələbi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və otaqlara açılmış qapıların bağlanması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar