Məhkəmə qərarları › İş №2(006)-5410/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5410/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5410/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh ona qarşı dələduzluq edərək 22.000 manat dəyərində maddi ziyan vurduğuna görə, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 48A saylı evin 25 saylı mənzilinə əmlak məsuliyyəti qoyulmaqla, cavabdehə məxsus mənzilin satılması və ona vurduğu 22.000 manat pulun təqsirkar tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.000 manat pulun və 1.000 manat əlavə xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh İddiaçı qarşı dələduzluq edərək, iddiaçıya 21.000 manat dəyərində maddi ziyan vurmuşdur. Bu fakt Abşeron rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(012)-212/2021 saylı hökmü ilə təsdiq olunur. Belə ki, cavabdeh iddiaçıya məxsus 21.000 manat dəyərində olan 13,5 ton çəkidə armaturunu və 6,585 ton çəkidə qalın məftilini satıb, pulu öz ehtiyaclarına xərcləyərək, iddiaçıya xeyli miqdarda ziyan vurmuşdur. Abşeron rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(012)-212/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona müvafiq cəza təyin olunmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində tanınmış İddiaçı dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçıya dəymiş maddi ziyan nə cinayət işinin istintaqı zamanı, nə də bundan sonra ödənilmədiyindən, iddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hazırkı işlə əlaqədar 1.000 manat əlavə xərc çəkmişdir. Hazırda cavabdeh CÇM-də həmin hökmlə təyin edilmiş cəzanı çəkir. Məhkəmədən dəymiş maddi ziyanın və əlavə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cəza çəkdiyi müəsissisəyə ona təqdim edilməsi üçün iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh müəssissə rəhbərliyi vasitəsi ilə öz etiraz və mülahizələrini məhkəməyə göndərməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli 1(012)-212/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin həbs edildiyi 28.08.2021ci il tarixdən hesablanması; onun barəsində seçilmiş həbs qətimkan tədbirinin öz qüvvəsində saxlanılması; iş üzrə zərər çəkmiş şəxs İddiaçı dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi; hökmün icrasının Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi hökm edilmişdir. Həmin hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 21.000 (iyirmi bir min) manat (13,5 ton çəkidə armatur və 6,585 ton çəkidə qalın məftilin dəyəri) maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 21.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəf 1.000 manat əlavə xərc çəkməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia – 1.000 manat əlavə xərcin tutulması barədə hissədə əsaslı deyil və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş 21.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar