Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5423/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" KB QSC, Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X3 ərizə ilə müraciət edərək bildirmişdir ki, təqdim edilmiş iddia ərizəsi tərtib olunarkən texniki səhvə yol verilmiş və cavabdeh qismində Əmanətlərin Sığortalanması Fondu ilə yanaşı ləğv prosesində olan "xxxx" KB QSC də qeyd olunmuşdur. Cavabdeh qismində sadəcə Əmanətlərin Sığortalanması Fondunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2003-cü il tarixində iddiaçı ilə "xxxx" KB QSC arasında bağlanmış depozit müqaviləsinə əsasən müxtəlif tarixlərdə iddiaçı tərəfindən depozitə pul qoyulmuş, hesablanmış faizlər iddiaçı tərəfindən götürülmüşdür. Bank Standart” KB QSC 2016-cı il tarixində müflis elan olunmuş və onun ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. "xxxx" KB QSC tərəfindən bu günə qədər iddiaçıya olan 74.784 ABŞ dolları məbləğindəki borc hələ də iddiaçıya qaytarılmamışdır. Bununla bağlı qeyd edilən banka müraciət olunmuş və qeyd edilən pul kreditor tələbi olaraq qeydə alınmışdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, "xxxx" KB QSC-də 30 oktyabr 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş və 2016-cı ilin oktyabrında isə məhkəmənin qərarı əsasında müflis elan olunmuş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. "xxxx" KB QSC ilə hazırki iş üzrə iddiaçı Məhərrəmova Cəmı̇ lə Fı̇ krət qızı arasında bağlanmış müqavilənin 8.2-ci bəndinə əsasən bank iflas etməsi halında Məhərrəmova Cəmı̇ lə Fı̇ krət qızına 30 min manatdan çox olmamaqla kompensassiya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə "xxxx" KB QSC müflis elan olunarkən qüvvədə olmuş və buna görə də qeyd edilən 30 min manat kompensassiya iddiaçıya ödənilmişdir. Digər tələb olunan 74 min ABŞ dolları həcmində pul isə kreditor tələbi olaraq qeydə alınmış və məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Həmin pulun ödənilməsi sadəcə Əmanətlərin Sığortalanması haqqında qanunun 82-ci maddəsinin tələbləri gözlənilməklə mümkünüdür. Hazırki tələb üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Belə ki, birinci instansiya sadəcə kompensasiya ilə bağlı işlərə baxır ki, hazırda kompensasiya ilə bağlı tələb yoxdur. Olsaydı belə Əmanətlərin Sığortalanması haqqında qanunun 28.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 5 illik müddət ötürülmüşdür. Hazırda mübahisə sadəcə kreditor tələbi olduğundan və burada sadəcə növbədənkənar ödənişin ödənilməsindən söhbət gedə bilər ki, buna da Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxıla bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən: "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İddiaçıların tələbi yalnız «Banklar haqqında» Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Həmçinin Müflisləşmə və iflas haqqında qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi kreditor tələb olduğundan, (pul ilə bağlı tələb olduğundan və həmçinin pul tələbidə artıq kreditor tələb kimi qeydə alındığından) mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün İddiaçı tərəfindən 417 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 417 manat dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 417 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5423/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5423/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver