Məhkəmə qərarları › İş №2(006)-543/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-543/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-543/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının tələbi: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18.032022-ci il tarixli kerdit müqaviləsi üzrə 50 AZN əsas borc, 26,36 AZN faiz borcu, 28,87 AZN cərimə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 105,38 AZN borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 23 faizlə 24 ay müddətinə 5000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 iyul 2024 cii il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 50 AZN əsas borc, 26.36 AZN faiz borc, 28.87 AZN cərimə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024 cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0.15 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 105.38 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bıı səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, "xxxx" ASC tərəfindən ona zəng gəlmişdir ki, kart almaqla əlaqədar kampaniya var. Kartı götürməyə gedəndə kartda 5000 manat əvəzinə 4950 manat olduğunu görmüşdür. Səbəbini soruşduqda 1% komissiya haqqı tutulduğunu bildirdilər. Bununla razılaşmayaraq kartı götürmədi. Kartı heç əlinə də götürməmişdir. Bir neçə müddət keçdikdən sonra zəng gəldi ki, "xxxx" ASC-yə borcunuz vardır. Müəyyənləşdirdilər ki, həmin 50 manat borc kimi adına yazılmışdır və buna əsasən, cərimə də hesablanmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı ASC-yə 50 AZN əsas borc, 26,36 AZN faiz borcu, 28,87 AZN cərimə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 105,38 AZN borcu vardır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh “Yelo Bank" ASC tərəfindən illik 23 faizlə 24 ay müddətinə 5000 AZN kredit verilməsi nəzərdə tuutlmuşdur. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh yaranmış borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Ödənilmiş xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətinə əsasən İddiaçı ASC iddianın verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Banklar haqqında Azərbaycan Respublikası Qanunu: 36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. 36.2. Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. 36.4. Banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir. 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq və cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı ASC məhkəməyə təqdim etdiyi iddia ərizəsində Cavabdeh xx.xx.2022-ci il tarixli kerdit müqaviləsi üzrə 5000 manat kredit götürdüyünü, lakin borc öhdəliyini icra etməkdən boyun qaçırdığını bildirmiş və həmin borcun gecikdirilməsinə görə faiz və cərimə məbləğləri hesablamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh isə sözügedən müqaviləni imzaladığını bildirsə də, ona ayrılmış kredit məbləğinin daxil olduğu kartda, məbləğin 5000 manat deyil, 4950 manat olması səbəbindən kartı fiziki olaraq qəbul etməkdən imtina edərək bankın əməkdaşına qaytardığını, istifadə etmədiyi kreditə görə ondan komissiya haqqının tutulmasının yolverilməz olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh kredit müqaviləsinin bağlandığı gün məhz 50 manat komissiya haqqının tutulmasına etiraz edərək, onun üçün ayrılmış krediti qəbul etməkdən imtina etmişdir. Bununla da kredit müqaviləsinin ləğv edilməsinə dair birtərəfli iradə ifadəsini bəyan etmişdir. Bu hal bank tərəfindən təqdim edilmiş xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışla da öz təsdiqini tapır. Belə ki, hesabdan çıxarışda yalnız hazırda cavabdehdən tələb olunan 50 manat əməliyyat üzrə komissiya haqqı öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin faydalanmadığı kredit üzrə ondan komissiya haqqının tələb edilməsi yolverilən deyildir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərin “ödəniş kartı” adlı 7ci paraqrafının 3-cü bəndinə əsasən kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün Tariflər əsasında Müştəridən müvafiq komissiya tutulur. Göründüyü kimi cavabdehin kartdan istifadə etməklə hər hansı əməliyyat apardığı müəyyən edilmir. Ona görə də məhkəmə 50 manat pulun tutulması hissəsində iddianın təmin edilməməsini məqsədəmüvafiq hesab edir. İddia tələbinin faiz və cərimə borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələb komissiya haqqının ödənilməsi tələbi ilə bağlıdır və məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki komissiya haqqının ödənilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kerdit müqaviləsi üzrə 50 AZN əsas borc, 26,36 AZN faiz borcu, 28,87 AZN cərimə borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 105,38 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə İddiaçı ASC-nin iddia ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar