Məhkəmə qərarları › İş №2(006)-5434/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5434/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5434/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (“X2” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (“X2” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4704/2022 saylı qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3331/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli, 2678Y saylı kredit müqaviləsi üzrə 160.000 manat əsas, 22.355,56 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra AR KM-nin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 3.177,46 manat faiz borcu olmaqla, cəmi 185.533,02 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə cavabdeh İddiaçı tərəfindən mübahisələndirilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-633/2022 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3331/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4704/2022 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-633/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında mövcud olmuş mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qətnamə xx.xx.2022-ci il tarixində öz qanuni qüvvəsini almışdır. Hazırda isə iddia ərizəsində irəli sürülən məsələlər məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası ilə bağlı məsələlərə aiddir. Belə ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində qeyd etmişdir ki, onunla cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə bank tərəfindən məhkəməyə müraciət edilmiş, mövcud sübutlar əsasında məhkəmə tərəfindən qətnamə qəbul edilmiş, həmin qətnamənin yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsinə baxmayaraq, dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun onun təsisçisi və qanuni təmsilçisi olduğu “X1” MMC-yə məxsus Cavabdeh1 ASC-nin Yasamal filialında açılmış bloklaşdırılmış hesabındakı 200.000 manat məbləğində pul vəsaitinə yönəldilməsini və həmin pul vəsaitindən silinməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüquqları yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: - 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. - 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Qanunun məzmunundan da göründüyü kimi, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Səlahiyyəti icra məmuru icraatına daxil olmuş icra sənədi üzrə qanunla yol verilmiş bütün üsul və vasitələrdən istifadə etməklə, icra sənədi üzrə tələbin yerinə yetirilməsi məqsədilə müvafiq tədbirlər görə bilər. Belə ki, icra məmuru icra sənədi üzrə tələbin ödənilməsi istiqamətində məcburi icra tədbirləri qismində: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəltmək; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəltmək; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara vermək; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər görmək hüququna malikdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbində qeyd etdiyi məsələlər icra mərhələsində həll olunmalı məsələlərə aid edilməklə, səlahiyyətli icra məmuru tərəfindən həyata keçirilməli olduğundan, həmin səlahiyyətlərin, o cümlədən iddiaçının hazırki tələbinin məhkəmə qaydasında həll edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, mülki prosessual qanunvericilik mülki mühakimə icraatı çərçivəsində baxıla biləcək işlərin dairəsini müəyyən etmiş və həmin işlərə baxılma qaydasını müfəssəl şəkildə izah etmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən hazırki işin (iddia tələbinin) mülki mühakimə icraatı qaydasında baxılmasının yolverilməzliyi onun məhkəmə tərəfindən icraata qəbul edilməsini də birmənalı olaraq yolverilməz edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (“X2” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar