Məhkəmə qərarları › İş №2(006)-544/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-544/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-544/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13598.83 AZN əsas borc, 1280.47 AZN faiz borcu və 364.67 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 15243.97 AZN məbləğində borcun və 135.73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 21800 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il iyulun 30-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13598.83 AZN əsas borc, 1280.47 AZN faiz borcu və 1458.67 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 16337.97 AZN borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1458.67 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 364.67 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh İddiaçı ASC-nin “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ondan İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13598,83 AZN əsas borc, 1280,47 AZN faiz borcu və 364,67 AZN cərimə borcu olmaqla, ümumilikdə, cəmi 15243,97 AZN məbləğində borcun və 135,73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Borcu həmişə qaydasında ödəməyə çalışan biri olaraq iddiaçı iddia tələbini onun kredit müqaviləsi üzrə öhdəliyini ödəməkdən boyun qaçırmağıyla əsaslandırmışdır. Bildirmək istəyir ki, bu həqiqəti əks etdirmir. Belə ki, İddiaçı ASC tərəfindən banka edilən ödənişləri nəzərə alınmamışdır. O, borcu həmişə vaxtında ödəməyə çalışmış və yaranmış vəziyyətdə ödənişlərin həcmi bank tərəfindən düzgün hesaba alınmamışdır. Digər tərəfdən bank müəyyən edilmiş cərimə məbləği açıq-aşkar iqtisadi vəziyyətə və mövcud imkanlara nəzər verilmədən, fəaliyyətinə mənfi yöndə təsir edəcək tənasübsüz şəkildə hesablanmışdır. Odur ki, iddia tələbi cərimə məbləğinə münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Ona görə ki, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmənin diqqətinə çatdıraraq bildirir ki, iddiaçı 5 ay hərəkətsizlik göstərməklə cərimə məbləğini əsassız və şişirdilmiş formada yüksəldərək müəyyən etmişdir. Bu isə ədalətsiz yanaşmadır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 21800 AZN məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 23-Y-1-0-2644-22 saylı kredit müqavilə üzrə ödəniş cədvəli üzrə xx.xx.2022-xx.xx.2025-ci il dövrü ərzində cəmi 21800 manat əsas məbləğ, 6180.25 manat faiz məbləği ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli son bildirişdən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23-Y-1-0- 2644-22 saylı kredit müqaviləsinə əsasən 13598,83 manat əsas, 1280,47 manat faiz borcunun, 1458.57 manat cərimə borcunun, cəmi 16337.97 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 135,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10489 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 23-Y-1-0-2644-22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 30 iyul 2024-cü il tarixə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 14.527,42 manat məbləğində müəyyən edilmişdir: - əsas borc üzrə 13.360,25 AZN - faiz borcu üzrə 1.167,17 AZN Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu xx.xx.2024-cü il tarixinə 13.360,25 AZN, faiz borcu 1.167,17 AZN təşkil edir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcun 13.360,25 AZN və faiz borcunun 1.167,17 AZN olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və Cavabdeh bankın xeyrinə müqavilə müddətinin sonuna 13.360,25 AZN əsas və 1.167,17 AZN faiz borcu tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə 100 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 135.73 AZN dövlət rüsumunun 130 manatı cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 13.360,25 manat əsas, 1.167,17 manat faiz, 100 manat cərimə, ümumilikdə 14627,42 manat borc və 130 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 96 manatı Cavabdeh, 4 manat isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 13.360,25 manat əsas, 1.167,17 manat faiz, 100 manat cərimə, ümumilikdə 14627,42 (on dörd min altı yüz iyirmi yeddi manat, qırx iki qəpik) manat borc və 130 (bir yüz otuz manat) manat ödənilmiş dövlət tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 96 (doxsan altı) manatı Cavabdeh, 4 (dörd) manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar