Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-552/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh "TBC X13 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "TBC X13 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” BOKT MMC ilə iddiaçı arasında xx.xx.2013cü il tarixdə AZBA-008528 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya 001 saylı razılaşmaya uyğun olaraq 49 000 ABŞ dolları məbləğində pul kreditə verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçının atasına məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 79 nömrəli evin 98 nömrəli mənzili xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən 54 600 ABŞ dolları ilkin satış qiyməti müəyyən edilməklə girov qoyulmuşdur. İddiaçı müqaviləni bağladıqdan sonra hər ay vaxtlı-vaxtında kredit üzrə ödənişini etsə də, sonradan Azərbaycan manatının 130% həcmində kəskin devalvasiyası nəticəsində borcunu ödəyə bilməmişdir. İddiaçı borcunu ödəyə bilmədiyi üçün “xxxx” BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan indiki dövr üçün müəyyən edilmiş kursa uyğun olaraq borcunu geri ödəməyi tələb etmişdir. 2013-cü ildə iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanarkən 49 000 ABŞ dolları 38 220 manata bərabər idi. İndiki tələb edilən məbləğ isə bütün iddiaçının ödəmələrindən sonra belə 102170 manata bərabərdir. Tərəflər arasında bağlanan müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd olunan müqavilə etibarsız sayılmalıdır. Bununla bağlı, tərəflər arasında bağlanan xx.xx.2013-cü il tarixli, AZBA-008528 saylı müqavilədə beynəlxalq müqavilə hüququnun “good faith” (bona fide lat.) prinsipini pozmuşdur. Cavabdeh kredit müqaviləsi bağlanarkən iddiaçıya devalvasiya nəticəsində borcunun 130% arta biləcəyi haqda heç bir məlumat verməmişdir. Həmçinin, devalvasiya nəticəsində zərərin yalnız iddiaçıya aid edilməsi müqavilə tərtib olunarkən bərabərlik və ədalətlilik prinsipinin pozulmasının göstəricisidir. Beləliklə, hazırda cavabdehin 38 710 manatın əvəzində iddiaçıdan 102 170 manat tələb etməsi “good faith” beynəlxalq müqavilə prinsipini pozur. Müqavilənin şərtləri iddiaçıdan asılı olmayan səbəblərdən kardinal surətdə iddiaçının xeyrinə dəyişir və nəticədə ziyan çəkən tərəf yalnız iddiaçı olur. Sözügedən xx.xx.2013-cü il tarixdə AZBA-008528 saylı kredit müqaviləsində isə pulun dəyərinin 130 % qalxacağı halda kreditin necə ödəniləcəyi barədə heç bir məlumat yoxdur. Bundan əlavə, tərəflər arasında bağlanılmış ipoteka müqaviləsində evin ilkin satış qiymətini 54 600 ABŞ dolları məbləğində müəyyən edilməsinə baxmayaraq, iddiaçının həmin məbləği mübahisələndirə bilməsi haqqında heç bir məlumatı müqaviləyə əlavə etməmişdir. İddiaçı sadə istehlakçı əmlakını girov qoyarkən əmlakının dəyərindən aşağı kreditə pul götürməklə həmin puldan faydalanmaq niyyətində olmuşdur. İndi isə kreditorun ondan gizlətdiyi şərtlərə görə, əksinə, götürdüyündən 3 dəfə artıq pul qaytarmalıdır. Beləliklə, devalvasiya olacağı təqdirdə kredit müqaviləsində iddiaçının götürdüyü 38 200 manat məbləğində kreditə görə 102 000 manat pul ödəməli olacağı və 54 600 ABŞ dollarında girov qoyulan əmlakının qiymətinin kredit verən tərəfindən mübahisələndirilə bilinəcəyi qeyd olunsaydı, əqdi təbii ki bağlamaqla razılaşmazdı. Göstərilənlərə əsasən “xxxx” BOKT MMC ilə xx.xx.2013-cü il tarixdə bağlanılmış AZBA-008528 nömrəli kredit müqaviləsi və ona əlavə olunan AZBA-008528-001 saylı saziş, həmçinin qeyd olunan müqavilənin təminat olan xx.xx.2013-cü il tarixli AZBA-008528 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "TBC X13 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AZBA-008528 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT İddiaçı illik 30% olmaqla, 120 ay müddətinə 109200 ABŞ dolları (və ya ona müvafiq manat (AZN) ekvivalenti həddində) məbləğində kredit vermişdir. İş materiallarında olan "TBC X13 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı və X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X2 ona məxsus ünvan 1 ünvanında yerləşən 98 nömrəli mənzili BOKT-a ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 54600 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-129/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 41151,28 (qırx bir min yüz əlli bir dollar, iyirmi səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 17058,72 (on yeddi min əlli səkkiz dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu, 1800 (bir min səkkiz yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 60010 (altmış min on) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı və 239,55 (iki yüz otuz doqquz manat, əlli beş qəpik) manat sığorta haqqının cavabdehlər X2, X4, X8, X5 və İddiaçı müştərək qaydada alınaraq “xxxx” BOKT MMC-yə ödənilməsi, tələbin X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 62,9 kv.m ümumi sahədən ibarət 79 nömrəli evin 98 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 62,9 kv.m ümumi sahədən ibarət 79 nömrəli evin 98 nömrəli mənzilin, ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 60010 (altmış min on) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı və 239,55 (iki yüz otuz doqquz manat, əlli beş qəpik) manat sığorta haqqının dəyərinə görə alınaraq “xxxx” BOKT MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin dəyəri olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3651/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-129/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı cavabdeh İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Hazırda iddiaçı kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən borc müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həm də bu əsasa görə təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "TBC X13 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "TBC X13 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-552/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-552/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver