Məhkəmə qərarları › İş №2(006)-554/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-554/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-554/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılır ki, Pareks Lizinq and Faktorinq» MMC ilə Cavabdeh1 arasında 04.11.2020-ci il tarixdə 01/163/20T saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 2958,33 manat 1 ədəd 2020-ci il buraxılışlı «Grand» markalı divardan asılan məişət qaz qazanının sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq hər ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 2858,33 manat, dəbbə 1071,26 manat olmaqla, cəmi 3929,59 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 310 gün müddətində gecikdirilmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh2 və Cavabdeh3 MMC 04.11.2020-ci il tarixli 01/163/20T-Z3 və 01/163/20T-Z2 saylı zaminlik müqaviləsinə əsasən nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, onlar həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Göstərilənlərə əsasən 01/163/20T saylı, 04.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 2858,33 manat, dəbbə pulu 141,67 manat, cəmi 3000 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hal-hazırda onun başqa banka da borcu var,iödəmək imkanı yoxdur. Ondan borcu bütövlükdə istəyirlər, o, isə bunu bacarmır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-nin qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş bildirişlər «qapı bağlıdır» qeydi ilə ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, İddiaçı MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 04 noyabr 2020-ci il tarixli, NAS01/163/20T saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-dən ümumi nisyə dəyəri 2958,33 manat olan 1 ədəd 2020-ci il buraxılışlı divardan asılan məişət qaz qazanı almışdır.

9. İş üzrə İddiaçı MMC ilə zamin Cavabdeh3 MMC arasında bağlanılmış 04.11.2020-ci il tarixli 01/163/20T-Z2 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 MMC İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış NAS01/163/20T saylı, 04.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyəti və borclu ilə birgə satıcı qarşısında birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür.

10. İş üzrə İddiaçı MMC ilə zamin Cavabdeh2 arasında bağlanılmış 04.11.2020-ci il tarixli 01/163/20T-Z3 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış NAS01/163/20T saylı, 04.11.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyəti və borclu ilə birgə satıcı qarşısında birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür.

11. İş üzrə «Satıcı» qismində İddiaçı MMC və «Alıcı» qismində Cavabdeh1 tərəfindən tərtib edilmiş 16.11.2020-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, NAS01/163/20T nömrəli, 04.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq satıcı təhvil verdi, Alıcı isə «Grand» markalı, 2020-ci buraxılış ili olan divardan asılan məişət qaz qazanı ləvazimatlarla birlikdə təhvil almışdır.

12. İş üzrə İddiaçı MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə 164,35 manat məbləğində ödəniş etməli idi.

13. İş üzrə İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 01.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə 04.11.2020-ci il tarixli müqavilə üzrə cəmi 2858, 33 manat əsas borc, 1071,26 manat faiz borcu vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Məhkəmə iclasında müəyyən edilmişdir ki, 04.11.2020-ci il tarixli NAS01/163/20T saylı alqı-satqı müqaviləsinə əsasən dəyəri 2958,33 manat məbləğində olan 1 ədəd 2020ci il buraxılışlı divardan asılan məişət qaz qazanı Cavabdeh1 18 ay müddətinə, hər ay 164,35 manat ödəmək şərti ilə satılmış və həmin əmlak cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri, yəni hər ay ödənilməli olan pul məbləği ödənilməmiş və nəticədə cavabdehin Cavabdeh1 2858,33 manat məbləğində əsas borc, 141,67 manat məbləğində cərimə, cəmi 3000 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 04.11.2020-ci il tarixli NAS01/163/20T saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuş və müqavilə üzrə öhdəliklərin icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyət daşımasına üzərlərinə götürmüşlər. Hazırda iddiaçı birgə cavabdehlər Cavabdeh1, Cavabdeh3ndən və Cavabdeh2 müştərək qaydada 2858,33 manat məbləğində əsas borc və 141,67 manat məbləğində dəbbə borcu, cəmi 3.000 manatın alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

17. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 18.Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

19. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3).

23. Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, həmçinin digər cavabdehlər həmin öhdəliklərin yerinə yetirilməsinə zamin durduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi 2858,33 manat əsas borcun, 141,67 manat cərimənin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehləndən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

26. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3ndən və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 04.11.2020-ci il tarixli NAS01/163/20T saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2858,33 (iki min səkkiz yüz əlli səkkiz manat, otuz üç qəpik) manat əsas borc, 141,67 (bir yüz qırx bir manat, altmış yeddi qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul tutulmalıdır.

27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3ndən və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 04.11.2020-ci il tarixli NAS01/163/20T saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2858,33 (iki min səkkiz yüz əlli səkkiz manat, otuz üç qəpik) manat əsas borc, 141,67 (bir yüz qırx bir manat, altmış yeddi qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar