Məhkəmə qərarları › İş №2(006)-5548/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5548/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5548/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Maraqlı şəxs Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı (Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi və Cavabdeh2 maraqlı şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı (Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi və Cavabdeh2 maraqlı şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu 14 saylı Notariat Kontoru tərəfindən 19.05.2020-ci il tarixli kredit müqaviləsinə dair verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təxminən 20 il olar ki, maraqlı şəxs Cavabdeh2 ilə yaxın dostluq münasibətləri olmuşdur. 2020-ci ildə qardaşının əməliyyatına pul lazım olduğu üçün ondan borca pul tapmasını xahiş etmişdir. O, da bir nəfər Novruz adlı şəxsin faizə pul verdiyini bildirmişdir. Söhbət əsnasında o, Xeyrulladan həmin şəxsdən ona 6.000 manat pul almasını xahiş etmişdir. 2020-ci ilin may ayında o, Sumqayıt şəhərində olarkən Xeyrulla onunla görüşərək Novruzla onu tanış etmişdir. Novruzda həmin görüş zamanı ona bildirmişdir ki, ona 10%-lə 6.000 manat borca pul verə bilər. Bu söhbətlərindən sonra 19 may 2020-ci il tarixdə Xeyrulla ilə Novruz onunla Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ərazisində yerləşən ofisində görüşdülər. Həmin görüş zamanı Novruz ona bildirdi ki, o, 6.000 manat pul gətirib, lakin bu pul onun deyil başqasınındır, ona görə də həmin puldan özünə 500 manat şapka götürəcək. O, Novruzun şərti ilə razılaşmışdır. Novruz bildirmişdir ki, həmin pulu ona notariusda bağlanmış borc müqaviləsinə əsasən verəcək, lakin əlavə etmişdir ki, şəxsiyyət vəsiqəsi yanında olmadığından borc müqaviləsi Cavabdeh2 ilə onun arasında bağlanacaq. Onun bu şərti ilə də razılaşmışdır. Daha sonra həmin günü onlar Nəsimi rayonu ərazisində yerləşən 14 saylı Notariat Kontoruna gələrək Xeyrulla ilə aralarında Novruzun ona vermək istədiyi 6.000 manat borc pula dair kredit müqaviləsi bağlamışlar. Müqavilə bağlandıqdan sonra isə Novruz həmin puldan özünə 500 manat şapka götürərək, ona faktiki olaraq 5.500 manat pul vermişdir. Lakin o, hər ay 6.000 manatın ondan 10 faizini alacaqdı. Qeyd etdiyi kredit müqaviləsi bağlandıqdan sonra Novruz ondan şapka adı altında aldığı 500 manatdan əlavə hər ay 600 manat olmaqla, 4 ay ərzində 2.400 manat pul almış, daha sonra isə poçt vasitəsilə 500 manat pul göndərmişdir. Lakin sonradan xəstəliyi ilə bağlı işləmədiyindən qalan pulu qaytara bilməmişdir. 2020-ci ilin noyabr ayında isə Novruz vəfat etmişdir. Beləliklə də borc aldığı 5.500 manat puldan 3.400 manat pul qaytarmışdır. Hazırda 2.100 manat borcu qalmışdır. Lakin cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoru ondan xəbərsiz icra qeydi yazaraq Bakı şəhəri Nizami rayonuna göndərməklə, icra sənədində ondan Cavabdeh2 xeyrinə 6.000 manat pul tutulmalı olduğu qeyd edilmişdir. Onu da qeyd edir ki, Xeyrulla ilə onun arasında bağlanmış kredit müqaviləsinin 9-cu bəndində göstərilmişdir ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Ona görə də hesab edir ki, hazırki kredit müqaviləsi üzrə mübahisə yalnız məhkəmə qaydasında həll oluna bilər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Maraqlı şəxs Cavabdeh2 məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə maraqlı şəxs Cavabdeh2 fikrini nəzərə alaraq, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Maraqlı şəxs Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəfindən iddiaçıya 6.000 manat məbləğində borc pul verilmişdir. Düzdü həmin puldan iddiaçı tərəfindən 500 manat qaytarılmışdır. Lakin qalan məbləğ geri ödənilməmişdir. İcra qeydinin ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna və maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontorunun və maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxs Cavabdeh2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə notariat işinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar notariat kontoruna sorğu ilə müraciət edilmiş və həmin notariat işi məhkəməyə təqdim edilmişdir. Notariat işində olan Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 19.05.2020-ci il tarixli, reyestrdə 3M-1161 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, borc verən (Cavabdeh2) tərəfindən borc alana (İddiaçı) 6.000 manat məbləğində borc verilmiş, borc alan borc məbləğini 19.08.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Notariat işində olan Mirdaməd Mirhüseyn oğlu tərəfindən notariat ofisinə ünvanlanmış 19.05.2020-ci il tarixli, **********592 saylı ərizədən görünür ki, o, 6.000 manat məbləğdə pul borc aldığını, həmin borcu müqavilədə göstərilən müddətdə qaytarmalı olduğunu, öhdəliyi yerinə yetirmədiyi halda borcu müəyyən edən sənəddə notariusun apardığı icra qeydi üzrə pul məbləğinin tutulması və əmlakın tələb edib alınması haqqında bu müqaviləni imzaladığını qeyd etmişdir. Notariat işində olan Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış 19.01.2021-ci il tarixli, **********802 saylı ərizədən görünür ki, o, Bakı şəhəri 14 saylı notariat ofisində 19.05.2020-ci il tarixdə bağlanmış, qeydiyyatı 3M-1161 nömrə ilə aparılmış kredit müqaviləsinə əsasən ondan 19.08.2020-ci il tarixədək 6.000 manat borc aldığını bildirmiş, İddiaçı borcun qaytarılmasını xahiş etmiş, əks təqdirdə bu məsələ ilə bağlı icra qeydinin çıxarılacağına dair onu xəbərdar etmişdir. (Qeyd: adıçəkilən ərizə poçt vasitəsilə 23.02.2021-ci il tarixdə iddiaçıya rəsmi olaraq çatdırılmışdır.). İş materiallarında olan "xxxx" MMC-nin qəbzindən görünür ki, İddiaçı tərəfindən 500 manat pul vəsaiti poçt vasitəsilə Cavabdeh2 göndərilmişdir. Notariat işində olan 05.07.2021-ci il tarixli, reyestrdə 8İ-11999 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən 5.500 manat və tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5.520 manat pul məbləğinin iddiaçıdan tutulması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarından, habelə notariat işindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı 19.05.2020-ci il tarixli, reyestrdə 3M-1161 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən 6.000 manat məbləğində borc verilmiş, lakin sonuncu tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, barəsində icra qeydi aparılmışdır. Hazırda iddiaçı 05.07.2021-ci il tarixli, reyestrdə 8İ-11999 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, işin faktiki hallarından görünür ki, iddiaçıya müqavilə üzrə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə ərizə göndərilmiş, qeyd edilən ərizənin iddiaçıya çatdırılmasını təsdiq edən sənəd (qəbz) notariat işinə əlavə edilmiş, habelə iddiaçının müqavilə üzrə etmiş olduğu ödəniş məbləği (500 manat) nəzərə alınmış və sonuncunun barəsində icra qeydi mövcud sənədlər əsasında aparılmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı (Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi və Cavabdeh2 maraqlı şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı (Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi və Cavabdeh2 maraqlı şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar