Məhkəmə qərarları › İş №2(006)-556/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-556/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-556/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 700 manat pulun, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 800 manat pulun və iddiasının təmin edildiyi halda, tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin hamam otağının, sanitar qovşağının, mətbəxinin su kanalizasiya sisteminin bağlama qurğularının və borularının tam yenilənməsinin təmin edilməsi, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1.242 manat pulun, iddiasının təmin edildiyi halda, tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu və 110 manat vəkil xidməti üçün ödədiyi pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinin sahibidir. Mənzil xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”-a əsasən ona məxsusdur. İki ilə yaxın müddətdir ki, onun mənzilinə bir mərtəbə yuxarıda yerləşən 100 saylı mənzildən mütəmadi olaraq su axıdılır. Nəticədə mənzilin mətbəxində kafellər və mebel, yaşayış otağının divar kağızı yararsız vəziyyətə düşmüş, işıq sistemində qısa qapanmalar yaranmışdır. Onun mənzilindən yuxarıda 100 saylı mənzildə şəxsiyyəti ona məlum olmayan vətəndaşlar yaşayır. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli akta əsasən, baş verənlərin səbəbi üst mərtəbədə yerləşən 100 saylı mənzilin mətbəxində bağlama qurğularının sıradan çıxması və hamam otağının uzun müddət istismarından sonra sistemin bütövlüyünün pozulmasıdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Bakı şəhəri Nəsimi rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilinin mətbəxində yerləşən, xx.xx.2021-ci il tarixdə 700 manata alınmış mebel, o cümlədən kafellər, yaşayış otağının divar kağızları, işıq sistemində yaranan qısa qapanmalar səbəbindən mənzilin blokda yerləşən elektrik sayğacının üzərində quraşdırılmış elektrik avtomatı yararsız vəziyyətə düşmüşdür. Korlanmış mətbəx mebeli onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Həmçinin mənzilin yararsız vəziyyətə düşmüş hissələrinin, mətbəx mebelinin və elektrik avtomatının fotoları sübut kimi iddia ərizəsnə qoşma olaraq təqdim edilir. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 700 manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində dəyəri 800 manat təşkil edən təmir-bərpa işlərinin aparılması tələb olunur. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, onun mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən mənzilə, bir mərtəbə yuxarıda, yəni, ünvan 1 ünvanında yerləşən mənzildən mütəmadi olaraq su axıdılır. Nəticədə mənzilinin mətbəxinin və hamam otağının tavanı və işıq sistemi, mətbəxin kafelləri və orada yerləşən mebel, yaşayış otağının divar kağızları yararsız vəziyyətə düşmüş, yaşayış otağında yerləşən kondisioner zədələnmiş və mənzilin işıq sistemində qısa qapanmalar yaranmışdır. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzili vətəndaş Cavabdeh məxsusdur. Hazırda həmin mənzildə şəxsiyyəti ona məlum olmayan vətəndaşlar kirayə yaşayırlar. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Bakı şəhəri Nəsimi rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktla təsdiq olunur. Bakı şəhəri Nəsimi rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli akta əsasən, baş verənlərin səbəbi, üst mərtəbədə, yəni ünvan 1 ünvanında yerləşən mənzilin mətbəxində bağlama qurğularının sıradan çıxması və hamam otağının uzun müddət istismarından sonra sistemin bütövlüyünün pozulmasıdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilinin mətbəxində yerləşən mebel zədələnmiş, o cümlədən mətbəxin və hamam otağının tavanı və işıq sistemi, kafelləri, yaşayış otağının divar kağızları yararsız vəziyyətə düşmüşdür. Bunlarla yanaşı, işıq sistemində yaranan qısa qapanmalar səbəbindən mənzilin blokda yerləşən elektrik sayğacının üzərində quraşdırılmış elektrik avtomatı sıradan çıxmışdır. Qeyd olunan səbəblərdən, yəni mətbəxin və hamam otağının işıq sisteminin və mənzilin blokda yerləşən elektrik sayğacının sıradan çıxması səbəblərindən, hazırda mənzildə yaşamaq mümkünsüz olmuşdur. Korlanmış mətbəx mebeli onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Həmçinin, mənzilin yararsız vəziyyətə düşmüş hissələrinin, mətbəx mebelinin və elektrik avtomatının fotoları sübut kimi iddia ərizəsinə qoşma olaraq təqdim edilmişdir. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində dəyəri 1.242 manat təşkil edən təmir-bərpa işlərinin aparılması tələb olunur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 77 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan göründüyü kimi, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilində yaşayan X1 ərizəsinə əsasən onun yuxarıda göstərilən mənzilində və həmin mənzilin üstündə yerləşən 100 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədə yerləşən 100 saylı mənzilin mətbəxində bağlama qurğularının sıradan çıxması, hamam otağının uzun müddət istismardan sonra sistemin bütövlüyünün pozulması səbəbindən aşağı 97 saylı mənzilə mütəmadi su axıdılır. Bunun da nəticəsində 97 saylı mənzilin mətbəxində kafellər, şkaf, yaşayış otağının divar kağızı yararsız vəziyyətə düşmüş, işıq sistemində qısaqapanmalar yaranmışdır. 77 saylı MKİS-də olan məlumata görə 100 saylı mənzil vətəndaş Cavabdeh məxsusdur. Lakin faktiki olaraq həmin 100 saylı mənzildə şəxsiyyəti onlara məlum olmayan vətəndaşlar yaşayırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/950 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzilinin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xəttləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə, eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 97 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilin tavanı və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 77 saylı MKİS-in əməkdaşları tərəfindən 97 saylı mənzilə baxış keçirilmiş və aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilin üst mərtəbəsində yerləşən 100 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə, eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının 97 saylı mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma hallarının baş vermədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.242 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinə 1.242 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 100 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin hamam otağının, sanitar qovşağının, mətbəxinin su kanalizasiya sisteminin bağlama qurğularının və borularının tam yenilənməsinin təmin edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli və Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulmalıdır. Digər tərəfdən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilmədiyinə görə iddia ərizəsi mənəvi ziyanın tutulması hissəsində təmin oluna bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1.242 manat və ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat ödənilməsi” hissəsinə dair qeyd etməyi zəruri sayır ki, iddiaçı hazırki iddia ərizəsi ilə hüquqi yardımdan istifadə etmədən də məhkəməyə müraciət edə bilərdi, yəni cavabdeh iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat ödəməyə borclu deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 1.242 manat və ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin və Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar