Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5596/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətlərin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan 30.000 (otuz min) manat əmanət və 30 (otuz) manat dövlət rüsumu, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, hal-hazırda ləğv prosesində olan Cavabdeh1 ASC ilə onun arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 12-267331-2 02.2020 nömrəli Bank əmanəti müqaviləsi və 12-267331-1/26.02 Bank hesabı müqaviləsinə əsasən onun tərəfindən banka 30.000 manat əmanət qoyulmuşdur. 2019-2020-ci il tarixlərdə o Rusiya Federasiyasında təhsil aldığı üçün və Covid-19 pandemiyaya görə əmanətini həmin vaxtlarda ala bilməmişdir. Onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu”na onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nə qoyulmuş 30.000 manat əmanətin ona qaytarılması barədə ərizə verməyinə baxmayaraq indiyədək həmin ərizəyə cavab verilməmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, iddiaçi məhkəməyə bir illik müraciət üçün nəzərdə tutulan müddətini buraxmışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 12-267331-2 02.2020 nömrəli Bank əmanəti müqaviləsi və 12-267331-1/26.02 Bank hesabı müqaviləsindən görünür ki, onun tərəfindən banka 30.000 manat əmanət qoyulmuşdur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış 26 fevral 2020-ci il tarixli 12-267331-1/26.02 saylı Bank hesabı müqaviləsinə və 12-267331-1/26.02 saylı 26 fevral 2020-ci il tarixli Bank əmanəti müqaviləsinə əsasən onun tərəfindən banka 30.000 manat əmanət qoyulmuşdur. 2019- 2020-ci il tarixlərdə o Rusiya Federasiyasında təhsil aldığı üçün və Covid-19 pandemiyaya görə əmanətini həmin vaxtlarda ala bilməmişdir. Onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu”na onun tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nə qoyulmuş 30.000 manat əmanətin ona qaytarılması barədə ərizə verməyinə baxmayaraq indiyədək həmin ərizəyə cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 12-267331-1/26.02 saylı 26 fevral 2020-ci il tarixli Bank əmanəti müqaviləsinin 1.1-ci bəndinə əsasən bank açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Əmanətciyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 26 fevral 2020-ci il tarixli Hesabdan Çıxarışdan görünür ki, İddiaçı 30000 manat məbləğində vəsait hesaba mədaxil etmişdir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Həmin Müqavilənin 9.4-cü bəndinə əsasən, Sığorta hadisəsi baş verdikdə, Fond KİV-də Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir. 9.5-ci bəndinə əsasən, Fonddan kompensasiya almaq üçün Əmanətçi yazılı ərizə ilə müraciət edir. İş materiallardan göründüyü kimi, Əmanətçi 12 iyul 2021-ci ildə müraciət Fonda müraciət edib, lakin Fonddan cavab verilməmişdir. Müqavilədən görünür ki, Ərizəni verildiyi tarixdən 90 gün müddətində Fond tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının əmanət məbləğləri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləğləri tam şəkildə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan 30.000 manat əmanət və 30 manat dövlət rüsumu, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan 30.000 (otuz min) manat əmanət və 30 (otuz) manat dövlət rüsumu, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5596/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5596/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver