Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5613/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «ötürülmüş müddətin bərpası və kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «ötürülmüş müddətin bərpası və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ötürülmüş müddətin bərpa olunması və ona kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla keçmiş əri X7 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuş və himayəsində olan övladlarının saxlanılması üçün Kərim Musayevdən hər ay aliment tutularaq onun xeyrinə ödənilir. "xxxx" ASC-də onun adına 09 fevral 2014-cü il tarixdə hesab açılmışdır. Hesabda olan pullar uşaqlara görə ataları tərəfindən ödənilən aliment pullarıdır. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən ona verilmiş çıxarışdan göründüyü kimi, hesabında 6.894 manat pul vardır. Lakin “Atabank" ASC-nin bağlanması səbəbindən hazırda hesabında olan pullardan istifadə edə bilmir. Ləğv prosesində olan "xxxx" ASC-yə və bu bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, ona qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməyi barədə rəsmi məlumat göndərilmişdir. Qeyd edir ki, o bu müddəti üzrlü səbəblərdən ötürmüşdur. Belə ki, özü tək yaşayan qadındır, himayəsində iki uşağı var, özü də müəllimədir və onlayn dərslərdə iştirak edir. Vaxt məhdudiyyəti ilə əlaqədar olaraq digər banklara yaxınlaşıb hesab açdıra bilməmişdir. Həmçinin, ləğvedici Əmanətlərin Sığortalanması Fondundan ona zəng edilərək ”Kapital Bank" ASC-də hesab açdırmaq təklif olunmuşdur. "xxxx" ASC-yə 3 dəfə müraciət etsə də, bank qarşısında olan canlı növbənin çoxluğu və dərs saatları ilə əlaqədar bu mümkün olmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında nikah 14.01.2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş “Hesabdan çıxarış” məlumatlarından görünür ki, X2 adına "xxxx" ASC-də açılmış 09.12.2014-cü il tarixli hesabda 6.894 manat pul vəsaitinin olduğu qeyd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 09.06.2021-ci il və 17.06.2021-ci il tarixli ərizələrdən görünür ki, o, "xxxx" ASC-də 09.02.2014-cü il tarixdə adına hesab açdırdığını, qeyd edilən hesabda mövcud olan pul vəsaitinin uşaqları üçün ödənilən aliment məbləğinin olduğunu, bank tərəfindən təqdim olunmuş çıxarışa əsasən hesabında 6.894 manat pul vəsaitinin olduğunu, həmin pul vəsaitindən istifadə edə bilmədiyini bildirərək, hesabında olan 6.894 manat pulun ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Eyni zamanda, yuxarıda qeyd edilən ərizələrində 27.04.2016-cı il tarixdə X6 ilə aralarında nikahın bağlandığını, nikah bağlandıqdan sonra ona “Bağırova” soyadının verildiyini və bu halın nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 30 iyun 2021-ci il tarixli, **********302 saylı ərizəyə cavab məktubundan görünür ki, İddiaçı kompensasiyanın ödənilməsinə dair müraciətinə baxıldığı, Bakı Apelyasiya Məhkəməsinin 30.04.2020-ci il tarixli, 2-3(103)-129/2020 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edildiyi və iflas proseduruna başlanıldığı, eyni qərarla Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASCnin ləğvedicisi təyin edildiyi, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul etdiyi, eyni zamanda “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyrimümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddətin əmanətçinin ərizəsinə əsasən uzadıla biləcəyi İddiaçı bildirilmişdir. İş materiallarında olan “Yaşam” Tibb Mərkəzi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 02.06.2020-ci il tarixdən 05.06.2021-ci il tarixədək hər iş günü saat 09:30-dan 17:30-dək “Yaşam” Klinikasında həkim-nevroloq qəbulunda olmuş və mütəmadi olaraq “kəskin miqren tutması, miqrenoz aura, hipertonik ensefalopatiya” diaqnozu ilə təqibdə olmuş, dəfələrlə boyun osteoxondrozu, servikalgiya diaqnozu ilə fizioterapevtik müalicələr qəbul etmişdir. Beləliklə yuxarıda sadalanan iş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı adına "xxxx" ASC-də bank hesabı açılmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Bankda adına açılmış hesaba yerləşdirmiş, sonradan "xxxx" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və "xxxx" ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildiriş ilk dəfə 01 may 2020-ci il tarixdə dərc edilməklə, əmanətçilərdən kompensasiya alınması üçün ərizələrin qəbulu 01 may 2021-ci il tarixindən etibarən dayandırılmışdır. Lakin iddiaçı üzrlü səbəbdən həmin müddəti ötürmüşdür. Hazırda iddiaçı (əmanətçi) banka yerləşdirmiş olduğu pul vəsaitinin əslində uşaqlarının saxlanılması üçün ödənilən aliment məbləği olduğunu qeyd edərək, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini və Əmanətlərin Sığortalanması Fondundan banka qoyduğu əmanət məbləğinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının banka yerləşdirmiş olduğu pul vəsaiti əmanət olmaqla yanaşı, aliment kimi verilmiş, yəni uşaqların mənafeyi üçün banka yatırılmış pul vəsaitidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı üzrlü səbəbdən, yəni sağlamlığı ilə əlaqədar vaxtında Fonda müraciət edə bilməmişdir. Belə ki, iddiaçı həmin dövrdə müalicələr almış və bu hal məhkəməyə vermiş olduğu sənədlərlə (“Yaşam” Tibb Mərkəzinin 10.08.2021-ci il tarixli arayışı ilə) təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı sağlamlığı ilə əlaqədar müddəti ötürmüş olduğundan, yəni bul hal üzrlü səbəbdən baş verdiyindən, iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla, 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə əsasən, kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X5 tərəfindən müəyyən edilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilməli, Ləğv prosesində olan "xxxx" ASC-də yerləşdirilən 6.894 manat məbləğində əmanət məbləği cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilsin. Ləğv prosesində olan "xxxx" ASC-də yerləşdirilən 6.894 manat məbləğində əmanət məbləği cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5613/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5613/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver