Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5624/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “güzəşt edilmiş kredit borcunun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “güzəşt edilmiş kredit borcunun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12.11.2014-cü il tarixdə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətindən SUMG1-10700-6187 nömrəli, 11.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 48 ay müddətinə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, 2015-ci ilin 21 fevral və 21 dekabr aylarında manatın ABŞ dolları qarşılığında məzənnəsinin ucuzlaşmasından (devalvasiyasından) sonra iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməyində çətinliklər yaranmışdır. Belə ki, birinci devalvasiyaya qədər rəsmi məzənnəsi 0,78 manata bərabər olan ABŞ dolları 34,5% bahalaşaraq 1,05 manata, ikinci devalvasiyadan sonra isə daha 47,63% bahalaşaraq 1,55 manata qalxmışdır. Üzən məzənnəyə keçidlə əlaqədar olaraq ABŞ dolları mərhələlərlə 1,70 manat səviyyəsinə qədər qalxmışdır, bu da faktiki olaraq 117% artım deməkdir. Devalvasiyaya qədər kredit öhdəlikləri iddiaçı tərəfindən heç bir gecikmə halları olmadan vaxtında yerinə yetirilmişdir. Mövcud vəziyyətlə bağlı cavabdehlə iddiaçı arasında mübahisənin məhkəmədənkənar həll edilməsinə dair 05.04.2017-ci il tarixli, 833/HO-OUT nömrəli rəsmi məktubu əsasında razılıq əldə edilmişdir. İddiaçının həmin tarixə cavabdeh qarşısında 30.628,51 ABŞ dolları məbləğində əsas borc, 3.368,67 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 34.101,18 ABŞ dolları məbləğində borcu mövcud olmuşdur. Həmin razılaşmaya əsasən, iddiaçı ilkin olaraq 16000 (on altı min) ABŞ dollarını, daha sonra 01.04.2018-ci il tarixinədək hər ay minimum 1000 (bir min) manat olmaqla, 10000 (on min) ABŞ dollarını, ümumilikdə 26000 (iyirmi altı min) ABŞ dollarını qaytarmağı öz öhdəliyinə götürmüşdür. Əlavə olaraq, 22.04.2017-ci il tarixinədək ilkin müəyyən edilmiş 16000 (on altı min) ABŞ dollarından əlavə, 1000 (bir min) ABŞ dolları ödəyəcəyi halda yerdə qalan məbləğin 8500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində müəyyən ediləcəyi razılaşdırılmışdır. Cavabdeh öz növbəsində isə kredit müqaviləsi üzrə qeyd olunan razılaşmada müəyyən edilmiş qaydada ödənişlər olduğu halda, yerdə qalan borc məbləği ilə bağlı iddiaçıya qarşı heç bir iddia tələbi irəli sürməyəcəyini, o cümlədən kredit müqaviləsinin təminatı olan mənzilin ipoteka hüququ ilə yüklülüyündən azad olunacağına dair öhdəlik götürmüşdür. Beləliklə, iddiaçı tərəfindən razılaşmanın bütün şərtləri, götürdüyü öhdəliklər vaxtlıvaxtında - 01.04.2018-ci il tarixədək tam icra edilərək cavabdehin tələb etdiyi 25500 (iyirmi min beş yüz) ABŞ dolları tam olaraq ödənilmişdir. 05.04.2017-ci il tarixli razılaşmanın iddiaçı tərəfindən tam olaraq icra olunması ilə bağlı cavabdeh iddiaçıya 09.04.2018-ci il tarixli, 665/HO-OUT nömrəli məktub təqdim etmişdir. Belə ki, məktubda həmin tarixə kredit müqaviləsi üzrə mövcud olan ümumilikdə 9.653,82 ABŞ dolları məbləğində borc tələbi ilə bağlı cavabdehin iddiaçıya qarşı hazırda heç bir iddia tələbinin olmaması və gələcəkdə də heç bir iddia tələbinin irəli sürülməyəcəyi qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı borc tələbi ilə bağlı hər hansı iddia tələbi yoxdur. Bununla belə, bu günə qədər Mərkəzi Kredit Reyestrində iddiaçının adında 9.653,82 ABŞ dolları məbləğində borc qalmaqdadır. Bu səbəbdən də iddiaçıya heç bir bank tərəfindən kredit verilmir. Təəssüflər olsun ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının adında qalan, sözügedən 9.653,82 ABŞ dolları borc məbləğinin reyestrdən silinməsi ilə bağlı hazıradək heç bir tədbir görülməmişdir. İddiaçı bu məsələ ilə bağlı 02.07.2021-ci il tarixdə Azərbaycan Kredit Bürosuna rəsmi müraciət etmişdir. Bürodan 15.07.2021-ci il tarixdə iddiaçının elektron poçt ünvanına daxil olmuş V-425/21 nömrəli məktubda məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına, yəni cavabdehə müraciət edildiyi, məlumat təchizatçısının Büroya təqdim etdiyi rəsmi məktubda sözügedən kredit öhdəliyi ilə bağlı iddiaçıya qarşı hər hansı bir iddiasının olmadığı, eyni zamanda, məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatların üzərində dəyişikliklərin aparılmasının Büronun səlahiyyətləri xaricində olması qeyd olunmuşdur. Bundan başqa, iddiaçının Büroya müraciəti ilə bağlı cavabdehdən daxil olmuş 12.07.2021-ci il tarixli, 1970/HO-OUT nömrəli məktubda 9.653,82 ABŞ dolları məbləğində kredit borcunun ondan tələb olunmayacağına baxmayaraq, MKR-də aktiv qalacağı, yəni silinməyəcəyi və bununla bağlı məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Göstərilənlərə əsasən Mərkəzi Kredit Reyestrində iddiaçının adında qeyd olunan 9.653,82 ABŞ dolları məbləğində kredit borcunun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış 11.11.2014-cü il tarixli, SUMG1-10700-6187 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 48 ay müddətinə, illik 22% ödəmək şərtilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC-nin İddiaçı ünvanladığı 12.07.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti İddiaçı 12.11.2014-cü il tarixli, SUMG1-10700-6187 saylı kredit müqaviləsi əsasında 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 09 aprel 2018-ci il tarixində "xxxx" BOKT MMC tərəfindən İddiaçı qalıq borcla bağlı heç bir iddianın olmaması və gələcəkdə də olmayacağı barədə rəsmi məktub təqdim edilmişdir. İddiaçı faktiki borcu 9653,82 ABŞ dolları məbləğində təşkil edir. Yuxarıda qeyd olunan borc İddiaçı tələb olunmayacağına baxmayaraq, MKR-da aktiv qalacaq. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında əldə olunmuş razılığıa əsasən iddiaçının cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında əldə olunmuş razılaşmaya uyğun olaraq həmin təşkilatda iddiaçının adında qalan kredit borcu – 9653,82 (doqquz min altı yüz əlli üç ABŞ dolları, səksən iki sent) ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin kredit reyestrindən silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında əldə olunmuş razılaşmaya uyğun olaraq həmin təşkilatda iddiaçının adında qalan kredit borcu – 9653,82 (doqquz min altı yüz əlli üç ABŞ dolları, səksən iki sent) ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin kredit reyestrindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5624/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5624/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver