Məhkəmə qərarları › İş №2(006)-5643/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5643/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5643/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «öhdəliyə xitam verilməsi və cavabdehin üzərinə öhdəliyin qoyulması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «öhdəliyə xitam verilməsi və cavabdehin üzərinə öhdəliyin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsində cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı hər hansı bir tələb göstərilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə olaraq isə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti hər ikisi ləğvetmə prosesinə düşərək hüquqları Əmanətlərin Sığortalanması Fonduna keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində gösərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehə qarşı tələbin olmaması iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir. Beləliklə, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «öhdəliyə xitam verilməsi və cavabdehin üzərinə öhdəliyin qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar