Məhkəmə qərarları › İş №2(006)-5673/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5673/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5673/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı «LPO bankın əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 08.06.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların əks olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı «LPO bankın əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 08.06.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların əks olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə onun arasında bağlanmış 08 iyun 2009cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların Cavabdeh2 MMC-yə verilməsi vəzifəsinin LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 iyun 2009-cu il tarixdə illik 25 faiz olmaqla 24 ay müddətinə ödəmək şərti ilə "xxxx" KB QSC ilə aralarında 4.000 manat məbləğində kredit müqaviləsi imzalanmışdır. O, borclu olaraq bank qarşısında olan öhdəliklərini hələ 2011-ci ildə tam yerinə yetirərək, banka olan borcunu tam bağlamışdır və bu haqda zamanında bankın idarə heyətinin sədri S.Krimanın imzası ilə banka borcu olmaması barədə müvafiq arayış ona təqdim edilmişdir. Lakin buna baxmayaraq, 2021-ci ilin 15 yanvar tarixində banklardan birinə kredit sifarişi ilə bağlı müraciət etdiyində ona məlum olmuşdur ki, guya yuxarıda qeyd etdiyi kredit müqaviləsi üzrə onun əsas borcu üzrə sıfır manat, faiz üzrə isə 6.230 manat, 4152 (11 il 3 ay) gecikməklə borcu qalıb. Bundan sonra o, ASAN xidmət mərkəzinə müraciət edərək, Cavabdeh2 MMC-dən bank tarixçəsi haqqında çıxarış almışdır. Məlum olmuşdur ki, qeyd etdiyi guya ki onun borclu qalması bu sənəddə öz əksini tapıb. Bu barədə, yəni borcunun olmaması barədə əməliyyat sistemində müvafiq düzəlişin edilməsini bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan xahiş və tələb etmişdir. Lakin dəfələrlə müraciətinə baxmayaraq, heç bir müsbət nəticə hasil olmamışdır. Bu baxımdan hazırkı iddia ilə məhkəməyə müraciət etməkdən başqa yol tapa bilməmişdir. Məhz bu qanunsuzluğa görə, borclu olmadığı halda kredit bürosundan çıxarışda aktiv öhdəliyinin olduğu qeyd olunur ki, bu hal onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Çünki kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edirlər. Hesab edir ki, cavabdehlər tutduqları mövqedən istifadə edərək, onun hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Eyni zamanda bildirir ki, kredit müqaviləsinin bitdiyi gündən 10 ildən artıq zaman keçsə də, bank tərəfindən ona qarşı tələb irəli sürülməmişdir. Digər tərəfdən, sıfır manat əsas borca faizin necə hesablandığı anlaşılmaz və absurddur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı X5 ilə "xxxx" KB QSC arasında 08 iyun 2009-cu il tarixdə istehlak krediti müqaviləsi bağlanmış, iddiaçı cavabdehdən 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 4.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 MMC tərəfindən verilmiş çıxarışda həmin kredit müqaviləsi üzrə iddiaçının LPO bank qarşısında aktiv öhdəliyinin olduğu, 93 qəpik əsas borc və əsas borca hesablanmış 6.230 manat 50 qəpik faizin mövcud olması göstərilmişdir. Həmçinin iş materiallarından görünür ki, keçən müddət ərzində kreditor qanunla müəyyən edilmiş müddət ərzində borc alana qarşı tələb irəli sürməmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, 10 ildən artıq müddət keçməsinə baxmayaraq LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçı X2 borcun ödənilməsi tələb edilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yanaşı iddiaçının müqavilə üzrə sonuncu ödənişinə dair sənədlərin (hesabdan çıxarışların) tələb edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi buna dair hər hansı bir sənədin mövcud olmadığını qeyd etmiş, habelə iddiaçıya qarşı kredit müqaviləsi əsasında tələb irəli sürülməsinə dair əlavə hər hansı bir sübut təqdim etməmiş, bunun edilməməsinin səbəblərinə isə tutarlı izah verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə hesab edir ki, sadalanan maddi hüquq normaları baxımından iddiaçı hazırkı iddiasında qeyd edilən kredit müqaviləsi üzrə müddət keçməsini və tələblərin qüvvəsini itirməsinə dair irəli sürdüyü dəlillər əsaslıdır. Bu səbəbdən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X5 ilə "xxxx" KB QSC arasında bağlanmış 08.06.2009-cu il tarixli kredit müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilməli, həmin müqavilədən yaranan öhdəliklərə xitam verilməli və müqavilə ləğv edilməli, X3 həmin müqavilə üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə Cavabdeh2 MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X5 ilə "xxxx" KB QSC arasında bağlanmış 08.06.2009-cu il tarixli kredit müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilsin. Həmin müqavilədən yaranan öhdəliklərə xitam verilsin və müqavilə ləğv edilsin. X3 həmin müqavilə üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılsın və bu barədə Cavabdeh2 MMC-yə məlumat göndərilməsi LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar