Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-571/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən mülki hüquq pozuntusu nəticəsində iddiaçıya vurduğu maddi ziyana görə 3.000 (üç min) manat pulun iddiaçının nəfinə tutulması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Kürdəmir rayonunda örüş sahəsindən iddiaçının həyətinə gələn bir baş ana camış qırılaraq yerə düşmüş elektrik məftilinə ilişmiş və dərhal yerindəcə ölmüşdür. İddiaçı insidentlə bağlı təcili olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə zəng vuraraq məlumat vermiş, təxirəsalınmaz hərəkətlərlə ölmüş heyvanın yarılmasını təşkil etmişdir. Belə ki, heyvan özəl aqronom və hal şahidlərinin iştirakı ilə yarılmışdır. Yarılmanın nəticəsi olaraq bir daha müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 1 baş ana camış yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. Daha sonra bu barədə ayrıca akt da tərtib olunmuşdur. Cavabdeh mülkiyyətçi "xxxx" ASC-nin səhlənkarlığı, nəzarətsizliyi və ehtiyatsızlığı ucbatından iddiaçıya bazar qiymətlərinə uyğun olaraq 2.800-3.000 manat məbləğində maddi ziyan – real zərər dəymişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib bildirdi ki, iddiaçıya ziyan vurulmasında cavabdehin təqsiri yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. xx.xx.2024-cü il tarixli 1 nömrəli yarma protokolundan görünür ki, İddiaçı məxsus 8 yaşlı, yerli cinsli, qara rəngli ana camış həmin tarixdə özəl baytar həkimi Xələfov Adəm tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir.
7. Kürdəmir rayon Xəlsə kəndində özəl baytar həkimi Xələfov Adəm, Qocalı bələdiyyə sədri Abbasov Qalib, Kürdəmir elektrik şəbəkəsinin mühəndisi Nuriyev Asif, heyvan sahibi İddiaçı, qonşular Balayev Rasim və Məmmədov Rövşənin iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə İddiaçı məxsus 1 baş camışda yarma aparılmışdır. Elektrik cərəyanı vurması nəticəsində öldüyü təsbit edilmişdir. Kürdəmir elektrik şəbəkəsinin mühəndisi Nuriyev Asif aktı imzalamaqdan imtina etmişdir.
8. Kürdəmir rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə etdiyi müraciət üzrə araşdırma aparılmış, toplanmış materialda inzibati xətanın tərkibinin olmaması məlum olmuşdur. Odur ki, aidiyyəti üzrə rayon elektrik şəbəkəsinə və ya mülki iddia qaydasında Kürdəmir rayon Məhkəməsinə müraciət etmək tövsiyə edilmişdir.
9. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qocalı kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 220 nömrəli arayışından görünür ki, Məmmədov X1 qeydiyyatda olmaqla orada yaşayır və 4 nəfər ailə üzvü vardır.
10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
11. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qocalı kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 370 nömrəli arayışından görünür ki, Xəlsə kəndində xx.xx.2024-cü il tarixdə elektrik xətti qırılıb yerə düşərək 1 baş camış heyvanının ölməsinə səbəb olmuşdur. Ölən camış Xəlsə kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı məxsusdur.
12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Heyvandarlığın təşkili və monitorinqi şöbəsi, Heyvandarlığın inkişafı və damazlıq işlərinin təşkili sektorunun baş məsləhətçisi Əbülfəz Qafarov tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, regionlar üzrə X8 Mərkəzlərindən alınan məlumatlara əsasən, heyvan bazarlarında yaşından asılı olaraq 1 baş orta köklük dərəcəsində olan doğar camışın ortalama bazar qiyməti 2.200-2.500 manat arasında dəyişir.
13. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hadisənin baş verdiyi elektrik verilişi xətləri "xxxx" ASC-nin balansındadır. Hadisə İddiaçı məxsus iribuynuzlu heyvanın nəzarətsiz qalaraq elektrik dirəklərinə zərər vurması nəticəsində baş vermişdir.
14. "xxxx" MMC-nin (Bərdə bazarı) xx.xx.2024-cü il tarixli, 80 nömrəli arayışından görünür ki, qeyd olunan xüsusiyyətlərə malik ana camışın orta bazar qiyməti 2.200-2.500 manat civarında təşkil edir.
15. İş materiallarına, həmçinin, fotoşəkillər əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" ASC-yə məxsus olan qırılmış elektrik xəttinin İddiaçı məxsus ümumi dəyəri 2.200-2.500 manat təşkil edən 8 yaşlı, yerli cinsli, qara rəngli ana camışın üzərinə düşməsi nəticəsində həmin heyvan tələf olmuşdur.
17. Heyvanı yaran baytar tərəfindən onun elektrik cərəyanı vurması səbəbindən ölməsi faktı müəyyən edilmiş və bu barədə kənd nümayəndəliyi tərəfindən akt tərtib edilmişdir.
18. İddiaçı tərəfin müraciəti əsasında rayon polis şöbəsində aparılan araşdırma zamanı inzibati xətanın tərkibinin olmaması müəyyən edildiyindən, iddiaçıya aidiyyəti üzrə rayon elektrik şəbəkəsinə və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
19. Hazırda iddiaçı ona məxsus camışın ölməsi səbəbindən dəymiş maddi ziyana görə cavabdehin məsuliyyət daşıdığını bildirərək, heyvanın dəyərini təşkil edən 3.000 manat məbləğində pulun cavabdehdən tutulmasını; cavabdeh isə bu işdə təqsirinin olmamasını, heyvanın nəzarətsiz qalıb elektrik dirəyinə zərər vurması nəticəsində özünün də tələf olduğunu mübahisələndirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
20. İddiaçı tələf olmuş heyvanın əvəzinə 3.000 manat tələb etsə də, heyvanın dəyərini təşkil edən məbləğlə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırmaları zamanı iddiaçıya dəymiş ziyanın həcmini müəyyən etmək məqsədilə bu məsələyə dair məhkəmə sorğuları ilə müvafiq olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və "xxxx" MMC-yə (Bərdə bazarına) müraciət edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Heyvandarlığın təşkili və monitorinqi şöbəsi, Heyvandarlığın inkişafı və damazlıq işlərinin təşkili sektorunun baş məsləhətçisi Əbülfəz Qafarov tərəfindən tərtib edilmiş mütəxəssis rəyində heyvan bazarlarında yaşından asılı olaraq 1 baş orta köklük dərəcəsində olan doğar camışın ortalama bazar qiymətinin 2.200-2.500 manat arasında dəyişməsi, "xxxx" MMC-nin (Bərdə bazarı) xx.xx.2024-cü il tarixli arayışında da qeyd olunan xüsusiyyətlərə malik ana camışın orta bazar qiymətinin 2.200-2.500 manat civarında təşkil etməsi qeyd olunmuşdur. c) Məhkəmənin mövqeyi:
21. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
22. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
24. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
25. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.
26. Qanunvericilikdə delikt məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delikt məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir.
27. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.
28. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.
29. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülkihüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.
30. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
31. Məhkəmə hesab edir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan elektrik enerjisi xəttinin səbəb olduğu ziyanın əvəzini ödəmək vəzifəsi həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanı yüksək olan cavabdehin üzərinə qoyulmalı, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır.
32. İddia tələbini iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, tələb qismən təmin edilməlidir.
33. Belə ki, cavabdehin sahibliyində olan yüksək təhlükə mənbəyinin iddiaçıya ziyan vurması iş materialları (yarma protokolu, akt, arayışlar və s.) ilə öz təsdiqini tapsa da, cavabdeh iddia tələbinə etirazının əsaslarını təşkil edən dəlilləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş və onun etirazında iddianın rədd edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir.
34. İddiaçı dəymiş ziyanın məbləği ilə bağlı heç bir sübut təqdim etmədiyindən və bu dəlilini yalnız orta bazar qiyməti ilə əsaslandırdığından, məhkəmə araşdırmaları zamanı iddiaçıya dəymiş ziyanın həcmini müəyyən etmək məqsədilə bu məsələyə dair məhkəmə sorğuları ilə müvafiq olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və "xxxx" MMC-yə (Bərdə bazarına) müraciət edilmiş, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehin balansında olan qırılmış elektrik xəttinin iddiaçıya məxsus heyvanın ölümünə səbəb olması nəticəsində iddiaçıya dəymiş maddi ziyanın ümumi məbləği 2.350 manat (həmin heyvanın 2.200-2.500 manat məbləğində qiymətləndirilməsi nəzərə alındıqda, orta hesabla) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.350 (iki min üç yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”: 1.2.1-ci bənd. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
40. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.350 (iki min üç yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
43. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməlidir.
Nəticə:
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.350 (iki min üç yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova