Məhkəmə qərarları › İş №2(006)-5763/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5763/2021

26.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5763/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 7.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X2 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 24.08.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şüşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini cavabdeh X1 almışdır. Həmin mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 26.08.2020-ci il tarixli çıxarışa əsasən hal hazırda mülkiyyətindədir. 24.08.2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili cavabdehlərə icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edir. Buna baxmayaraq, cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehiər alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasən yaşamasalar da, alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən 20.11.2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamışlar, formal olaraq orada qeydiyyatda qalmışlar. Hesab edir ki, cavabdehiər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Həmçinin, icarə müqaviləsinə əsasən aylıq ödənilməli olan icarə haqqını vaxlında ödəməmişlər. Cavabdehlər icarə haqqına görə cəmi 1.400 manat pıl ödəmişlər. Müxtəlif bəhanələrlə aylardı ödənilməli olan icarə haqqından boyun qaçırırlar. Haqlı narazılığını dəfələrlə bildirsə də, qarşı tərəf nə icarə huqqını ödəməyə, nə mənzili boşaltmağa, nə də qeydiyyatdan çıxmağa razılıq verir. Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 1 ilə yaxın müddət ərzində xüsusi mülkiyyətindən istfadə edə bilmir, bunun nəticəsində ona 10 ay, aylıq 700 manat hesablamaq şərti ilə 7.000 manat maddi ziyan dəymişdir. Mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi tələbinə gəldikdə bildirir ki, cavabdehlər könüllü şəkildə bu tələbləri həyata keçirmir. Müxtəlif bəhanələr gətirir, süni şəkildə prosesin uzadılmasına nail olmağa çalışır. Belə olan halda, 2020-ci ilin avqust ayında aldığı mənzilə dair bu günədək mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirə bilmir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında iddianı izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdeh S.Yusubovanın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 51 saylı notariat kontorunda 24.08.2020-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, X4 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26.08.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 24.08.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı alğı-satqı müqaviləsinə əsasən aldığı mənzili cavabdeh S.Yusubovaya 1 il müddətinə icarəyə vermişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdehlər iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdeh X4 arasında 24.08.2020-ci il tarixdə göstərilən mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin eyni tərəflər arasında bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən, həmçinin icarə müqaviləsinin müddəti başa çatdığından cavabdeh digər ailə üzvü ilə həmin mənzili tərk etməli, həmçinin qeydiyyatdan çıxmalı olmasına baxmayaraq, faktiki olaraq həmin ünvanda yaşayırlar, daşınar əmlaklarını həmin mənzildən çıxarmamışlar və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaqla, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdıqlarından, cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzildən çıxarılmalı, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələr aradan qaldırılmalı və mənzil boşaldılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər X4 və Cavabdeh2 həmin mənzildən çıxarılsınlar. İddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələr aradan qaldırılsın və mənzil boşaldılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar