Məhkəmə qərarları › İş №2(006)-5770/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5770/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5770/2020 28.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 531,05 manat əsas, 10,29 manat faiz, cəmi 541,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor «xxxx» KB ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 27% ödəmək şərtilə 600 AZN məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəh., 14 saylı Notariat Kontoruna xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci tarixli cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar vərəsə BAKİ ŞƏH., C.Məmmədquluzadə küç., ev 175-də qeydiyyatda olan Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan X1 hüquqi varisi kimi cavabdeh-vərəsə Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxx» KB ASCyə 531,05 AZN əsas, 10,29 AZN faiz, cəmi 541,34 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı Notariat Kontorunun borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olub._ Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 531,05 manat əsas, 10,29 manat faiz, cəmi 541,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə düz bağırsaq xərçəngindən ölmüşdür. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən “xxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X1 vərəsəsi Bakı şəh, C.Məmmədquluzadə küç, ev 175-də qeydiyyatda olan Cavabdehdur və onun adına xx.xx.2016-ci il tarixdə, 2V-82 reyestr nömrəsi ilə qeydiyyata alınaraq tərəflərindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinin xx xxx 2016-cı il tarixli 14/2006 nömrəli məktubuna əsasən 124.80 (bir yüz iyirmi dörd manat, 80 qəpik) manat alınmamış pensiya pulundan ibarət olmuşdur. “xxxx” KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6469tkADJ/14 saylı güzəştli kredit xətti və bank hesabı müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə, illik 27% ödəməklə, 600 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi və ona bank hesabı açmağı, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC-nin X2 ünvanladığı xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, X4 borcunun olması barədə xəbərdar edilmişdir. “xxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X4 ilə “xxxx” KB ASC arasında bağlanmış 6469tkADJ/14 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə onun “xxxx” KB ASC-yə 531,05 manat əsas, 10,29 manat faiz, cəmi 541,34 manat məbləğində borcu vardır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxx” KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6469tkADJ/14 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 600 manat məbləğində krediti verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə kredit verilsə də, cavabdeh isə ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixə onun “xxxx” KB ASC-yə əsas borc üzrə 531,05 manat, faiz borcu üzrə 10,29 manat, cəmi 541,34 manat borcu yaranmışdır. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişir. X4 xx.xx.2016-cı il tarixdə öldüyündən bank hazırkı iddia ilə haqlı olaraq onun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 531,05 manat, faiz borcu üzrə 10,29 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 744,05 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 531,05 manat, faiz borcu üzrə 10,29 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 571,34 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar