Məhkəmə qərarları › İş №2(006)-5803/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5803/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5803/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 604 ABŞ dolları 21 sent əsas borc, 404 ABŞ dolları 47 sent faiz, 684 ABŞ dolları 95 sent cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 87 ABŞ dolları 04 sent faizin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada tutularaq LPO İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi ƏSF iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC-nin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2015-ci il tarixli 70023732 saylı kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 24 ay müddətinə illik 21,5 % dərəcəsi ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin2 və Zamin1 ilə bank arasında 04 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 03 mart 2016-cı il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 3.413 ABŞ dolları 83 sent təşkil edir. Kreditin müddəti 03.07.2018-ci il tarixədək uzadılır və bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. 03.03.2016-cı il tarixli əlavə sazişə əsasən Zamin2 və Zamin1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********979 saylı 24.06.2021-ci il tarixli, **********845 saylı 22.06.2021-ci il tarixli və **********817 saylı 22.06.2021-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. Cavabdeh 25.06.2021-ci il tarixə kredit üzrə cəmi borcu 1.780 ABŞ dolları 67 sent təşkil edir. Bundan 604 ABŞ dolları 21 sent əsas borc, 404 ABŞ dolları 47 sent faiz, 684 ABŞ dolları 95 sent cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 87 ABŞ dolları 04 sent faiz təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, əsas borcu ödəməyə razıdır. Məhkəmədən iddianın qismən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Zamin1 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Cavabdeh 04.08.2015-ci il tarixdə imzalanan müqaviləyə əsasən 24 ay müddətinə 4.000 ABŞ dolları miqdarında kredit öhdəliyi götürmüşdür. Sözügedən öhdəliyin icrasının təminat üsulu qismində bankla onun arasında zaminlik müqaviləsi imzalanmışdır. 03.03.2016-cı il tarixdə bağlanan əlavə sazişə əsasən öhdəliyin icra müddəti 03.07.2018-ci il tarixədək uzadılmışdır. Bank sözügedən iddia tələbi üzrə məhkəməyə 04.08.2021-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, bank qanunla nəzərdə tutulan zaminə qarşı iddia irəli sürmək müddətini ötürmüşdür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 03.07.2018-ci il tarixdə kredit münasibətlərindən irəli gələn öhdəliyin icra müddəti bitir. Yuxarıda qeyd edilən qanunun imperativ tələbinə əsasən kreditor zaminə qarşı bu müddətin bitdiyi tarixdən 1 il ərzində iddia irəli sürə bilər, iddia irəli sürmədiyi halda zaminlik münasibətlərinə xitam verilir. Bu səbəbdən, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi üzrə zaminlik münasibətlərinə xitam verilməsi və iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə cavabdeh Zamin1 iştirakı olmadan mahiyyəti üzrə baxımasını mümkün hesab etmişdir. Cavabdeh Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Zamin2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı1 ASC-nin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2015-ci il tarixli 70023732 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə gündəlik tələbat məqsədi ilə 24 ay müddətinə illik 21,5 % dərəcəsi ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 03 mart 2016-cı il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 3.413 ABŞ dolları 83 sent təşkil edir, kreditin müddəti 03.07.2018-ci il tarixədək uzadılır və bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. 30.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25.06.2021-ci il tarixə Cavabdeh qıznın İddiaçı1 ASC-yə 604 ABŞ dolları 21 sent əsas borc, 404 ABŞ dolları 47 sent faiz, 684 ABŞ dolları 95 sent cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 87 ABŞ dolları 04 sent faiz olmaqla, cəmi 1.780 ABŞ dolları 67 sent ümumi borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 04.08.2015-ci il tarixli zaminlik müqavilələrindən və həmin müqavilələrə 03 mart 2016-cı il tarixli əlavə sazişlərdən görünür ki, Zamin2 və Zamin1 kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı1 ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı1 ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı1 ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 604 ABŞ dolları 21 sent əsas borc, 404 ABŞ dolları 47 sent faiz, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 87 ABŞ dolları 04 sent faiz ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı tələb üzrə öhdəliyin icra müddəti 03.07.2018-ci il tarixdə bitdiyindən və iddiaçı tərəfindən qeyd olunan müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən, Zamin1 bankın xeyrinə hər hansı məbləğin tutulması mümkün deyil. Bundan başqa, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəmi 1145 ABŞ dolları 72 sent - bundan 604 ABŞ dolları 21 sent əsas borc, 404 ABŞ dolları 47 sent faiz, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 87 ABŞ dolları 04 sent faiz ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar