Məhkəmə qərarları › İş №2(006)-5816/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5816/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5816/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 23 saylı notariat kontorunda bağlanmış 17 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 282 manat, hüquqi xidmətə görə ödədiyi 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh işi ilə əlaqədar pula ehtiyacı olduğunu ona bildirərək, 17.000 manat məbləğində borc istəmişdir. O da, sonuncu ilə razılaşaraq, həmin məbləğdə pulu borc verəcəyini bildirmişdir. Bununla bağlı, aralarında Bakı şəhəri 23 saylı notariat kontorunda 17.04.2021-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 17.06.2021-ci il tarixə kimi ondan faizsiz olaraq 17.000 manat məbləğində pulu borc almışdır. Həmin müqaviləyə əsasən Cavabdeh borc götürdüyü pulu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə tam qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borc müqaviləsi üzrə borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Bundan başqa, cavabdeh ondan aldığı 17.000 manat məbləğində pulu həmin vaxt ona qaytarsa idi, həmin pulu banklardan birinə depozitə qoyub Respublika Mərkəzi Bankının Reyestr Xidmətinin həmin il üçün, yəni 2021-ci il üçün müəyyən etdiyi məbləğdə əlavə fayda formasında faiz pul götürə bilərdi. Banklara qoyulan depozitlərə Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri hər ilə görə müəyyən edir. Odur ki, cavabdehin əldən çıxmış fayda formasında ona vurduğu zərərin həcmi X1 Xidmətinin 2021-ci il üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğun hesablanmalıdır. Belə ki, 2021-ci ilin iyun ayından cavabdeh tərəfindən onun pulunun gecikdirilməsi iki ay təşkil edir. 2021-ci ilin iyul-avqust ayları üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 10 %-lə müəyyən edilmişdir. Beləliklə də, 17.000 manat x 10 % = 1700 : 12 ay = 141 x 2 ay = 282 manat təşkil edir. Həmçinin, cavabdehin təqsiri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı vəkilə müraciət etmişdir. 18 saylı Vəkil Bürosu ilə müqavilə bağlayaraq, hüquqi xitdmətə görə 100 manat pul ödəmişdir. Bu məbləğ də, cavabdehin ona vurduğu zərər olduğundan, həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Hal-hazırda cavabdeh kredit müqaviləsindən də görünür ki, ünvan 1 ünvanda qeydiyyatdadır. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17 aprel 2021-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh 17 iyun 2021-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı faizsiz olaraq 17.000 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı 17.000 manat məbləğində borc almış, borcu iki ay ərzində qaytarmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişi vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini icra etməmişdir. 282 manat əldən çıxmış faydanın ödənilməsi ilə bağlı məhkəmə bildiririr ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bununla bağlı qeyd olunmalıdır kİ, müqavilədə borca görə faizlərin ödənilməsi nəzərdə tutulmamışdır, eyni zamanda iddiaçı tərəfindən hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Pretenziya qaydasında məktubdan görünür ki, iddiaçı cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən 100 manat xidmət haqqı ödənilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17.000 manat məbləğində borc, hüquqi xidmətə görə ödənilmiş 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia 282 manat əldən çıxmış fayda hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.000 manat məbləğində borc, hüquqi xidmətə görə ödənilmiş 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar