Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5843/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO Cavabdeh1 ASC-dən 14.10.2009-cu il tarixdə guya 150.000 ABŞ dolları məbləğində kredit götürməsi və guya həmin kredit müqaviləsinə əsasən 1500 ABŞ dolları əsas, 10.941,53 ABŞ dolları faiz borcunun olması müəyyən edilmişdir. İddiaçı həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş, LPO Cavabdeh1 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Fondun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-967/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Fondun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-967/2020 saylı, 10.01.2020ci il tarixli qətnaməsindən verdiyin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunan qətnamələri əsas gətirərək Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə adının borclu siyahısından çıxarılmasını və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsini xahiş etmişdir. Oradan iddiaçıya bildirmişlər ki, məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçının adının 14.10.2009-cu il tarixli kredit müqaviləsi üzrə Mərkəzləşdirilməsi Kredit reyestri üzrə borcular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılması barədə teleqramını nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının adına hal-hazırda onların sistemində aktiv borc görünür. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-967/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, bank ilə onun arasında bağlanmış 14.10.2009-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilərək müqaviləyə xitam verilməsi və həmin müqavilə üzrə yaranmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, borc alanların kredit reyestrindən aldığı çıxarışa əsasən iddiaçıya məlum olmuşdur ki, guya o, 14.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan 150.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilə üzrə borcu guya əsas məbləğdən 1.500 ABŞ dolları, faiz məbləğdən isə 10.941,53 ABŞ dolları təşkil edir. Həmin müqavilədən və borc məbləğindən iddiaçının xəbəri yoxdur. Həmin müqavilənin bağlanmasında saxtakarlıqlar olmuşdur. İddiaçının adında borcun qalması iddiaçının hüquqlarını pozur. Belə ki, həmin qeydi görən kredit təşkilatları iddiaçıya kredit verməkdən imtina edirlər. İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 14.10.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 1.500 ABŞ dolları əsas borcu, 10.749,03 ABŞ dolları faiz borcu, cəmi 15.098,88 ABŞ dolları borcu, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı iddia onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qətnaməsi ilə bankın müflis elan edilməsi və banka ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.09.2016-cı il tarixli qərardadı ilə bankın ləğvedicisi dəyişdirilərək, bankın ləğvetmə prosesi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Bundan sonra, Fond bankın sənədlərini qəbul edərək onların əsasında bir neçə ödənilməmiş qalan kredit borclarını aşkar etmişdir. O cümlədən müəyyən edilmişdir ki, bank ilə iddiaçı arasında bağlanmış 14.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 12 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla, 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı qeyd olunan «Kredit müqaviləsi» üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, banka olan borcunu qaytarmamışdır. İddiaçının 10.01.2019-cu il tarixinə banka 1.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 10.749,03 ABŞ dolları məbləğində faiz borcu mövcuddur. Daha sonra İddiaçı qarşılıqlı iddiaya iddia müddətinin tətbiqi barədə ərizə vermiş və ərizədə göstərmişdir ki, iddiaçı ilə bank qarşısında kredit müqaviləsi bağlanmamış, onun banka borcu yoxdur. Hər bir halda qarşılıqlı iddia təmin edilə bilməz, çınki müqavilənin bağlanma tarixi kimi “14.10.2009-cu il”, müqavilənin qüvvədə olma müddəti isə “12 ay” göstərilir. Belə olan halda hesab edilməlidir ki, müqavilənin müddəti 14.10.2010-cu il tarixdə bitmişdir. Lakin, həmin vaxtdan 9 il keçməsinə baxmayaraq nə bank, nə də ki Fond müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Bununla da iddia müddətini ötürülmüş hesab edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2(009)-513/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair ilkin iddia ərizəsinin və qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.01.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan, yəni qarşılışlı iddianın həll edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4635/2020 saylı, 20.10.2020-ci il tarixli qərarına əsasən ilkin iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-967/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 15.04.2021-ci il tarixli məktubunun kserosurətindən görünür ki, qeyd etdiyi məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına (bank, BOKT və s.) müraciət edilmişdir. Məlumat təchizatçısının Büroya təqdim etdiyi rəsmi məktubna əsasən, müraciətdə qeyd olunmuş öhdəlik üzrə hər hansı bir yanlışlıq yoxdur. Nəzərinə çatdırırlar ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. İddiaçı kredit hesabatının məlumatlarında yanlışlıq olduğunu iddia etdiyi halda təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilər. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə tərəflər arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2(009)- 513/2019 saylı qətnaməsindən görünür ki, tərəflər arasında 14.10.2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilə etibarsız deyil, müqavilənin müddəti 14.10.2010-cu il tarixdə bitmiş və müqavilə tələbləri üzrə iddia müddəti 3 il olmasına baxmayaraq, iddiaçı və bank tərəfindən məhkəməyə 15.01.2019-cu il tarixdə müraciət edilmişdir. Beləliklə, ilkin iddia əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia tələbi iddia müddəti üzrsüz səbəbdən ötürülüyündən rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilərək müqaviləyə xitam verilməsi və borcun silinməsi, həmçinin bankın qarşılıqlı iddia tələbi üzrə kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia tələbində iddiaçı məhkəmə proseslərində iştirak etmədiyindən məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklifini irəli sürmək imkanı mövcud olmamışdır. Belə ki, iddiaçının hazırki tələbləri banka qarşı yönələn tələb deyil “Kredit Bürosu “MMC-yə qarşı yönələn tələb olmalı idi. İddiaçının xahişindən də göründüyü kimi iddiaçı bütün tələblərini Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatlardan silinməsi xahiş edilmişdir. Bu halda ilk öncə iddiaçı borcunun olmamasını məhkəmədə sübut etməli və o məlumatın Kredit Bürosuna göndərilməsi ( göndərilmədiyi təqdirdə) barədə öhdəliyin müvafiq bankın üzərinə qoyulmasını tələb etməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Məhkəmə həmçinin qeyd edir ki, subyektiv cavabdeh düzgün qoyulsaydı belə aşağıdakı əsaslara görə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarındakı hüquqi mövqəyə görə Konsitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun məlum qərarındada göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb olunması ilə bağlı məhkəməyə müraciət olunsada bunu cavabdeh bank qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində həyata keçirməmişdir. Bu halın özü iddiaçıya yaranmış borcun ödənilməməsinə zəmin yarada bilməz. Nə qədər ki, iddiaçı ilə bank arasında öhdəlik münasibətləri davam etdiyindən, mövcud öhdəliyə qanun üzrə və ya məhkəmənin qanuni qüvvəsini almış aktı ilə xitam verilmədiyindən iddiaçının iddiası subyektiv cavabdeh kimi "xxxx" MMC-ni qoyasaydıda belə iddia bu əsaslada təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5843/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5843/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver