Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5921/2025 24.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik naqilinin sınıb inəyi öldürməsi nəticəsində iddiaçıya dəyən 2500 manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdeh Tovuz Elektrik şəbəkəsindən və "xxxx" ASC-dən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 oktyabr 2024-cü il tarixdə saat 17-18 radələrində Tovuz rayonu Hacılar kəndində Battaxlı deyilən ərazidə elektrik naqili qırılmışdır. Həmin vaxt iddiaçıya məxsus inəyi həmin ərazidə olub və elektrik naqili inəyin üstünü düşmüşdür. Nəticədə inək ölmüşdür. Hadisə ilə əlaqədar Azərişığın qaynar xəttinə zəng edib bildirmişdir. Bu barədə yazılı məlumatı X6 məlumat vermişdir. Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən inəyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Elektrik naqilinin sınması nəticəsində ölmüş inəyi video lentə alınmış və fotoşəkilləri çəkilmişdir. Tərtib olunan aktda inəyin elektrik naqilinin onun üstünə düşməsi nəticəsində ölməsi faktı təsdiq olunmuşdur. Aktı Elektrik şəbəkəsinin əməkdaşları, baytarlıq şöbəsinin ərazi idarəsi üzrə nümayəndəsi və kənd sakinləri təsdiq ediblər. İddiaçı cavabdeh olan X6 müraciət etdikdə iddiaçıya bildirmişlər ki, vurulmuş ziyan ödəniləcək. İddiaçıya vəd verilsə də, sonradan bildirmişlər ki, məhkəmə qərarından sonra vurulmuş ziyan ödənilə bilər. Hesab edir ki, elektrik naqilinin sınıb inəyinin üstünə düşüb öldürməsi nəticəsində iddiaçıya 2500 manat maddi ziyan dəymişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin xahiş edirəm hissəsində X4 qeyd edilməsini texniki yanlışlıq olaraq və tələbinin yalnız "xxxx" ASC-yə qarşı yönəlməsinin nəzərə alınmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, dəymiş zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etsə də, zərərin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən hazırda "xxxx" ASC-dən ona dəymiş ziyanın əvəzini tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, etirazında qeyd etmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsinə yalnız fotoşəkil və akt hesab etdiyi əlyazmanı əlavə etməklə kifayətlənmişdir ki, bununla da, qeyd olunan maddi ziyanın "Azərişıq” ASC tərəfindən vurulması sübuta yetirilmir. Həmçinin, mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıbaparılmaması, heyvanların yarılması və laboratoriyada araşdırılması üçün daxili orqanlarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi halları təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin iddiaçı ona dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh "xxxx" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını əsaslandıra bilməmiş, istinad etdiyi halları sübut etməmişdir. Eyni zamanda iddiaçının qeyd etdiyi kimi, ona məxsus inəyin elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində tələf olması və elektrik xəttinə elektrik əməkdaşları tərəfindən vaxtı-vaxtında nəzarət olunmaması halları ilə də razılaşmır və qeyd edir ki, elektrik xətlərinin qırılması hər hansı fors-major hallar və s. baş verməsi əvvəlcədən ehtimal edilməyən təbii fəlakətlər nəticəsində də baş verə bilər. Bu səbəbdən bütün elektrik xətlərinin mühafizəsi zonası müəyyən edilmişdir. İş materialları: 14 oktyabr 2024-cü il tarixdə Tovuz rayonu Çatax kənd ərazi vahidliyi Hacılar kəndində özəl baytar həkim X10, ərazi üzrə xidmət göstərən baytar həkim X2, baytar köməkçisi X7 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, 14 oktyabr 20024-cü il tarixdə saat 17:00 radələrində İddiaçı məxsus olan bir baş iri buynuzlu, rəngi qonur, yaşı 6, köklük dərəcəsi orta olan diri çəkisi təxmini 250 kiloqram olan bir baş ölmüş heyvanda müayinə aparmışlar. Ölüm hazırda kənd ərazisinin Battaqlı deyilən ərazisində baş vermişdir. Heyvan həmin ərazidə otlaqda olarkən həmin ərazidən keçən elektrik naqilinin sınıb düşməsi nəticəsində baş vermişdir. Qırılmış naqil heyvanın üzərinə düşərək ölüm hadisəsi baş vermişdir. Ölmüş heyvanın üzərində elektrik naqilinin sınıb yerə düşmüş məftilləri aşkar edilmişdir. Heyvanın bədəninin üzərində kömürləşmiş yanıqlar, eroziyalar, ətraflarında deşilmiş yaralar aşkar edilmişdir. Həmin proseslər elektrik vurması nəticəsində baş vermişdir. Ölən heyvanın foto şəkilləri çəkilərək akta əlavə edilmişdir. Ölüm səbəbi olaraq elektrik cərəyanının vurması qeyd edilmişdir. Fərdi baytarlıq praktikasını həyata keçirən X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Çatax kənd ərazi vahidliyinin Hacılar kənd sakini İddiaçı məxsus olan bir baş heyvanın (inək) elektrik naqilinin sınıb üzərinə düşməsi nəticəsində ölmüş heyvanın (inək) vətəndaşa vurduğu maddi zərər ət qiyməti ilə həmin dövr üçün 1950 (bir min doqquz yüz əlli) manat, damazlıq üçün bazar qiyməti 2400-2600 (iki min dörd yüz-iki min altı yüz) manat təşkil edir. Tovuz rayonu X5 kənd sakini İddiaçı "xxxx" ASC X6 ünvanlanmış xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi xx.xx.2025-ci il tarixdə həmin şəbəkə tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 45 manat rüsum ödəmişdir. (məhkəmə rüsumun Tovuz Rayon Məhkəməsinə aid edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı daha əvvəlki hazırki iddia tələbi ilə həmin rayon məhkəməsinə müraciət etsə də, ərizə baxılmamış saxlanılmışdır. Odur ki, iddia üzrə dövlət rüsumu ödənilmiş qəbul edilməlidir.) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, 14 oktyabr 2024-cü il tarixdə Tovuz rayonu Hacılar kəndində Battaxlı deyilən ərazidən keçən elektrik naqili qırılaraq həmin ərazidə İddiaçı məxsus otlayan 1 baş inəyin üzərinə düşmüş, nəticədə həmin heyvan tələf olmuşdur. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən elektrik xəttinin cavabdehin balansında olması işin mübahisə edilməyən halıdır. Həmin elektrik xəttinin saz vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh daşıyır. Ümumiyyətlə mülki hüquq nəzəriyyəsinə görə, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın təmin edilərək, iddiaçıya dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlir. Bu səbəbdən, elektrik xəttinin nasaz, qəza vəziyyətində olması səbəbindən iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə hüquqi qiymət verən məhkəmə qeyd edir ki, İddiaçı məxsus 1 baş inəyin dəyəri təqdim edilmiş arayışa görə 2400 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb İddiaçı vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 2400 manat olduğunu hesab edir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi dəlillərlə bağlı bildirir ki, iddiaçı öz dəlillərini həmin an ərazidə xidmət göstərən baytarın təqdim etdiyi aktla əsaslandırmışdır. Cavabdehin irəli sürdüyü kimi şəxsin heyvanın ölümü ilə əlaqədar yarma protokolunu təqdim etməməsinə dair dəlilləri əsassızdır, belə ki, iddiaçı ərazi üzrə baytarlıq fəaliyyətini həyata keçirən baytar tərəfindən tərtib edilmiş və müvafiq halların təsbit edildiyi aktı təqdim etmişdir, həmin aktın mötəbərliyi hər hansı şübhə doğurmur, odur ki, iddiaçının üzərinə başqa sübutların təqdim edilməsi öhdəliyi ifrat formallıq olaraq qiymətləndirilir. Hazırki halda aiddiyəti şəxslər tərəfindən tərtib edilən akt iddiaçının tələbinə hüquqi qiymət verilməsi üçün kifayətdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş 2400 manat maddi ziyan cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Tələb etməməsi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 2400 (iki min dörd yüz) manat cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Tələb edilməməsi nəzərə alınaraq çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5921/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5921/2025
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver