Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5945/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.214 manat 31 qəpik əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.02.2013-cü il tarixə 33.728 manat 48 qəpik faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 9.019 manat 38 qəpik faiz, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 17.567 manat 88 qəpik cərimə olmaqla, cəmi 82.530 manat 38 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06.02.2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 30 % ödəmək şərti ilə 40.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.7-ci bəndinə görə borc alan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 06.02.2012-ci il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də, müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 MMC ilə 06.02.2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcu - 22.214 manat 31 qəpik əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.02.2013-cü il tarixə 33.728 manat 48 qəpik faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 9.019 manat 38 qəpik faiz, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 17.567 manat 88 qəpik cərimə olmaqla, cəmi 82.530 manat 38 qəpik təşkil edir. LPO İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin direktoru X5 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia Cavabdeh2 MMC-yə aid olan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı LPO İddiaçı ASC zamin Cavabdeh2 MMC-yə qarşı əsassız iddia irəli sürmüşdür. Belə ki, bank – iddiaçı LPO İddiaçı ASC borcalan – Cavabdeh1 arasında bağlanmış 06.02.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə kredit bir il müddətinə verilmişdir. Borcalana bir il müddətinə ödəniş cədvəli təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən müqavilə vəsaitin bankın hesabından silinməsi günündən qüvvəyə minir və müddəti kredit və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsindən sonra bitmiş hesab olunur. Bank – iddiaçı LPO İddiaçı ASC zamin – Cavabdeh2 MMC ilə bağlanmış 06.02.2012-ci il tarixli zaminlik müqaviləsinin 3.1ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir, tərəflərin hər biri bütün öhdəliklərini yerinə yetirdikdən sonra müqavilə ləğv edilə bilər. Müqavilənin şərtləri ilə müəyyən olunur ki, Cavabdeh2 MMC ilə bağlanmış 06.02.2012-ci il tarixli zaminlik müqaviləsi müddətsiz və baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı olaraq şərtlə bağlanmışdır. Mülki Məcəllənin 328.1, 328.2, 328.3, 477.0.4-cü maddələrinə; Mülki Məcəllənin 470.1, 470.2, 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.09.2012-ci il tarixli Qərarına istinad edən cavabdeh qeyd etmişdir ki, müqavilə əsas öhdəliyin icrası müddəti göstərilməmiş və tələbetmə məqamı ilə müəyyənləşdirilmişdir. Belə olan təqdirdə iddiaçı LPO İddiaçı ASCnin zamin Cavabdeh2 MMC-yə zaminlik müqaviləsi bağlandığı gündən 2 il ərzində, yəni 06.02.2014-cü il tarixədək iddia irəli sürmək hüququna malik olmuşdur. İddiaçı LPO İddiaçı ASC zamin Cavabdeh2 MMC-yə 2 il ərzində iddia irəli sürməmiş, yalnız 7 ildən sonra, 2021-ci ildə iddia irəli sürmüşdür. Belə olan təqdirdə, Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə zaminliyə xitam verilməlidir. Bundan başqa, iddiaçı LPO İddiaçı ASC zamin Cavabdeh2 MMC-yə hər hansı xəbərdarlıq və ya pretenziya göndərməmişdir. İddiaçı LPO İddiaçı ASC hazırkı mübahisəni danışıqlar yolu ilə həll etməyə cəhd göstərməmiş, mübahisə ilə bağlı onlara hər hansı xəbərdarlıq və ya pretenziya göndərməmişdir. Halbuki tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 3.7-ci bəndinə əsasən tərəflərin arasında baş verə bilən mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunur, tərəflərin qarşılıqlı razılığa gələ bilmədiyi məsələlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada aidiyyəti məhkəmələrdə həll edilir. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 26.04.2017-ci il tarixli 07 saylı aktından görünür ki, Cavabdeh2 MMC X2 ünvan 1 ünvanda yaşamadığından geri qaytarılmalıdır. İddiaçının təqdim etdiyi Cavabdeh2 MMC-nin dövlət reyestrindən çıxarışdan, habelə İnternet Vergi İdarəsinin səhifəsindən çıxarışdan görünür ki, Cavabdeh2 MMC-nin təsisçiliyində və ya rəhbərliyində X2 adlı şəxs yoxdur. İddiaçının təqdim etdiyi həmin sənədlərdə Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 2a iddiaçı Cavabdeh2 MMC-yə aid olan xəbərdarlığı qəsdən və ya səhvən tamamilə başqa şəxsə və ya başqa ünvana göndərmişdir. Bununla da, iddiaçı müqavilənin və qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən, iddianın Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ASC-nin (ləğv prosesində) 2012-ci ildə bağlanmış müqavilə üzrə kredit borcunu 2 dəfədən çox artıraraq 9 (doqquz) ildən sonra borc tələb etmişdir. Hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddəti keçmiş iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 373.3-cü maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarına əsasən, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin qərara əsasən, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Beləliklə qanunvericiliyin tələblərində müəyyən olunur ki, müqavilə üzrə və ya vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olduğu təqdirdə iddiaçı 9 ildən sonra iddia tələbi irəli sürmüşdür. Nəticədə iddiaçı nəyinki iddia müddətini ötürmüş o, hüquqlarından suiistifadə edərək 9 il ərzində əlavə faizlər hesablayaraq əsassız varlanmaq niyyətinə düşmüşdür. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələblərinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 fevral 2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ticarət obyektinin təmiri məqsədi ilə 12 ay müddətinə illik 30 % dərəcəsi ilə 40.000 manat məbləğində kredit verilmişdir. 11.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.02.2021-ci il tarixə Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-yə 22.214 manat 31 qəpik əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.02.2013-cü il tarixə 33.728 manat 48 qəpik faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 9.019 manat 38 qəpik faiz, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 17.567 manat 88 qəpik cərimə olmaqla, cəmi 82.530 manat 38 qəpik ümumi borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 06.02.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 MMC kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22.214 manat 31 qəpik əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.02.2013-cü il tarixə 33.728 manat 48 qəpik faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 9.019 manat 38 qəpik faiz, 1000 manat cərimə olmaqla, cəmi 65.962 manat 17 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı tələb üzrə öhdəliyin icra müddəti bitdiyindən və iddiaçı tərəfindən qeyd olunan müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən, Cavabdeh2 MMC-dən bankın xeyrinə hər hansı məbləğin tutulması mümkün deyil. Bundan başqa, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 1000 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22.214 manat 31 qəpik əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.02.2013-cü il tarixə 33.728 manat 48 qəpik faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 9.019 manat 38 qəpik faiz, 1000 manat cərimə olmaqla, cəmi 65.962 manat 17 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5945/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5945/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver