Məhkəmə qərarları › İş №2(006)-595/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-595/2025

07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-595/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin İnam filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bank tərəfindən banka ödədiyi 236 (iki yüz otuz altı) manat artıq pul vəsaitinin geri qaytarılması və xx.xx.2011-xx.xx.2023-cü il tarixinə qədər hesablanmalı olan 985 (doqquz yüz səksən beş) manat əlavə məbləğin maddi ziyan kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsinin ərizəsi əsasında LPO "xxxx" ASC-nin İnam filialı əsl cavabdeh LPO "xxxx" ASC ilə əvəz olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2011-ci il tarixində Zaminbak ASC-nin İnam filialından 3500 manat kredit götürmüşdür. Bank tərəfindən ona ayrılan kreditin əsas borc hissəsinin fazi hissəsini ona təqdim olunan cədvəl əsasında hər ay vaxtı-vaxtında ödəmişdir. xx.xx.2012-ci il tarixində ona verilən cədvəl əsasında borcun və əsas və faiz hissəsini tamamilə bağlanması üçün banka 187(Yüz səksən yeddi) manat pul ödəmişdir. Ödəmə barədə ona bank tərəfindən ödəniş çeki tədqim olunmuş və ona bildirilmişdir ki, onun borcu tam olaraq bağlanmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun xx.xx.2012-ci il tarixində banka ödədiyi 236 (iki yüz otuz altı) manat pul bankın kassasına ödədiyi və çek aldığı halda həmin məbləğ bankın əməliyyat sisteminə əks olunmamışdır. Bu hal bank əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində baş vermiş və onlar tərəfindən mənimsənilmişdir. O, bu barədə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Oradan kredit tarixçəsini araşdıraraq ona bildiridilər ki, ləğv prosesində olan Zaminbank ASC kobud qanun pozuntusuna yol verərək onun xx.xx.2011-ci il tarixində banka ödədiyi 236 (iki yüz otuz altı) manat kredit məbləği bankın əməliyyat sisteminə əks olunmayaraq kredit hesabından silinməmiş və bank əməkdaşları tərəfindən mənimsənilmişdir. Əlavə olaraq ona bu barədə Məhkəməyə müraciət etməyini lazımi bildirmişlər. O, bu barədə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin iş № 2(006)-509/ 2024 saylı 09 yanvar 2024-cü il tarixli qərardad ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırdı ki, “iddiaçinin pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür” (Banklar haqqında qanun 72.1.3-cü maddə) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsində İnzibati iş icraatina verilmiş və 29 may 2024-cü il tarixində həmin işə baxılmışdır. Məhkəmənin qərarı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmədən əvvəl Əmanətlərin Sığortalanması Fonduna Müraciət etməli idi. Əgər imtina cavabı olarsa, onda məhkəməyə müraciət etməlidi. LPO CavabdehASC-yə ərizə ilə müraciət etmiş, LPO Zaminbank ASC-dən ona cavab olaraq bildirilmişdir ki, “24.06.24-cü il tarixinə yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə bank əməliyyat sistemi məlumatlarına əsasən sizin LPO Cavabdeh ASC qarşısında borc öhdəliyiniz mövcud deyildir və təqdim etdiyiniz mədaxil qəbzində qeyd olunan 236 (iki yüz otuz altı) manat məbləğ əməliyyat sistemində öz əksini tapmamışdır”. O, yenidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında iddia ərizəsi ilə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası inzibati işi araşdıraraq qərara gəlmişdir ki, o, bu işlə bağlı mülki məhkəmədə iddia qaldırmalıdır. Əgər kreditor tələbinin qeydə alınmasından imtina olunacağı təqdirdə o, İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Cavabdehin etirazı: Cavabdeh LPO “Zaminbank" ASC iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı ləğv prosesində olan “Zaminbank" ASC-nin “İnam” filialına qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 236 manat artıq pul vəsaitinin geri qaytarılması və xx.xx.2011-xx.xx.2023-cü il tarixinə qədər hesablanmalı olan 985 manat əlavə məbləğin maddi ziyan kimi ödənilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Aşağıda qeyd olunan dəlillərə əsasən hesab edirlər ki, İddiaçı iddiası əsassız və qanunsuz olduğundan iş üzrə LPO “Zaminbank“ ASC hissəsində xitam verilməlidir. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2016-cı il tarixli, 16 saylı qərarı ilə Cavabdeh ASC-nin Bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarına əsasən Cavabdeh ASC-nin ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətlə, ərizənin qəbulundan imtina edilməli idi.iddiaçının tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Odur ki, məhkəmədən İddiaçı LPO Cavabdeh ASC-nin “İnam” filialına qarşı mülki iş üzrə icraata xitam verilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yazılı etirazın məzmununa uyğun izahat verərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2011-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin İnam filialına 236 manat ödəniş etmişdir. "xxxx" ASC-nin İnam filialının xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan çıarışa əsasən xx.xx.2011-ci il tarixli ödəniş aşkar edilməmişdir. LPO "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli **********817 saylı məktubunun surətindən görünür ki, ləğv prosesində olan “Zaminbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsi üzrə 3.500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir, xx.xx.2024-cü il tarixinə yuxarıda qeyd olunan Kredit müqavilə üzrə bank əməliyyat sistemin məlumatlarına əsasən Sizin LPO "xxxx" ASC qarşısında borc öhdəliyiniz mövcud deyildir. Ərizəyə cavab olaraq bildirilir ki, təqdim etdiyi mədaxil qəbzində qeyd olunan 236 (iki yüz otuz altı) manat məbləğ bank əməliyyat sistemində öz əksini tapmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə`və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 1091 və 1092.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.3. və 449.4. maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1. maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsi üzrə iddiaçıya 3.500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı həmin kredit üzrə xx.xx.2012-ci il tarixində 236 (iki yüz otuz altı) manatı bankın kassasına ödədiyi və buna dair qəbz aldığı halda həmin məbləğ bankın əməliyyat sistemində əks olunmamışdır. Bu hal LPO "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli **********817 saylı məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, məktubda göstərilmişdir ki, Kredit müqavilə üzrə bank əməliyyat sistemin məlumatlarına əsasən iddiaçının LPO "xxxx" ASC qarşısında borc öhdəliyi mövcud deyildir. Təqdim edilmiş mədaxil qəbzində qeyd olunan 236 (iki yüz otuz altı) manat məbləğ bank əməliyyat sistemində öz əksini tapmamışdır. İddiaçının bundan əvvəl hazırkı tələblə bağlı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiası üzrə icraata Nəsimi Rayon Məhkəməsinin 2(006)- 509/2024 saylı 09 yanvar 2024-cü il tarixli qərardadı ilə xitam verilmiş və iddiaçının pul tələbi kreditor tələbi olduğundan bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-3(103)-42/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər LPO “Zaminbank" ASC-nin İnam Filialına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddiası mümkün sayılmamış və iddiaçıya mülki (iddia) icraat qaydasında ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda göstərilmişdir ki, iddiaçının tələbi “banka ödənilmiş artıq vəsaitin və s.geri qaytarılması” barədə olub, mübahisəlidir, kreditor tələbinin mövcudluğu mülki məhkəmə icraatı qaydasında sübuta yetirilməli, bundan sonra kreditor tələbinin qeydə alınmasından imtina olunacağı təqdirdə müvafiq tələbi inzibati məhkəmə icraatında predmet ola bilər. Mülki məhkəmə icraatı çərçivəsində müəyyən olundu ki, İddiaçı tərəfindən LPO “Zaminbank" ASC-yə 236 manat artıq pul ödənilmişdir. Göründüyü kimi iddiaçının ödədiyi 236 manatın cavabdeh "xxxx" ASC tərəfindən əldə edilməsinin hər hansı hüquqi əsası olmamışdır. Odur ki, məhkəmə həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin “xx.xx.2011-xx.xx.2023-cü il tarixinə qədər hesablanmalı olan 985 (doqquz yüz səksən beş) manat əlavə məbləğin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsi pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı cavabdehin təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 985 manatın cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 236 (iki yüz otuz altı) manat cavabdeh LPO "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən banka ödənilən 236 (iki yüz otuz altı) manat artıq pul vəsaiti və 15 manat dövlət rüsumunun əvəzi cavabdeh LPO "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar