Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6002/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit üzrə ödəniş məbləğinin azaldılması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən 22.000 ( iyirmi iki min ) manat kredit borcunun ödənilməsi üçün əmək haqqının yalnız 20%-nin tutulması və subsidiya kartından ödənişlərin tutulmasının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayonu, Ağbil kəndində yaşayır, ailəlidir 3 övladı var. O, ailənin gündəlik ehtiyyaclarını ödəmək üçün əlavə olaraq təsərrüfatla məşğul olur. Bu il mövsümü şəraitin qeyri normal keçməsi həmçinin Rusiya bazarlarına çıxışın qeyri-mümkün olması səbəbi ilə təsərrüfat sahəsində böyük çətinliklərlə qarşılaşmışdır, təsərrüfat sahəsini böyütmək, inkişaf etdirmək üçün xeyli vəsait xərcləməyinə baxmayaraq, gəlir əldə edə bilməmişdir. O, Kapital bank ASC-nin Quba filialına yaxınlaşaraq aralarında bağlanmış kredit müqaviləsinə əsasən 24 ay müddətinə 22.000 (iyirmi iki min) manat kredit almış, daha sonra təsarüfatında yaşadığı çətinliklər, maliyyə itirməyi səbəbi ilə kredit ödənişini ödəyə bilməmişdir. O, Kapital Bank ASC-yə rəsmi müraciət ünvanlayaraq kredit ödənişinin faiz hissəsinin dondurulmasını və ona kredit ödənişinin əsas hissəsinin ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatdan uzun müddət ona cavab gəlməsiri gözləsədə onlar müraciətinə heç bir münasibət bildirməmişdirlər. O, ailənin dolanışığını təmin etməkdə çətinlik çəkir, yeganə gəlir yerin 383 manat əmək haqqıdır. Cavabdeh təşkilat onun gəlirini tamamını və ona verilməli olan subsidiya məbləğini kredit ödənişinin ödənilməsi üçün tutur. Halbuki subsidiya ödənişi birbaşa fiziki şəxsin nağd olaraq əldə etdə biləcəyi bir vəsait deyildir. O, əmək haqqının tam şəkildə tutulması səbəbi ilə ailənin gündəlik ehtiyaclarını heç bir şəkildə təmin edə bilmir. 3 övlad atasıdır, övladlarının istəklərini yerinə yetirə bilmir. Əmək haqqı məbləğinin tam şəkildə tutulması doğru deyildir. Qanunun tələblərinə əsasən əmək haqqı məbləğinin yalnız 50% hissəsinin tutulmasına icazə verilir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış iddiaçının vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış fərdi sahibkardır. Fəaliyyət istiqamətini çiyələk və moruğun becərilməsi təşkil edir. Cavabdeh ASC isə kommersiya hüquqi şəxsidir. İddiaçı 22000 manat məbləğində kredit verilməsinə dair xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin təyinatı isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur (İddiaçının xx.xx.2025-ci il tarixli müraciət ərizəsinin hüquqi şəxs yatratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə olması müəyyən edilir). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən kredit müqaviləsi üzrə tutmalar onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 hazırkı mübahisənin kommersiya xarakterli olduğunu təsdiq edərək, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit üzrə ödəniş məbləğinin azaldılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit üzrə ödəniş məbləğinin azaldılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-6002/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6002/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver