Məhkəmə qərarları › İş №2(006)-6003/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6003/2025

06.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6003/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən ona vurulmuş 1200 avro məbləğində maddi zərərin ödənilməsi, iddianın təmin olunması ilə bağlı məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 28.072025-ci il tarixdə J2110 saylı reysi ilə Praqa-Bakı səyahəti etmişdir. Bu reys üzrə apardığı əl baqajının kövrək, antik və bahalı olduğunu bildirmiş, ona görə də əlində aparmaq istəyini əməkdaşlara söyləmişdir. Hava limanında Azal əməkdaşlarına dəfələrlə tapşırıb ki, baqajında olan antik qab onun üçün çox önəmlidir, əgər onun daşınması zamanı hər hansı sınma və ya zərər ehtimalı varsa, bunu ona bildirsinlər ki, o həmin əşyanı təyyarəyə təhvil verməsin, geri qaytarsın. X5 şəhərindən Praqa hava limanına qədər olan məsafədə ona yaxın tanış şəxsi müşayətçi kimi özü ilə gətirmişdir. Məqsəd ondan ibarət idi ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən ona bildirilsəydi ki, antik qabın daşınması zamanı sınma ehtimalı var, o həmin əşyanı tanış şəxsin vasitəsilə geri qaytarardı. Qardaşı Avropada yaşadığına görə həmin əşyanı sonradan onun vasitəsilə avtomobil ilə Bakıya gətirmək planlaşdırılmışdır. Sözügedən tanış şəxsi o, məhkəməyə şahid qismində gətirməyə hazırdır və onun səfər tarixləri həmçinin Karlovy Varyda sanatoriyada birgə olduğu müddət müvafiq sənədlərlə sübut edilə bilər. Baqajını Azalın əməkdaşları tam təhlükəsiz şəkildə Bakıya çatdıracaqlarını söyləyiblər. Üzərinə FRAGLE işarəsi yapışdırıblar, başqa da heç bir etiket yapışdırmamışlar. Bildirilib ki, xüsusi qutuda aparılacaq. Baqajı kövrək əşya kimi bükülmüş və xüsusi qoruyucu şəkildə təhvil verilmişdir. Çəkisi 6 kq yaxın idi. Faktiki olaraq əşya heç bir qutuda daşınmamış, sadəcə bükülü halda qəbul edilmiş və daşınma zamanı ciddi zədələnmişdir. Bakıya çatanda o öz baqajını “itmiş baqajlar” bölməsində sınmış, zədələnmiş vəziyyətdə güclə tapmış, çünki üzərində heç bir barkod olmamışdır. Azal əməkdaşları bu vəziyyətə təəccüblənmişlər və akt tərtib edib fotoşəkillərini çəkmişlər. Şəkillərdə metal karkasın sındığı da aydın görünür. Dəfələrlə onlayn müraciətinə baxmayaraq, "xxxx" QSC tərəfindən hər dəfə eyni şablon cavab verilmişdir. Baş vermiş hadisə məhz aviaşirkət əməkdaşının düzgün olmayan məlumat verməsi, onun seçim imkanını məhdudlaşdıması, daşınmada çox kobud yanaşma nəticəsində baş vermişdir. Cavabdehin iddiaya etiraz ərizəsi: İddiaçı xx.xx.2025-ci il tarixdə J2 110 nömrəli Praqa-Bakı reysi üzrə uçuşdan istifadə edərkən ona məxsus baqajın (tezsınan, kövrək əşya: bundan sonra - qab) sınması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 1200 (bir min iki yüz) avro və məhkəmə rüsumu olan 30 (otuz) manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən (bundan sonra - AZAL) tutularaq ona ödənilməsi tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı səbəblərdən hesab edirlər ki, iddia əsassızdır və təmin edilməməlidir: - Şəkillərdən də göründüyü kimi (əlavə olunur) iddiaçı tərəfindən baqaja təhvil verilən əşya keyfiyyətinə görə görə tezsınan və kövrək əşyadır. Göründüyü kimi, iddiaçı vazanın tezsınan və kövrək olduğunu bilib, habelə onu 1200 (bir min iki yüz) avro məbləğində qiymətləndirdiyinə görə vaza onun üçün xüsusi əhəmiyyətə malik olub, buna baxmayaraq, o, qabı xüsusi mühafizəedici qablaşdırma (çamadan, qoruyu yastıqlar və s.) olmadan adi (karton) qablaşdırmada digər sərnişinlərin yükləri ilə birlikdə daşınması üçün daşıyıcya (cavabdehə) təhvil verib. Bununla da iddiaçı (sərnişinin) yuxarıda göstərilən hərəkəti zərərin yaranmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Daşınma üçün baqaja verilmiş qab tezsınan və kövrək olduğundan, habelə xüsusi mühafizəedici qablaşdırma olmadan daşıyıcıya (cavabdehə) təhvil verildiyindən həmin qabın sınmasına görə daşıyıcı məsuliyyət daşımır. Daşıyıcının (cavabdehin) məsuliyyətini istisna edən əsaslar aşağıdakılardır: - AZAL-ın "Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydalan"nın (bundan sonra - Daşıma Qaydaları) 15.4.7-ci bəndinin birinci abzasından görünür ki, aviaşirkət tezsınan və kövrək əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür. Həmin bəndin sonuncu abzasında qeyd olunub ki, sərnişin bu tövsiyəni yerinə yetirmədiyi təqdirdə aviaşirkət həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanması üçün məsuliyyət daşımır. Sərnişin İddiaçı daşıyıcıdan bilet almaqla Daşıma Qaydaları ilə razılaşmışdır. Bununla da tərəflər arasında müqavilə bağlanmışdır. Mülki Məcəllənin: - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). Mülki Məcəllənin 405.1ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (Mülki Məcəllənin 405.2,-ci maddəsi). Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır (Mülkli Məcəllənin 408.1. maddəsi). Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır (Mülki Məcəllənin 408.2. maddəsi). Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır (Mülki Məcəllənin 408.7. maddəsi). Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır (Mülki Məcəllənin 409.1. maddəsi). Cavabdeh Mülki Məcəllənin sadalanan maddələrinin tələblərinə əməl etmişdir. Belə ki, AZAL özünün rəsmi internet səhifəsində Daşıma Qaydalarını yerləşdirmişdir. Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya"nın 17-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən, məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər müəyyən dərəcədə baqaja xas olan nöqsan, keyfiyyət və ya qüsurun nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Praqadan Bakıya qayıdanda antik qab almışdır. Qabı qablaşdırmışdır. Bir nəfəri də özü ilə aparıb ki, əgər geri qaytarsalar, həmin şəxs götürsün. Baqajını göstərib, deyiblər ki, əl baqajı kimi oversize var, onunla aparsınlar, sınma ehtimalı yoxdur. Sonra görüb ki, nəinki qab, hətta metal karkas da sınmışdır. O başqa cür gətirə bilərdi, qoymadılar. İndi də deyirlər onlar cavabdeh deyil. O, qabı əl baqajı kimi aparmaq istəyirdi, sadəcə ona dedilər ki, oversize əl baqajı lazımdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdr ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı deyir ki, yaxşı qablaşdırılıb, lakin şəkillərdən də qablaşdırılma görünür. Onlar kövrək materialda olan əşyanın sınması barədə məsuliyyət daşımırlar. İddiaçı öz ərizəsində də göstərir ki, əşya 6 kilo olub. Əl baqajı isə 10 kilodur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, qabın dəyəri 1200 avro təşkil edir. Təqdim edilən yazışmalardan görünür ki, daha əvvəl İddiaçı tərəfindən "xxxx" QSC-yə mübahisələndirilən məsələ ilə bağlı müraciətlər edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 842.1-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 842.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 11 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın: 4.1.1-ci bəndinə əsasən Aviaşirkət (daşıyıcı) nəqliyyat əməliyyatlarını yerinə yetirərkən sərnişinlər, yükgöndərənlər və yükalanlar ilə hüquq münasibətlərini yaradır və Azərbaycan Respublikasının qanunvericiliyinə, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və hava daşımalarının təşkilinə dair sənədlərin tərtib edilməsi və müqavilələrin rəsmiləşdirilməsi Qaydasına, habelə “Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üçün” Konvensiyaya (1929-cu ildə imzalanmış Varşava Konvensiyası), “Beynəlxalq daşımalara aid olan bəzi qaydaların unifikasiyası üçün Konvensiyaya düzəlişlər haqqında Protokol”a (1955-ci ildə imzalanmış Haaqa protokolu), qeyd edilən Konvensiyaya aid olan digər protokol və əlavələrə uyğun olaraq əmlak məsuliyyəti daşıyır. 4.3.7-ci bəndinə əsasən, daşıyıcı qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan hallarda, xüsusilə aşağıdakı hallarda baqajın itdiyini, tam çatdırılmadığını və ya zədələndiyini sübut edərsə, məsuliyyətdən azad olunur: baqajı təhvil verən və ya alan şəxsin günahı olduqda; daşınan əşyaların təbii xassələri ilə əlaqədar; qəbul edilən baqaja zahiri baxış zamanı bağlamada nəzərə çarpmayan nöqsanlar olduqda; baqajda olan, daşınması və saxlanması zamanı xüsusi şərtlər və ehtiyat tədbirləri tələb edilən əşya və ya maddələrin xüsusi xassələrinə görə. 4.3.8-ci bəndinə əsasən, daşıyıcı aşağıdakılara görə məsuliyyət daşımır: iddia irəli sürən şəxs və ya şikayətçi baqajın daşıyıcının günahı üzündən tam çatdırılmadığını sübut etməzsə, daşınan baqajın nöqsansız bağlamada, içində olan əşyalara toxunulmadan və zədələnmə izləri olmadan gətirildiyi və sərnişinə təhvil verildiyi halda onun çəkisinin çatışmamasına görə; daşıyıcıdan asılı olmayan səbəblərə görə, xüsusilə əlverişsiz meteoroloji şərait nəticəsində baqajın gec çatdırılmasına görə; baqaja qoyulmuş pul və qiymətli kağızların, sənədlərin, qiymətli daşların və daşınma zamanı xüsusi saxlanma tədbirləri tələb edən digər oxşar əşyaların itməsinə görə. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2013-cü il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Sərnişinlərin, baqajın və yüklərin daşınması” qaydalarının: 15.4.6-cı bəndinə əsasən, aviaşirkət aşağıdakı əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür: tezsınan, kövrək əşyalar və tezkorlanan əşyalar; pullar, açarlar; zinət əşyaları, qiymətli metallardan və gümüşdən hazırlanan məmulatlar; təbii xəz; elektron avadanlıq; kompyuter avadanlığı, kompyuter üçün komplektləşdirici hissələr, əlavələr, proqramlar; audio və video texnika, foto və kino aparatları, yardımçı əşyalar; eynəklər, binokllar və digər optik cihazlar; texniki, tibbi və digər sənədlər; işgüzar və şəxsi sənədlər; qiymətli kağızlar və əşyalar; istehsal avadanlığı və nümunələr/ şablonlar;video/audio kassetlər, disklər, disketlər və digər məlumat daşıyıcıları; tibb preparatları, avadanlıqlar; fotoşəkillər, əntiq mallar; əvəz edilməsi mümkün olmayan əşyalar; mayelər, ətriyyat, alkoqollu içkilər; alətlər. Sərnişin bu tövsiyələri yerinə yetirmədiyi təqdirdə Aviaşirkət, həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanılması üçün məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" QSC-nin tabeliyində olan "xxxx" Sərnişin Aviaşirkətinə aid Praqa-Bakı aviareysi ilə Azərbaycana gələrkən baqaj olaraq aviaşirkətə təhvil verdiyi qab qırılaraq yararsız hala düşmüşdür. İşdən göründüyü kimi, İddiaçı Praqadan Azərbaycan Respublikasına səfər edərkən qabı daşıyıcının baqajına təhvil vermişdir. Bakı şəhərinə çatdıqdan sonra baqaj yükünün, yəni, qabın qırıldığını görmüş, cavabdehə pretenziya göndərmiş və pretenziyası əsassız hesab edildikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı ona dəymiş maddi zərərin ona ödənilməsini istəyir. Şəkillərdən də göründüyü kimi iddiaçı tərəfindən baqaja təhvil verilən əşya keyfiyyətinə görə görə tezsınan əşyadır. Göründüyü kimi, iddiaçı qabın tezsınan olduğunu bilib, habelə onun antik əşya olduğunu bildirdiyinə görə qab onun üçün xüsusi əhəmiyyətə malik olub, buna baxmayaraq, o, qabı xüsusi mühafizəedici qablaşdırma (çamadan, qoruyu yastıqlar və s.) olmadan adi (karton) qablaşdırmada digər sərnişinlərin yükləri ilə birlikdə daşınması üçün daşıyıcya (cavabdehə) təhvil verib. Bununla da iddiaçının (sərnişinin) yuxarıda göstərilən hərəkəti zərərin yaranmasına şərait yaratmışdır. Qab tezsınan və kövrək olduğundan, habelə xüsusi mühafizəedici qablaşdırma olmadan daşıyıcıya təhvil verildiyindən, qabın sınmasına görə daşıyıcı məsuliyyət daşımır. Daşıyıcının məsuliyyətini istisna edən qaydalar aşağıdakılardır. Birinci, "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 120 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış “Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları”nın 15.4.7-ci bəndinin birinci abzasından görünür ki, aviaşirkət tezsınan və kövrək əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür. Həmin bəndin sonuncu abzasında qeyd olunub ki, sərnişin bu tövsiyəni yerinə yetirmədiyi təqdirdə aviaşirkət həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanması üçün məsuliyyət daşımır. Sərnişin İddiaçı daşıyıcıdan bilet almaqla həmin qaydalarla razılaşıb. İkinci, Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 17-ci maddəsinin 2-ci hissəsindən görünür ki, məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajn daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Bunun ardıca həmin maddədə qeyd olunub: “Lakin zərər müəyyən dərəcədə baqaja xas olan ... keyfiyyətin ... nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır”. Üçüncü, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımlarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın 4.3.4-cü bəndinə görə, daşıyıcı baqajın zədələnməsinə görə baqajın dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır. Lakin 4.3.7-ci bənddən görünür ki, daşıyıcı zədələnmənin daşınan əşyaların təbii xassələri ilə əlaqədar baş verdiyini sübut edərsə, məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı iddia tələbinin 2,372.77 manat (iddia ərizəsinin verildiyi tarixdə avronun Azərbaycan manatına uyğun ekvivalenti) olmasını nəzərə almaqla, qiymətləndirilən iddiaya görə ödənilməli olan dövlət rüsumunun 43.72 manat olmasını qeyd edir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilməli olan 43.72 manat məbləğində dövlət rüsumunun ödənilmiş 30 manat hissəsi iddiaçıya aid edilməli, qalan 13.72 manat yaranmış kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməli olan 43.72 manat məbləğində dövlət rüsumunun ödənilmiş 30 manat hissəsi iddiaçıya aid edilsin, qalan 13.72 (on üç manat, 72 qəpik) manat yaranmış kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar