Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-602/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X18 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin təqsiri üzündən iddiaçıya məxsus kart hesabından silinməklə ona vurulmuş 5.984,50 (beş min doqquz yüz səksən dörd manat əlli qəpik) manat məbləğində maddi ziyanın və ödənilmiş 79,85 (yetmiş doqquz manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 6.064,35 (altı min altmış dörd manat otuz beş qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin sosial şəbəkə hesabında kampaniyası olduğunu görmüşdür. Kampaniyaya əsasən başqa bankda kredit olduğu halda, onu bağlayıb daha aşağı faizlə kredit götürmək imkanı təklif edilirmiş. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh bankın Şərifzadə filialına yaxınlaşaraq həmin kampaniya ilə maraqlandığını bildirmişdir. İddiaçının məlumatlarını araşdırdıqdan sonra kreditin verilməsindən imtina edilmişdir. Lakin iddiaçıya 15.000 manat məbləğində limitlə tam kart verilə biləcəyi bildirilmişdir. İddiaçı isə bu kreditdən imtina etmiş və bildirmişdir ki, məbləğin kartdan silinmə və oğurlanma təhlükəsi ola bilər. Əhməd Məmmədov iddiaçıya bildirmişdir ki, kartı bloklasa və blokda saxlasa, kart təhlükəsiz olacaq və heç bir risk və ya təhlükə mövcud olmayacaq, heç bir kiberhücuma məruz qalmayacaq. Özü isə buna tam təminat verdiyini bildirmişdir. Daha sonra isə kartı necə bloklamağı da tətbiq vasitəsilə iddiaçıya göstərmişdir. Həmin tarixdə iddiaçı ilə bank arasında WCO 00126391 saylı tam kart müqaviləsi imzalanmışdır. İddiaçı rəsmiləşmə bitdikdən sonra kartı bloklamasını əməkdaşdan xahiş etmiş və kart bloklanmışdır. Daha sonra o, işi ilə əlaqədar uzun müddət dənizdə olmuşdur. Həmin müddətdə iddiaçıya məxsus kredit kartı da blokda olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə “ABB mobile” tətbiqi vasitəsilə özünə məxsus “4127 2044 4178 7064” nömrəli kartdan pul silinməsini görmüşdür. Daha sonra hissə-hissə pul çıxarılması əməliyyatının davam etdiyini müşahidə etmişdir. Dərhal bankın “937” qaynar xətti ilə əlaqə saxlamış və təcili tədbir görülməsini tələb etmişdir. Məlumatları tam əldə etdikdən sonra əlaqə mərkəzinin əməkdaşı ona bildirmişdir ki, yəqin, istifadə etmir deyə bank özü pulları çəkir. Daha sonra silinmələrin get-gedə artdığını görüb yenidən həmin nömrə ilə əlaqə saxlayan zaman əməkdaş lazımsız suallar verməklə vaxtı uzatmış, onun səriştəsizliyi, debit və kredit hissələrini səhv salması, vaxtında operativ reaksiya verməməsi səbəbindən ziyanın məbləği daha da artmışdır. Çünki həmin anda da məbləğlər silinməyə davam etmişdir. Uzun müddət sonra silinmə dayanmışdır. Beləliklə, banka heç bir borcu olmadığı təqdirdə, bank tərəfindən bloklatdırdığı kartdan hissə-hissə (210 manat, 99 manat, 499 manat və s.) olmaqla, ümumilikdə 5.984,50 manat məbləğində vəsait silinmişdir. İddiaçı bu halla bağlı banka rəsmi yazılı müraciət etmiş, daha sonra bankın filialına və baş ofisinə yaxınlaşmış, lazımi məlumatları bildirmişdir. Bankdan isə ona bildirmişlər ki, bankın bu işdə heç bir təqsiri yoxdur, vəsaitin silinməsi ilə bağlı heç bir məsuliyyət daşımırlar və gələcəkdə həmin borca faizlər hesablanacaqdır. Daha sonra isə bank tərəfindən iddiaçıya rəsmi cavab məktubu təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, bank tərəfindən ona OTP kod göndərilmişdir və iddiaçı həmin kodu təqdim etdiyi üçün mobil tətbiqə daxil olunmuşdur və borc öhdəliyinin yerinə yetirilməsinə dair hər hansı güzəşt edilməsi məqsədə uyğun hesab edilmir. Bu cavab tamamilə yanlışdır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Bankın baş ofisində olarkən Həyat adlı əməkdaş ona bildirmişdir ki, xakerlər artıq onun mobil nömrəsinə də giriş əldə edib və tətbiqdə qeydiyyat mobil nömrəsi dəyişilməsə, qalan pulu da oğurlanacaq. Ona görə də qətiyyən tətbiqi açmamağı ona məsləhət görmüşdür. Kart blokda ola-ola iddiaçıya məxsus kartdan bu qədər vəsaitin silinməsi təhlükəsizlik qaydalarının kobud surətdə pozulmasıdır və bu pozuntu nəticəsində iddiaçıya dəymiş maddi ziyan ödənilməlidir. Bundan sonra iddiaçı cavabdeh bankın onun işinə laqeyd yanaşdığını görüb, hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmiş, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət etmiş və lazımi sənədləri təqdim etmişdir. Hazırda bölmədən ona oğurluq hadisəsi ilə bağlı araşdırma aparılması barədə arayış təqdim edilmişdir. Bütün bu hallarda cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuş və ona maddi ziyan dəymişdir. Hazırda bu hadisə nəticəsində iddiaçının əlavə bank borcu yaranır, bu isə onun maddi vəziyyətini daha da ağırlaşdırır. Gələcəkdə bu borcun üzərinə faizlər gələcək və o daha da ağır duruma düşəcək. İddiaçının digər banklarda da kreditləri var, himayəsində azyaşlı övladı var, ailənin saxlanmasında çətinlik çəkir, maddi vəziyyəti çox aşağıdır. Ödəmə qabiliyyəti yoxdur. Hazırda bu ziyanın ödənilməsi məqsədilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə iclasının xx.xx.2025-ci il tarixindən sonrakı günlərə təxirə salınmasını xahiş etsə də, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb edib, iddianı qəbul etmədiyini bildirdi. İddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılması barədə vəsatətini nəzərə alıb, onun izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. "xxxx" ASC (Bank) ilə İddiaçı (Müştəri və ya Borcalan) arasında bağlanılmış xx.xx.2024cü il tarixli, WCO_00126391 nömrəli tam kart müqaviləsindən görünür ki, bu Müqavilə Bank ilə Müştərinin arasında müştərinin adına ikitərəfli ödəniş kartlarının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra “Tam kart”) buraxılmasına, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab, yəni hesablar), kredit xəttinin açılmasına, Müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, Tam kartdan 4-cü bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kreditin qaytarılmasına və ona hesablanmış faizlərin banka ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Tam kartın müddətinin 5 il, valyutanın AZN, təyinatın şəxsi ehtiyac/istehlak məqsədləri, gecikdirmə zamanı cərimə hesablanması qaydası da müqavilədə göstərilmişdir. Borcalan **********84 nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməlidir. Borcalanın banka təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti borcalan daşıyır.
7. "xxxx" tərəfindən verilmiş tamkartın surətindən görünür ki, 4127 2093 0335 8631 nömrəli kart İddiaçı məxsusdur, 2-ci kartın nömrəsi isə 4127 2044 4178 7064-dür.
8. "xxxx" ASC (Bank) ilə İddiaçı (Müştəri və ya Borcalan) arasında bağlanılmış xx.xx.2024cü il tarixli, BPM**********03 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, bank tərəfindən borcalana şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə 59 ay müddətinə (xx.xx.2027-dək) illik 24 % ödəmək şərtilə 15.000 manat məbləğində kredit limiti təyin edilmişdir. Borcalan ********** nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməlidir. Borcalanın banka təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti borcalan daşıyır.
9. "xxxx" tərəfindən göndərilmiş SMS-dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:09-da **********89 nömrəsinə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: ****55” məzmununda xəbərdarlıq göndərilmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı bu nömrənin özünə məxsus olduğunu bildirmişdir).
10. "xxxx" ASC tərəfindən təsdiq edilmiş İddiaçı məxsus (hesab nömrəsi: “**********20020973”, İBAN: AZ66İBAZ********************) hesabdan xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, günün əvvəlinə hesab boş olmuş (0,00 manat), günün sonuna göstərici -5.984,50 manat olmuşdur. Credit dövriyyə 0,00 manat, debit dövriyyə isə - 5.984,50 manat olmuşdur.
11. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 15.000 manat məbləğində kredit limitinin 6.000 manat məbləğinə endirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus "xxxx" ASC-yə aid “4127 2044 4178 7064” nömrəli kartdan 6.000 manat pulun oğurlanması faktı ilə bağlı araşdırma aparılır.
13. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “ABB mobile” tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı +**********84 nömrəsinə bildiriş SMS göndərilmişdir. OTP kodunu təqdim etdiyi üçün mobil tətbiqinə daxil olunmuşdur. Bank tərəfindən borc öhdəliyinin yerinə yetirilməsində hər hansı bir güzəştin edilməsi məqsədəuyğun hesab edilmir.
14. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 79,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
15. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 6000 manat məbləğində kredit limitinin vaxtından əvvəl ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
16. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim olunmuş ********* nömrəsi ilə bağlı çıxarışdan görünür ki, həmin nömrəyə “Azericard” tərəfindən xx.xx.2024-cü il tarixdə “Tam kart ABB Kredit Limiti 15.000 AZN” və "xxxx" tərəfindən “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: 401059” məzmununda SMS-lər göndərilmişdir. Məktubda həmin nömrədən 937 saylı nömrəyə sorğulanan tarixlərdə hər hansı zəng məlumatlarının qeydə alınmadığı bildirilmişdir.
17. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* mobil telefon nömrəsinə xx.xx.2024-xx.xx.2024-cü il müddətində göndərilən hər hansı SMS mətni qeydə alınmamışdır. MMC-də danışıq mətnlərinin qeydiyyatının aparılmadığı bildirilmişdir. Məktuba əlavə edilmiş 1 ədəd CD-diskdə olan fayldan görünür ki, "xxxx" və “Azericard” tərəfindən həmin nömrəyə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə tətbiqə daxil olmaq üçün OTP-kodlara dair (o cümlədən, xx.xx.2024-cü il tarixdə kredit limitinin 15.000 manat olması, habelə xx.xx.2024-cü il tarixdə SMS xəbərdarlıq xidmətinin dayandırılması barədə) SMS-lər göndərilmişdir.
18. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus +**********89 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində mobil tətbiqə daxil olmağı təsdiq etmək üçün "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kodlar göndərilmiş, bundan sonra müştərinin mobil tətbiqinə “Apple iPhone” (iOS 17.6.1 əməliyyat sistemi) cihazı ilə giriş edilmişdir. Bundan sonra İddiaçı məxsus 4127 2044 4178 7064 nömrəli kartdan xx.xx.2024-cü il tarixində 14 köçürmə əməliyyatı həyata keçirilmişdir. Belə ki, 99 manat vəsait “Leobank” ("xxxx" ASC-nin mobil bankçılıq xidməti) tərəfindən emissiya edilmiş 4098-5844-9449-7074 nömrəli karta göndərilmişdir. Bu kartlarla bağlı ətraflı məlumat (kimə məxsus olması və s.) əldə etmək üçün aidiyyəti üzrə müraciət edilməlidir. Müxtəlif məbləğlərdə 12 sayda köçürmə isə "xxxx" ASC tərəfindən emissiya edilmiş kartlara göndərilmişdir. Bu kartların sahibləri, onların FİN kodu, banka məlum olan əlaqə nömrəsi, kartın nömrələri, kartın bağlı olduğu hesab nömrələri, köçürülən məbləğ və əməliyyat tarixləri barədə ətraflı məlumatlar qoşma şəklində təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.2024-cü il tarixdə: - 499 manat məbləğində vəsaiti qəbul edən **********395526 nömrəli kartın sahibi X13 (FİN: 7NHG8DY); - 499 manat məbləğində vəsaiti qəbul edən **********014562 nömrəli kartın sahibi X14 (FİN: 1YCWUKM); - 499 manat məbləğində vəsaiti qəbul edən **********688914 nömrəli kartın sahibi X9 (FİN: 4WX69MY); - 499 manat və 499 manat məbləğlərində vəsaiti qəbul edən **********300525 və **********758849 nömrəli kartların sahibi X7 (FİN: 5R4K156); - 499 manat və 210 manat məbləğlərində vəsaiti qəbul edən **********110331 və **********133822 nömrəli kartların sahibi X2 (FİN: 649EVH0); - 499 manat məbləğində vəsaiti qəbul edən **********498482 nömrəli kartın sahibi X4 (FİN: 5DU0VCP); - 498 manat məbləğində vəsaiti qəbul edən **********533203 nömrəli kartın sahibi X10 (FİN: 5RBB60J); - 499 manat məbləğində vəsaiti qəbul edən **********875898 nömrəli kartın sahibi X6 (FİN: 5PPMLWJ); - 499 manat məbləğində vəsaiti qəbul edən **********551863 nömrəli kartın sahibi X11 (FİN: 762QG5Z); - 499 manat məbləğində vəsaiti qəbul edən **********866745 nömrəli kartın sahibi X16 (FİN: 7NHG8DY) olmuşdur.
19. İş materiallarına, həmçinin, iddiaçı tərəfindən cavabdeh banka və Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış şikayət, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub və qaynar xəttin əməkdaşı ilə iddiaçı arasında baş tutmuş telefon danışıqlarının olduğu 1 ədəd CD-disk də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış tam kart müqaviləsinə əsasən, 4127 2093 0335 8631 və 4127 2044 4178 7064 nömrəli kartlar cavabdeh bank tərəfindən iddiaçının istifadəsinə verilmiş, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən isə, iddiaçıya verilmiş karta 59 ay müddətinə (xx.xx.2027-dək) illik 24 % ödəmək şərtilə 15.000 manat məbləğində kredit limiti təyin edilmişdir.
21. Müqavilələrdə ********** və ********** mobil nömrələrinin iddiaçıya məxsus olması qeyd edilmiş, iddiaçının əlaqə vasitələrində dəyişiklik baş verdikdə onun müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməli olması, banka təqdim edilmiş telefon nömrəsinin hər hansı səbəbdən iddiaçının istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlərin, əməliyyatların iddiaçı tərəfindən edilmiş hesab edilməsi və buna görə məsuliyyəti onun daşıması razılaşdırılmışdır. İddiaçı qeyd olunan mobil nömrələrin hər ikisinin özünə məxsus olduğunu mübahisələndirmir (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bu faktı təsdiq edir (audio-videoyazı əlavə edilir)).
22. İstər cavabdeh, istərsə də müvafiq mobil operatorlardan əldə edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində cavabdeh bank tərəfindən iddiaçıya məxsus ********** mobil nömrəyə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: ****55” məzmununda SMS göndərilmiş, bundan sonra onun tətbiqinə başqa cihazla (“Apple iPhone” (iOS 17.6.1 əməliyyat sistemi)) giriş edilərək, iddiaçının 15.000 manat məbləğində limiti olan 4127 2044 4178 7064 nömrəli kartından 99 manat vəsait “Leobank” ("xxxx" ASC-nin mobil bankçılıq xidməti) tərəfindən emissiya edilmiş 4098-5844-9449- 7074 nömrəli; 499 manat **********395526 nömrəli (X13); 499 manat **********014562 nömrəli (X14); 499 manat **********688914 nömrəli (X9); 499 manat və 499 manat **********300525 və **********758849 nömrəli (X7); 499 manat və 210 manat **********110331 və **********133822 nömrəli (X2); 499 manat **********498482 nömrəli (X4); 498 manat **********533203 nömrəli (X10); 499 manat **********875898 nömrəli (X6); 499 manat **********551863 nömrəli (X11) və 499 manat **********866745 nömrəli (X16) kartlara köçürülmüş, əməliyyatlar zamanı ona məxsus olduğu mübahisələndirilməyən nömrələrə yenə də OTP-kodlar göndərilmişdir.
23. İş materiallarında olan hesabdan çıxarışdan həmin gün 5.984,50 manat məbləğində əməliyyat aparıldığı müəyyən edilmişdir.
24. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla tələb edildiyindən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd diskdə olan səsyazılarından müəyyən edilmişdir ki, iddiaçı cavabdeh bankın çağrı mərkəzinə zəng edərək, özünə məxsus başqa kartın nömrəsini (**********437872) vermiş, lakin cavabdeh bankın Pərvin adlı əməkdaşı ona həmin kartdan heç bir silinmələr olmadığını bildirmişdir. İddiaçı 4127 2093 0335 8631 nömrəli kartına baxılmasını məhz çağrı mərkəzinə etdiyi 2-ci zəngində tələb etmiş, bu zaman həmin əməkdaş ona məhz həmin hesaba kiberhücumun olduğunu, buna görə də kartı blokladığını, kartda olan 15.000 manat limitdən 9.015 manat qalıq qaldığını bildirmişdir. İddiaçı birinci zəngdə ona niyə bu barədə deyilmədiyini soruşduqda bankın əməkdaşı haqlı olaraq, birinci zəngdə ona başqa kart nömrəsi verildiyini bildirmişdir.
25. Bundan sonra iddiaçı cavabdeh banka, Mərkəzi Banka, habelə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət etmiş, lakin heç bir müsbət nəticə əldə etmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, şöbə tərəfindən həmin faktla bağlı araşdırma aparılır. Məhkəmə araşdırmaları zamanı iddiaçı hələ hüquq-mühafizə orqanı tərəfindən araşdırmanın yekunlaşdırılmadığını, heç bir nəticənin olmadığını bildirmişdir.
26. Hazırda iddiaçı kartından cəmi 5.984,50 manat pulun silinməsində təqsirli şəxsin cavabdeh bank (və onun əməkdaşı) olduğunu iddia edərək, həmin məbləğin maddi ziyan olaraq cavabdehdən tutulmasını, cavabdeh isə iddiaçıya təhlükəsizliyin təmini məqsədilə göndərilmiş “OTP” kodların onun tərəfindən başqa şəxslərə verilməsi səbəbindən bu hadisənin baş verdiyini, cavabdehin bu məsələdə heç bir təqsirinin olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
27. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olduğu mübahisələndirilməyən, tərəflər arasındakı müqavilədə göstərilən mobil nömrələrə müvafiq əməliyyatlar aparılmamışdan qabaq (hələ mobil tətbiqə daxil olmaq istənildikdə) cavabdeh bank tərəfindən təhlükəsizlik tədbirlərinə tam əməl edilərək, OTP-kodlar göndərilməsi, bundan sonra həmin kodların təsdiqlənərək mobil tətbiqin başqa cihaza köçürülməsi və daha əvvəllər (xx.xx.2024-cü il tarixdə) iddiaçının iradəsi ilə karta təyin edilməsi mübahisəsiz olan 15.000 manat limit daxilində olan müvafiq məbləğdə pulun iddiaçının kartından başqa kartlara köçürülməsi işdə olan mötəbər sübutlarla tam təsdiqini tapdığından, iddiaçıya ziyan vurulması ilə nəticələnən həmin hadisədə cavabdeh bank (və ya əməkdaşları) tərəfindən hər hansı mülki hüquq pozuntusunun törədilməsi və cavabdehin (işçilərinin) təqsirinin olması istisna edilir.
28. Çünki cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodları göndərdiyi mesajın mətnində “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq da ünvanlamışdır. Bu xəbərdarlığa baxmayaraq, iddiaçı məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərdiyini sübuta yetirməmiş və maddi zərərə uğramışdır.
29. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərində müqavilələrdə göstərilən nömrələrlə aparılmış əməliyyatların iddiaçının özü tərəfindən edilmiş kimi qəbul ediləcəyi, əks halda isə iddiaçının məsuliyyət daşıyacağı razılaşdırıldığından məhkəmə hesab edir ki, iddiaçının üçüncü şəxslərin hərəkətləri nəticəsində maddi zərərə uğraması heç bir halda cavabdeh bankın (və ya işçilərinin) təhlükəsizlik tədbirlərinə əməl etməməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 1 ədəd diskdə olan səsyazılarından da müəyyən edilmişdir ki, iddiaçı cavabdeh bankın çağrı mərkəzinə zəng edərək, özünə məxsus başqa kartın nömrəsini (**********437872) vermiş, lakin cavabdeh bankın Pərvin adlı əməkdaşı ona həmin kartdan heç bir silinmələr olmadığını bildirmiş, bundan sonra idddiaçı 4127 2093 0335 8631 nömrəli kartına baxılmasını məhz çağrı mərkəzinə etdiyi 2-ci zəngində tələb etmiş, bu zaman həmin əməkdaş ona məhz həmin hesaba kiberhücumun olduğunu, buna görə də kartı blokladığını, kartda olan 15.000 manat limitdən 9.015 manat qalıq qaldığını bildirmişdir. İddiaçı birinci zəngdə ona niyə bu barədə deyilmədiyini soruşduqda bankın əməkdaşı haqlı olaraq, birinci zəngdə ona başqa kart nömrəsi verildiyini bildirmişdir. Bütün bunlar bir daha cavabdeh bankın iddiaçıya maddi ziyan vurulmasında heç bir təqsirinin olmadığını deməyə əsas verir. Çünki əks yanaşma, yəni kreditoru müdafiəsiz qoyan belə hüquqi qeyrimüəyyənlik ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarar.
30. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçıya maddi ziyan dəyməsi mübahisəsiz olsa da, bu ziyanın vurulmasında bankın heç bir hüquq pozuntusuna dəlalət edən hərəkət və ya hərəkətsizliyi, habelə təqsiri müəyyən edilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
31. Məhkəmə mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
32. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
33. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
34. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
36. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.4. Bloklaşdırma – ödəniş aləti vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılmasıdır. Maddə 37.2. Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: - ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; - ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; - ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. Maddə 38.1, 38.1.2-38.1.3. Ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələrindəndir. Maddə 39.1, 39.1.4. Ödəniş xidməti istifadəçisi tərəfindən bu Qanunun 38.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda verilən bildirişdən dərhal sonra ödəniş alətini bloklaşdırmaq ödəniş alətini emissiya edən ödəniş xidməti təchizatçısının vəzifələrindəndir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.
39. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
40. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova