Məhkəmə qərarları › İş №2(006)-605/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-605/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-605/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «faiz borcunun silinməsi və mətkəzləşdirilmiş kredit reyestri haqqında çıxarışdan gecikmə günlərinin silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «faiz borcunun silinməsi və mətkəzləşdirilmiş kredit reyestri haqqında çıxarışdan gecikmə günlərinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Kredit Bürosunun kredit statusunda kredit kartı üçün qeyd olunan qeyri-işlək sözləri tam ödənilmiş sözləri ilə əvəz olunması, 500 manat həcmindəki kredit kartında olan gecikmə günlərinin Azərbaycan Kredit Bürosunun gecikmələr cədvəlindən silinməsi, 4200 manat kreditinə olan gecikmə günlərinin Azərbaycan Kredit Bürosunun gecikmələr cədvəlindən silinməsi, 561.88 manat faiz borcumun cavabdehin ləğvedicisi tərəfindən silinməsi, 1910.37 manat qalıq borcunun kreditin ödəniş cədvəlinə uyğun olaraq tərəfindən ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehin ləğvedicisi tərəfindən 1910.37 manat qalıq borcundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının 500 manat kredit kartına və 4200 manat kreditinə görə yaranan gecikmə günlərinin və 561,88 manat faiz borcunun cavabdeh tərəfindən silinməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 06 avqust 2018-ci il tarixində cavabdeh ilə kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən cavabdeh iddiaçıya illik 23 % dərəcəsi olmaqla 36 ay müddətinə 4200 manat pul vəsaiti və 500 manat həcmində kredit kartı vermişdir. Kredit cədvəlinə əsasən iddiaçı, hər ay cavabdehə olan ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. X1 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən cavabdehin lisenziyası ləğv olunması səbəbindən kredit ödənişlərini edə bilməmişdir. Kredit ödəyicisi olaraq vəzifə borcu olmasa da şəxsi məsuliyyətindən irəli gələrək dəfələrlə cavabdehin qaynar xətinə zəng vuraraq kredit ödənişini hara ödəyəcəyi haqqında məlumat öyrənmək istəsə də, ona demişdirlər ki, “bankın səhmlərinin hansı banka veriləcəyi barədə məlumat olmadığından bu barədə məlumat verə bilməyəcəylər”. Kredit borcunun hansı ünvana ödəyəcəyi barədə heç bir rəsmi bildiriş verilməmişdir. Uzun müddətdən sonra iddiaçıya cavabdehin nümayəndəsi tərəfindən zəng olunaraq, kredit kartı üzrə 251.56 manat, kredit üzrə 2472.25 manat qalıq borcu olduğu bildirilmişdir. Kredit kartı üzrə 251.56 qalıq borcunu ödəmişdir, lakin onun hesablamalarına görə həmin tarixə ümumi kredit üzrə qalıq borcum 1910.37 manat təşkil etməli idi. Bundan başqa bank tərəfindən 4200 manat kredit borcunun 1910.37 manat qalıq hissəsinə əlavə olaraq 561.88 faiz borcu və gecikmə günləri hesablanmışdır. Cavabdehin nümayəndəsinin zəngindən sonra cavabdehin baş ofisinə gedərək ona yazılmış əlavə faiz borcunun əsassız olaraq hesablandığını bildirərək etiraz etmiş və bildirmişdir ki, Azərbaycan Kredit Bürosundan çıxarışdan göründüyü kimi bir neçə illər ərzində onun kredit götürdüyü banklarla heç bir münaqişələri olmamışdır. Belə ki, bütün kredit borclarını vaxtlı-vaxtında ödəmişdir. Cavabdehin işçi heyətinin vəzifə borclarına səhlənkar yanaşmaları səbəbindən onun digər banklarla olan qarşılıqlı fəaliyyətlərinə mənfi təsir göstərdikləri üçün onlar barəsində məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 06.08.2018-ci il tarixli 11/0299/KİK saylı kredit müqaviləsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya illik 23 % dərəcəsi olmaqla 36 ay müddətinə şəxsi istehlak üçün 4200 manat kredit verilmişdir. 27.09.2021-ci il tarixli SF-17763 saylı Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, iddiaçının Ləğv prosesində olan "xxxx" ASC-yə kredit kartı üzrə kreditin qalıq məbləği 251,56 manat, əsas borcun və faizlərin gecikdirildiyi günlərin sayı 98 gün, kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1910,37 manat, əsas borcun və faizlərin gecikdirildiyi günlərin sayı 72 gün təşkil etmişdir. 06.11.2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən kredit kartı üzrə kreditin qalıq məbləği olan 251,56 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən gecikmə günlərinin silinməsi ilə bağlı iddia ərizəsində qeyd olunanları təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Faiz borcunun silinməsi ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Kredit Bürosundan çıxarışdan göründüyü kimi iddiaçı tərəfindən 06.08.2018-ci il tarixli 11/0299/KİK saylı kredit müqaviləsi üzrə əsas borc tam ödənilməmişdir ki, bu halda həmin müqaviləyə əsasən iddiaçı əsas borca hesablanmış faizlərin ödənilməsini öhdəliyinə götürdüyündən iddia həmin hissədə də təmin oluna bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar