Məhkəmə qərarları › İş №2(006)-6127/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6127/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6127/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Mansırov Mamoy İbrahim oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Mansırov Mamoy İbrahim oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 26.12.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasının, 16.04.2020-ci il tarixli 004R**********S saylı və 27.08.2020-ci il tarixli 004R**********SA saylı sazişin ləğv edilməsi; 004R********** saylı kredit razılaşması üzrə 1.242 manat 93 qəpik məbləğində kredit borcu, 199 manat 43 qəpik faiz, 408 manat 92 qəpik cərimə olmaqla, cəmi 1.851 manat 28 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Mansırov Mamoy İbrahim oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.12.2019-cu il tarixli 004L**********01 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.12.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 16.04.2020-ci il tarixli 004R**********S saylı, 27.08.2020-ci il tarixli 004R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faizdən ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.10.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 257 manat 07 qəpik ödəmiş, onun 1.242 manat 93 qəpik məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, Cavabdeh1 kredit borcu və faizdən ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.08.2021-ci il tarixə 329 gün üçün hesablanmış faiz 199 manat 43 qəpik təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 26.08.2021-ci il tarixə 329 gün üçün hesablanmış cərimə 408 manat 92 qəpik təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Mansırov Mamoy İbrahim oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, pandemiya ilə əlaqədar borcu ödəyə bilməmişdir. Əsas borcu hissə-hissə ödəyə biləcəyini, cərimə borcunun isə azaldılmasını xahiş etmişdir. Məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Mansırov Mamoy İbrahim oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Mansırov Mamoy İbrahim oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2019-cu il tarixli 004L**********01 saylı uzunmüddətli kredit müqaviləsindən, 26.12.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.500 manat məbləğində kredit vermişdir. 16.04.2020-ci il tarixli 004R**********S saylı, 27.08.2020-ci il tarixli 004R**********SA saylı sazişlərdən göründüyü kimi, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 30.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26.08.2021-ci il tarixə 1.242 manat 93 qəpik məbləğində kredit borcu, 199 manat 43 qəpik faiz, 408 manat 92 qəpik cərimə olmaqla, cəmi 1.851 manat 28 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 26.12.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Mansırov Mamoy İbrahim oğlu kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bildiriş məktublarından görünür ki, İddiaçı QSC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona və zaminə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə bağlanmış 26.12.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması, 16.04.2020-ci il tarixli 004R**********S saylı və 27.08.2020ci il tarixli 004R**********SA saylı saziş ləğv edilməli; 004R********** saylı kredit razılaşması üzrə 1.242 manat 93 qəpik məbləğində kredit borcu, 199 manat 43 qəpik faiz, 40 manat cərimə olmaqla, cəmi 1482 manat 36 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Mansırov Mamoy İbrahim oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 40 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 40 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə bağlanmış 26.12.2019-cu il tarixli 004R********** saylı kredit razılaşması, 16.04.2020-ci il tarixli 004R**********S saylı və 27.08.2020-ci il tarixli 004R**********SA saylı saziş ləğv edilsin. 004R********** saylı kredit razılaşması üzrə 1.242 manat 93 qəpik məbləğində kredit borcu, 199 manat 43 qəpik faiz, 40 manat cərimə olmaqla, cəmi 1482 manat 36 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Mansırov Mamoy İbrahim oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar