Məhkəmə qərarları › İş №2(006)-6136/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6136/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6136/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2924.16 manat əsas borc, 577.95 manat faiz brocu və 70.82 manat cərimə borcu olmaqla, cəmi 3672.93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 11.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5001) manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 11.07,2019-cu il larixli zaminlik müqaviləsi bağlanmışdır. 30.09.2020- ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 11.10.2021 -ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-dək Cavabdeh1 banka 11.07.2019-cü il tarixli kredit müqaviləsi üzrə 2924.16 manat əsas borc, 577.95 manat faiz borcu və 170.82 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3672.93 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı ASC ilə Cavabdeh1 arasında 11.07.2019-cu il tarixli, 24-MZ-1-0-386-19 nömrəli mikro kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bank Cavabdeh1 24 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 11.07.2019-cu il tarixli, 24-MZ-1-0-386-19 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.09.2020-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kredit verən borc alana 3 ay güzəşt müddəti tətbiq etməklə 11.10.2021-ci il tarixədək 2924,16 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən borclulara ünvanlanan 16.08.2021-ci il tarixdə göndərilən xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcu ödəməli olduğu barədə bank tərəfindən xəbərdar olunmuşlar. 27.08.2021-ci il tarixli maliyyə arayışından borclu Cavabdeh1 11.07.2019-cu il tarixli 24-MZ-1-0-386-19 nömrəli mikro kredit müqaviləsi üzrə 2924.16 manat əsas, 577.95 manat faiz borcu, 170.82 manat cərimə bocu, cəmi 3672.93 manat borcunun olması müəyyən edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh1 24 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş və nəticədə onun 27.08.2021-ci il tarixli maliyyə arayışına əsasən əsas borc üzrə 2924.16 manat, faiz borcu üzrə 577.95 manat, cərimə borcu üzrə 170.82, cəmi 3672.3 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 11.07.2019-cu il tarixli müqavilə üzrə 5 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan 11.07.2019-cu il tarixli 24-MZ- 1-0-386-19 saylı zaminlik müqaviləsi və həmin müqaviləyə 30.09.2020-ci il tarixli 1 nömrəli əlavə sazişi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh-borcalan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehzaminə qarşı da tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 2924.16 manat, faiz borcu üzə 577.95 manat, cərimə borcu üzrə 5 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 3536,1 mant məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 2924,16 manat, faiz borcu üzrə 577,95 manat, cərimə borcu üzrə 5 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manaın 29 manatı, cəmi 3536,11 manat məbləğində pul cavabdhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Yelo Bank ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar