Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6152/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC (keçmiş "xxxx" ASC) arasında bağlanmış 26.08.2019-cu il tarixli 01/2016/KBK saylı kredit müqaviləsinə əsasən iddiaçıya verilən 70.000 manat məbləğində kreditin ödənişlərinin həyata keçirilməsi üçün tərəflərdən mövcud kredit və ipoteka müqavilələrinin şərtlərini və mövcüd qanunvericiliyin tələblərini nəzərə alaraq qətnamə qəbul edilməsinə köməklik göstərilməsinə xahiş etmişdir. Belə ki, iddiaçı bir nümunəvi müştəri və vicdanlı vətəndaş olaraq həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişlərini ölkədən elan olunmuş məlum pandemiya ilə bağlı sərtləşdirilmiş karantinin elan olunduğu 2020-ci ilin mart ayının 25-dək 6 ay ərzində vaxtından qabaq və artıq məbləğ olaraq icra etmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçıya ayrılan kredit vəsaitini təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi, “Elit” korpusu, 1-ci bina, 1-ci mərtəbə, 7-ci koprus, 1 saylı mağazada kişi üst geyimlərinin pərakəndə satışı ilə məşğul olduğu biznes fəaliyyətinə sərf etmişdir. Ölkə ərazisində məlum pandemiya səbəbindən elan olunmuş sərtləşdirilmiş karantin və Operativ Qərargahın məlum qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən bütün iri ticarət mərkəzlərinin fəaliyyətlərinin 25.03.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək dayandırılması və onun rəsmi digər gəlirin olmaması səbəbindən öhdəliyini icra edə bilməmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən müqavilənin icraatının təmin edilməsi ilə bağlı iddiaçıya heç bir köməklik və loyallıq tətbiq olunmamışdır. Əksinə, iddiaçı tərəfindən cavabdehə məsələnin həlli və mövcud müqavilə öhdəliklərinin icrası ilə bağlı 10.06.2021-ci il tarixdən bu günədək 2 dəfə müraciət olunsa da, həmin təklifin qəbul edilibedilməməsi ilə bağlı cavab məktubunda heç bir qeyd yazılmaması bir yana, əksinə iddiaçı tərəfindən ödənişlərin qəsdən icra edilmədiyi barədə qərəzli mövqe və iftira qeyd olunmuşdur. Bütün mümkün hüquqi kompromis variantları ilə bu məsələnin hüquqi müstəvidən kənar şəkildə cavabdehlə öz aralarında həlli üçün tərəfindən atıla biləcək bütün mümkün addımlar tükəndiyi üçün iddiaçı öz konstitusion hüquqlarından istifadə edərək və «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini rəhbər tutaraq məhkəməyə müraciət (şikayət) etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı ilə LPO "xxxx" arasında bağlanmış 19.08.2019-cu il tarixli 01/2016/KBK saylı kredit müqaviləsinə xitam verilməsi, ölkə ərazisində məlum pandemiya ilə bağlı elan olunmuş xüsusi sərtləşdirilmiş karantin rejimi ilə bağlı Operativ Qərargahın verdiyi qərara əsasən 25.03.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək kredit müqaviləsi və onun tərkib hissəsi olan ödəniş qrafikinə əsasən həmin müddət ərzində kreditinin əsas qalıq hissəsinə hesablanmış faiz borcunun proporsional şəkildə azaldılması, fəaliyyətini yeni bərpa etdiyi biznesindən əldə etdiyi gəlirin yeni formalaşmasına uyğun şəkildə 60 aylıq stabil ödəniş məbləğinin müəyyən olunması və bu öhdəliyin cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan 26.08.2019-cu il tarixli, 01/2026/KBK saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin 1 saylı filialı tərəfindən İddiaçı 36 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 70000 manat kredit verilmişdir. İşdə olan ləğv prosesində olan "xxxx" ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 27.05.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 26.08.2019-cu il tarixli 01/2026/KBK saylı kreditin yenidən restrukturizasiya olunması ilə bağlı müraciətinə ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərinə Sığortalanması Fondunda baxılmışdır. İddiaçıla ləğv prosesində olan "xxxx" ASC arasında 26.08.2019-cu il tarixdə imzalanmış 01/2026/KBK saylı kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 36 ay müddətinə 70.000 manat məbləğində kredit ayrılmışdır. Qeyd olunan kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. Həmçinin Cavabdeh1 ASC hazırda ləğv prosesində olduğundan və bankın özünün kreditorları qarşısında mövcud olan öhdəliklərinin icrası həyata keçirildiyindən, «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 72.1.6-cı maddəsinə əsasən bankın müflis elan olunması nəticəsində bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Ölkə ərazisində karantin rejimin elan edilməsi Bank qarşısında mövcud olan öhədliklərinin icrasında imtina üçün əsas ola bilməz. Ərizədə nəzərdə tutulan kredit müqaviləsi üzrə faizlərin və digərr haqların hesablanması dayandırılması, restrukturizasiya olunması mümkünsüzdür. İşdə olan ləğv prosesində olan "xxxx" ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 16.07.2021-ci il tarixli məktubundan görünür ki, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında 26.08.2019-cu il tarixdə kredit verilməsi haqqında 01/2026/KBK saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən illik 22 % ödənilməsi şərti ilə 36 ay müddətinə 70.000 manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri İddiaçı tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində İddiaçı 01.07.2021-ci il tarixinə LPO Banka 54910,46 manat məbləğində əsas borc, 16.443,30 manat məbləğində faiz borcu, ümumilikdə isə 71353,76 manat məbləğində borcu qalmışdır. Kreditor borclarını ödəməkdən qəsdən yayınmağı son nəticədə onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən kreditor borclarını ödəməkdən qəsdən yayınma cinayət məsuliyyəti yaradan ictimai təhlükəli əməldir. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə İddiaçı tələb olunmuş 71353,76 manat məbləğində 3 gün ərzində borcun ödənilməsini xahiş etmişdir. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi il məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh1 ASC-dən illik 22 % ödənilməsi şərti ilə 36 ay müddətinə 70.000 manat məbləğində kredit götürülmüşdür. Lakin iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və 01.07.2021-ci il tarixə banka 54910,46 manat əsas borc, 16.443,30 manat faiz borcu, cəmi 71353,76 manat borcu yaranmışdır. Hazırda İddiaçı 19.08.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsini, ölkə ərazisində məlum pandemiya ilə bağlı elan olunmuş xüsusi sərtləşdirilmiş karantin rejimi ilə bağlı Operativ Qərargahın verdiyi qərara əsasən 25.03.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək kredit müqaviləsi və onun tərkib hissəsi olan ödəniş qrafikinə əsasən həmin müddət ərzində kreditinin əsas qalıq hissəsinə hesablanmış faiz borcunun proporsional şəkildə azaldılmasını, fəliyyətini yeni bərpa etdiyi biznesindən əldə etdiyi gəlirin yeni formalaşmasına uyğun şəkildə 60 aylıq stabil ödəniş məbləğinin müəyyən olunmasını və bu öhdəliyin cavabdeh üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.1-maddəsində qeyd olunur ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd olunan Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İşin hallarından göründüyü kimi, İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinin xitamını tələb etsə də, müqavilənin xitamı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmasına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iş üzrə toplanmış sübutlar iddiaçının hələ də LPO “NBC Bank“ ASC-yə kredit müqaviləsi üzrə borcunun qaldığını, lakin pandemiya ilə əlaqədar ödənişlərində müəyyən çətinliklərin olduğunu göstərmişdir. Məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). İddiaçının tələbinin digər hissəsi, yəni ölkə ərazisində məlum pandemiya ilə bağlı elan olunmuş xüsusi sərtləşdirilmiş karantin rejimi ilə bağlı Operativ Qərargahın verdiyi qərara əsasən 25.03.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək kredit müqaviləsi və onun tərkib hissəsi olan ödəniş qrafikinə əsasən həmin müddət ərzində kreditinin əsas qalıq hissəsinə hesablanmış faiz borcunun proporsional şəkildə azaldılması, fəaliyyətini yeni bərpa etdiyi biznesindən əldə etdiyi gəlirin yeni formalaşmasına uyğun şəkildə 60 aylıq stabil ödəniş məbləğinin müəyyən olunması və bu öhdəliyin cavabdeh üzərinə qoyulması tələbi də müqavilənin xitam verilməsi hissəsində təmin olunmadığına və ilkin tələblə bağlı olduğuna görə iddia tələbinin digər hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin xitam verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, onun tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6152/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6152/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver