Məhkəmə qərarları › İş №2(006)-619/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-619/2024

04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-619/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə ona dəymiş 4.700 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonundan məcburi köçkün kimi qeyd etyi ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Taxta körpü ərzisində Laçın rayon Qarakeçdi obası adlanan ərizdə yaşayış olmayan əraziyə gedən elektirik xətti qırılmış və nəticədə ona məxsus 3 (üç) baş iri buynuzlu dəyəri 4700 (dörd min yeddi yüz) manat olan mal qarasını elektirik cərəyanı vurub öldürmüşdür. Həmin gün hadisə ilə əlaqədar Ağcabədi rayon Elektirik şəbəkəsinə məlumat vermişdir. Ağcabədi rayon Elektirik şəbəkəsinin işçisi hadisə ilə bağlı gəlib həmin əraziyə gedən elektririk naqillərini kəsmişdir. Bununla bağlı Ağcabədi rayon Elektirik şəbəkinin müdirinə müraciət etmişdir. Hadisə barədə xəbərlərinin olmamasını bildirərək ona heç bir köməkdarlıq edə bilməyəcəklərini bildirmişdir. O, bundan sonra Laçın rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Laçın rayon Prokurorluğu ərizəsini araşdırması üçün Laçın RPŞ göndərilmiş şöbədə ərizə ilə bağlı araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ağcabədi Elektirik şəbəkəsinin işçisi X2 izahatı alınmış, o, həmin hadisəsnin baş verdiyini və heyvanların cəsədlərini gördüyünü etiraf etmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Ağcabədi rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Laçın rayon Qarakeçdi kənd sakinləri X7, X3 və X5 tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli aktdan görünür ki, Laçın rayon Qarakeçdi kənd sakini X4 3 baş iribuynuzlu mal qarasını Ağcabədi rayon Taxta körpü Qarakeçdi obasında həmin obaya gedən elektirik naqili qırılaraq iribuynuzlu heyvanları vuraraq öldürmüşdür. İş materiallarında olan Ağcabədi rayon mal-qara alqı-satqı bazarının müdüri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, iri buynuzlu boğaz və balalı inəklərin bazar qiyməti orta hesabla aşağıdakı kimidir: 2 baş balalı inəyin hər biri 1700 manat olmaqla 2x1700=3400 manat; 1 baş boğaz inəyin biri 1300 manat. Cəmi 4700 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Yarma Protokollarından görünür ki, həmin tarixdə İddiaçı məxsus 3 (üç) baş iri buynuzlu heyvan elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. İş materiallarında olan X17 Təchizatı və Satışı İdarəsi Ağcabədi Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ərizədə qeyd edilmiş xx.xx.2023ci il tarixdə göstərilən ünvanda 3(üç) baş iribuynuzlu heyvanın elektrik cərayanı vurması ilə bağlı, Ağcabədi elektrik şəbəkəsinə hər hansı bir məlumat daxil olmamışdır. Eyni zamanda 3 (üç) baş iribuynuzlu heyvanın elektrik cərayanı vurması ilə bağlı tərtib edilmiş xx.xx.2023-ci il tarixli Aktda, "xxxx" ASC-nin Ağcabədi elektrik şəbəkəsinin məsul şəxslərinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti İddiaçı göndərilməklə Ağcabədi Elektrik şəbəkəsindən pul tələbi mülkü xarakterli olduğundan ona aidiyyəti üzrə Məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunması qərara alınmışdır. İş materiallarında olan Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 387 saylı arayışından görünür ki, X9 məcburi köçkündür və Qaakeçdi kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4sində "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Beləliklə, toplanmış iş materialları nəticəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır. İşin materiallarında olan Ağcabədi rayon mal-qara alqı-satqı bazarının müdüri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən göründüyü kimi tələf olan heyvanın hazırda bazar qiyməti 4.700 manat dəyərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinadetdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyanın əvəzi kimi 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar