Məhkəmə qərarları › İş №2(006)-6212/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6212/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6212/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qəhrəmanova (İbrahimova) Rəhilə Rəhim qızının cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəbbə və faizlərin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qəhrəmanova (İbrahimova) Rəhilə Rəhim qızı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəbbə və faizlərin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə iddiaçı arasında bağlanmış 10KL/13 saylı, 08.11.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə 1 milyon manat məbləğində kredit xətti açılmışdır. Əlavə kredit müqaviləsinə əsasən iddiaçıya 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Atası Nümayəndə2 da iddiaçıya zamin olmuşdur. 26.05.2015-ci il tarixli sazişlə həmin kredit müddəti 03.02.2018ci il tarixədək artılmış və iddiaçıya yeni ödəniş cədvəli verilmişdir. İddiaçı həmin krediti ölkəsində devalvasiya olunmazdan öncə götürmüşdür və həmin kreditinin çoxunu ödəmişdir, lakin sonradan maddi çətinliyi olduğundan ödənişlərini tam olaraq ödəyə bilməmişdir. Azərbaycan Respublikasının 2019-cu ilin aprel ayında problemli kreditlərlə bağlı verdiyi fərmanla bağlı olaraq götürdüyü və ödənişini tam ödəmədiyi kreditin restrukturizasya edilməsi zamanı sonra müəyyən olunmuşdur ki, "xxxx" KB ASC arasında aralarında anlaşılmamazlıq müəyyənləşmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.07.2020-ci il tarixli 9/2366 saylı ekspert rəyinə əsasən banka olan qalıq borc 834,76 ABŞ dolları məbləğində (1419,09 manat) müəyyən edilmişdir. Lakin bankın tələbi 4808 manat olunmuş əlavə dəbbə və faiz hesablanması müvafiq əsasında müəyyən olunmuşdur. Qeyd olunan faktlara istinad olunaraq etdiyi müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı 10.03.2021-ci il tarixli 16- 00584-2021 saylı cavab məktubda faizlər və dəbbə pulları tam şəkildə silinir. "xxxx" KB ASC ilə aralarında mövcud olan xüsusi münasibətlərdən irəli gəlir və bütün bunları əsas tutaraq İPM-nin 34.1-ci maddəsini rəhbər tutaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının "xxxx" KB ASC-dən başqa krediti yoxdur. Göstərilənlərə əsasən onları aradan qaldırmaq üçün dəbbə və faizlərin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 10KL/13 saylı əsas kredit müqaviləsinin surətindən görünür ki, bank X2 1.000.000 manat məbləğində 60 ay müddətinə 08.11.2018-ci il tarixədək müddət ərzində, müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit vermişdir. Rəhilə İbrahimovanın müqavilədən irəli gələn öhdəliklərinin icrası 08.11.2013-cü il tarixli 10KLİ/13 saylı ipoteka müqaviləsinə əsasən Nümayəndə2 mülkiyyətində olan Masallı rayonu, Məmmədrzaküçə kəndindəki 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayı evi ilə təmin olunmuşdur. İş materiallarında olan "xxxx" KB ASC ilə zamin Nümayəndə2 və borclu X5 arasında bağlanmış 12.12.2013-cü il tarixli, 10KZİ/13-1 saylı zaminlik müqaviləsindən görünür ki, Nümayəndə2 bank qarşısında borclu Rahilə İbrahimovanın 12.12.2013-cü il tarixli, 10KL/13-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərində götürmüşdür. Kredit müqaviləsi üzrə bank tərəfindən borclu Rahilə İbrahimovaya 12.12.2016-cı il tarixədək 36 ay müddətinə kreditdən istifadəyə görə 6% ödənilməsi şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə zamin Nümayəndə2 və borclu X5 arasında bağlanmış 03.09.2014-cü il tarixli, 10KLZ-1/13-2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Nümayəndə2 bank qarşısında borclu X1 03.09.2014-cü il tarixli, 10KL/13-2 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə bank tərəfindən Rahilə İbrahimovaya 03.03.2017-ci il tarixədək 30 ay müddətinə kreditdən istifadəyə görə illik 24% ödənilməsi şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" KB ASC ilə borcalan X5 arasında bağlanmış 03.03.2014-cü il tarixli, 10KL/13-2 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 26.05.2015-ci il tarixli sazişin surətindən görünür ki, tərəflər arasında bağlanmış 03.03.2014-cü il tarixli 10KL/13-2 saylı kredit müqaviləsinin 1.3-cü bəndinə nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 22,5 faiz, müddət isə 03.02.2018-ci il tarixədək müəyyən edilməsi barədə dəyişiklik edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.06.2018-ci il tarixli, 2(102)-4471/2018 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.03.2017-ci il tarixli, 2(011)-409/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X5 və digərlərinə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi» barədə iddiası qismən təmin edilərək, cavabdehlər Rahilə İbrahimova, Nümayəndə2 və Nazim Xəlilovdan müştərək qaydada 12.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4223,96 manat, faiz borcuna görə 80,50 manat, hesablanmış cəriməyə görə 100 manat, cəmi 4.404,46 manat kredit borcunun, cavabdehlər Rahilə İbrahimova və Nümayəndə2 ödəniş vaxtı milli manata məzənnədə 03.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 6.497,75 ABŞ dolları, faiz borcuna görə 423,49 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 7021,24 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka predmeti olan Nümayəndə2 məxsus olan Masallı rayonu, Məmmədrzaküçə kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və evin ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, torpaq sahəsi və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Nümayəndə2 və Nazilə İbrahimovanın oradan çıxarılmaları və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdehlər Nümayəndə2 və Rahilə İbrahimova qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.10. 2017-ci il tarixli, 2(103)-10641/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.03.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Rahilə İbrahimova, Nümayəndə2 və onların vəkili Tofiq Şahmarov qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.06.2018-ci il tarixli qərarı ilə cavabdehlər Rahilə İbrahimova, Nümayəndə2 və onların vəkili Tofiq Şahmarov oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2017-ci il tarixli,2(103)-10641/2017 saylı qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Nəsimi rayon Məhkəməsinin 2(006)-196/2021 saylı, 10.02.2021-ci il tarixli qərardadına əsasən iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdehlər "xxxx" KB ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “götürülmüş kreditin restrukturizasiyasının nəticələrinin yenidən hesablanması” tələbinə dair iddiası ilə bağlı mülki işə ümumi instansiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4508/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadına əsasən iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə bank sənədləri ilə aparılmış restrukturizasiyasının nəticələrinin yenidən hesablanması və kompensasiyanın ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardadı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq məlumat bazalarına əsasən Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızı ilə "xxxx" KB ASC arasında 03.09.2014-cü il tarixdə bağlanmış 10.000 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixə qalıq qalan 8710,85 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla 2.177,71 manat kompensasiya məbləği və 21.12.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 6766,63 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq 4059,98 manat olmaqla cəmi 6237,69 manat kompensasiya hesablanmışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (01.03.2019-cu il tarixə) həmin müqavilə üzrə 6497,75 ABŞ dolları(11.046,17 manat) əsas kredit borcu qaldığından yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə kredit borcunun ödənilməsinə yönəldilmiş və qalıq qalan 4808,48 manat əsas borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 5-ci hissəsinə görə restukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə 01.03.2019-cu il tarixə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göstərilən tarixə qədər həyata keçirilmiş ödənişlərin yalnış olaraq əsas borca deyil, faiz borcuna yönəldilməsinə gəlincə isə bu hissədə mübahisə vətəndaşlarla "xxxx" KB ASC arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. İş materiallarında olan X1 hesabın çıxarışından görünür ki, X3 3669,22 ABŞ dolları kompensasiya hesablanmışdır və həmin tarixdə Nümayəndə2nın 03.09.2014-cü il tarixli 10KL/13-2 saylı kredit müqaviləsinə əsasən xarici valyutada vaxtı keçmiş kreditin 3669,22 ABŞ dolları nağdsız ödənilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 17.09.2020-ci il tarixli, 9/2366 nömrəli məhkəmə-mühasibatlıq ekspertiza rəyin surətindən görünür ki,İddiaçı krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair problemli kreditlərin kompensasiyası vərəqəsi, hesabdan çıxarış məlumatları, 03.09.2014-cü il tarixli, 10KL/13- 2 saylı əlavə kredit müqaviləsinin, 26.05.2015-ci il tarixli sazişin şərtləri əsas götürülməklə, İddiaçı ödənilməli kompensasiya (6237,69 manat məbləğində (3669,23 ABŞ dolları) və borcalanın 15.01.2020-ci il tarixə (sonuncu maliyyə arayışında göstərilən tarix) banka olan və restrukturizasiya olunacaq borcu 834,76 ABŞ dolları məbləğində (1419,09 manat (834,76 x 1,70=1419,09)) müəyyən edilir, o cümlədən 15.01.2020-ci il tarixə əsas borc üzrə 834,76 ABŞ dolları müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 08.11.2013-cü il tarixli, 10KL/13 saylı əsas kredit müqaviləsinə əsasən bank iddiaçıya 1.000.000 manat məbləğində 60 ay müddətinə 08.11.2018-ci il tarixədək müddət ərzində, müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit vermişdir. İddiaçının müqavilədən irəli gələn öhdəliklərinin icrası 08.11.2013-cü il tarixli 10KLİ/13 saylı ipoteka müqaviləsinə əsasən Nümayəndə2 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə təmin olunmuşdur. 03.09.2014-cü il tarixli, 10KLZ- 1/13-2 saylı zaminlik müqaviləsinə əsasən zamin Nümayəndə2 bank qarşısında iddiaçının 03.09.2014-cü il tarixli, 10KL/13-2 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə bank tərəfindən Rahilə İbrahimovaya 03.03.2017-ci il tarixədək 30 ay müddətinə kreditdən istifadəyə görə illik 24% ödənilməsi şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki,iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə Banka borc yaranmışdır. Qanuni qüvvəyə minmiş Xətai rayon Məhkəməsinin 14.03.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər Rahilə İbrahimova, Nümayəndə2 və Nazim Xəlilovdan müştərək qaydada 12.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4223,96 manat, faiz borcuna görə 80,50 manat, hesablanmış cəriməyə görə 100 manat, cəmi 4.404,46 manat kredit borcunun, cavabdehlər Rahilə İbrahimova və Nümayəndə2 ödəniş vaxtı milli manata məzənnədə 03.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 6.497,75 ABŞ dolları, faiz borcuna görə 423,49 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 7021,24 ABŞ dolları kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmeti olan Nümayəndə2 məxsus olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" KB ASC-nin iddiaçının barəsində verdiyi məlumatlar nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli Fərmanının müddəaları tətbiq edilmişdir. İddiaçının 01.03.2019-cu il tarixə qalıq borc məbləği 4808,48 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07.07.2020-ci il tarixli ekspert rəyi ilə onun banka olan qalıq borc 834,76 ABŞ dolları məbləğində (1419,09 manat) müəyyən edilmişdir. Lakin bankın tələbi 4808 manat olunmuş əlavə dəbbə və faiz hesablanması müvafiq əsasında müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçı götürülmüş kreditin fərmana əsasən restrukturizasiyasının nəticələrinin yenidən hesablanması zamanı müəyyən olunmuş əlavə dəbbə və faizlərin silinməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə Bank qarşısında öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci ilin fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci ilin fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcuların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvar 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, bankara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güşəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin tələbi üzrə borclulardan, o cümlədən hazırki iş üzrə iddiaçıdan əsas borc üzrə 6497,75 ABŞ dolları, faiz borcu üzrə 423,49 ABŞ dollar, cəriməyə görə isə 100 ABŞ dollarının, ümumilikdə 7021,24 ABŞ dollarının tutulması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli Fərmanına əsasən isə məhkəmə qətnaməsi ilə müəyyən edilən borcdan 3669,22 ABŞ dolları kompensasiya şəklində və hesablanmış faiz (423,49 ABŞ Dolları) , cərimə (100 ABŞ Dolları) isə Fərmana əsasən silinmişdir. Məbləğlər silindən sonra isə iddiaçının "xxxx" KB ASC-yə 2828,53 ABŞ Dolları (4808 manat) yekun borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli Fərmanına əsasən iddiaçının kredit müqaviləsi üzrə borcundan faiz və cərimələrin silinməsi müəyyən edildiyindən silinmiş faiz və cərimənin yenidən silinməsinədə zərurət qalmamışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Qəhrəmanova (İbrahimova) Rəhilə Rəhim qızının cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəbbə və faizlərin silinməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qəhrəmanova (İbrahimova) Rəhilə Rəhim qızının cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəbbə və faizlərin silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar