Məhkəmə qərarları › İş №2(006)-622/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-622/2022

04.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-622/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan sabiq rayon prokuroru, baş ədliyyə müşaviri X2 rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş qanunsuz hərəkətləri səbəbindən qanuni mənafeyinə vurulmuş 9.500 manat məbləğində maddi ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını; məhkəmə nəzarəti qaydasında müəyyən edilmiş Xətai rayon Prokurorluğunun təqsirkar-cavabdeh şəxslərinin reqres iddia qaydasında məsuliyyətə cəlb olunmalarının mümkünlüyü məsələsinə baxılmasını; hazırda sifarişli həbsdə saxlanıldığı nəzərə alınaraq mülki məhkəmə icraatı qaydasında keçiriləcək məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə müvafiq zəruri tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, müstəntiq Məhərrəm Əzizbəyovun hüquqa və qanuna zidd hərəkətləri ilə bağlı dövlət hakimiyyəti orqanlarına müxtəlif məzmunlu çoxsaylı müraciətlər ünvanlanmış və hərəkətlərinin qanuniliyinin yoxlanılması xahiş edilmişdir. Bu müraciətlərlə bağlı Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri X5 rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadəyə sorğu ünvanlayaraq ona cavab verilməsini, Bakı şəhər Prokurorluğuna isə arayış təqdim edilməsini xahiş etmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadə üzərinə düşən funksional vəzifə borcunun icrasını yerinə yetirməkdən məqsədyönlü şəkildə yayınmış və hərəkətsizlik nümayiş etdirərək pozulmuş hüquq və azadlıqlarının inzibati qaydada müdafiəsini təmin etməmişdir. Bu səbəbdən Xətai rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadənin hərəkətlərinin qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması məqsədilə aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə şikayət ünvanlanmışdır. Xətai rayon Məhkəməsində işə hakim Cavid Hüseynin sədrliyi ilə baxılaraq 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qərar qəbul edilmişdir. Bu qərarla müstəntiq Məhərrəm Əzizbəyovun və prokuror Yusif İldırımzadənin qeyri-prosessual hərəkətləri qanunsuz hesab edilmiş və Azərbaycan Respublikası CPM-nin 207, 209, 210 və 212-ci maddələrinin tələblərinin pozulması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətinə çatdırılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş bu qərarı ilə sübut olunmuşdur ki, hər iki prosessual şəxs ona münasibətdə hakimiyyət səlahiyyətlərindən sui-istifadə etməklə kobud və ciddi hüquq və qanun pozuntularına yol vermişlər. Məhz analoji vəziyyətlə bağlı Azərbaycan Respublikasının CPM-nin 451.3 və 451.3.3-cü maddələrinin tələblərində qanunverici orqan xüsusilə qeyd edir ki, şikayət edilmiş hərəkət qanunsuz hesab edildikdə, şikayət vermiş şəxsə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilir. İstinad olunan bu prosessual hüquq normasının müddəalarından aydın olur ki, hər bir halda əgər hər hansı bir prosesual şəxsin hərəkətləri məhkəmə nəzarəti qaydasında qanunsuz hesab edilirsə, o zaman hüquq və azadlıqları pozulmuş şəxsin qanuni mənafeyinə ziyanın vurulması faktı mövcud olur. Pozulmuş hüquq və azadlıqlarımın bərpası və müdafiəsi məqsədilə digər dövlət hakimiyyəti orqanlarına, xüsusilə də Xətai rayon Prokurorluğu ilə 2 il ərzində müraciətlər ünvanlanaraq yazışmalar aparılmış və bununla bağlı şəxsi vəsaiti, vaxtı və əməyi sərf olunmuşdur. Bundan əlavə Xətai rayon Prokurorluğunun məsul vəzifəli şəxslərinin özbaşınalığa və qanunsuzluğa yol vermələri səbəbindən o, əsassız həbsdə qalmaqla Ağsu rayonu Xasıdərə kəndində yerləşən fərdi yaşayış evinin təsərrüfat sahəsində saxlanılan iri və xırda buynuzlu mal-heyvanının naməlum şəraitdə və müəmmalı şəkildə itirilməsi və ya yoxa çıxması ilə əlaqədar mülkiyyətindən məhrum olmuşdur. Bundan əlavə, cinayət işi üzrə kassasiya icraatının materiallarının 2 il ərzində Xətai rayon Prokurorluğunun ünvanında hərəkətsiz saxlanılması səbəbindən müvafiq qərarlardan verilmiş kassasiya və əlavə kassasiya qaydasında şikayətlərə mahiyyəti üzrə baxılması mümkün olmamış, nəticədə isə o, hal-hazıradək həbsdə qalaraq azadlıq hüququndan məhrum olmuşdur. Bu müddət ərzində isə naməlum şəxslərin birbaşa qəsdi nəticəsində uzun illər istifadəsində olmuş «Teliba» istirahət mərkəzinin ərazisində müxtəlif xarakterli çoxsaylı cinayət hadisələri törədilmiş, nəticədə isə mülkiyyətində olan daşmar və daşınmaz əmlaklara külli miqdarda maddi ziyan vurulmuşdur. Qeyd olunan bütün faktın mövcudluğu konkret faktlarla və rəsmi sənədlərlə sübut olunur və qanuni mənafeyinə maddi ziyanın vurulması inkarolunmazdır. Belə ki, işin faktiki hallarından məlum olduğu kimi 2018-ci ilin iyul ayından başlayaraq hal-hazıradək Xətai rayon Prokurorluğuna etdiyi müxtəlif xarakterli çoxsaylı müraciətləri əsasında qanuni prosessual hərəkətlərin vaxtında və düzgün icra edilməməsi səbəbindən o, məcburiyyət qarşısında qalaraq nəzarətedici dövlət hakimiyyəti orqanlarına müraciət edərkən vaxtını və əməyini sərf etməklə psixoloji sarsıntılar və mənəvi iztirablar keçirmişdir. Xətai rayon Prokurorluğunun məsul vəzifəli şəxsləri isə onlara verilmiş hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalığa və qanunsuzluğa yol vermiş, bununla da Azərbaycan Respublikası vətəndaşının konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Məhz belə hallarla bağlı Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsində imperativ şəkkdə qeyd olunur ki, hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin tələbində isə xüsusilə qeyd olunur ki, Konstitusiyanın və Qanunların pozulması, o cümlədən Konstitusiyada və Qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Xətai rayon Məhkəməsinin qanuni qüvvədə olan 04 iyun 2020-ci il tarixli 6(011)- 34/2020 saylı qərarı ilə sübut olunur ki, Xətai rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyov və ibtidai araşrırmaya prosessual rəhbərliyi həyata keçirməli olan prokuror, baş ədliyyə müşaviri Yusif İldırımzadə Azərbaycan Respublikası CPM-nin 207, 209, 210 və 212-ci maddələrinin tələblərini pozmaqla qanunsuz hərəkətlər icra etmişlər. Məhz bu səbəbdən istinad olunan konstitusion hüquq normalarının tələbləri əsasında hər iki prosessual şəxsin qanunsuz hərəkətləri qanunla müəyyən edilən məsuliyyətin yaranmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İV hissəsinin tələbindən məlum olduğu kimi dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Göründüyü kimi dövlət qulluqçularının qanuna zidd hərəkətləri nəticəsində mülki məsuliyyətin yaranması qanunda nəzərda tutulmuş haldır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbində isə qeyd olunur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin obyektiv hallarını istinad olunan bu prosessual hüquq normalarının tələbləri əsasında qiymətləndirdikdə aydın olur ki, hər iki təqsirkar prosessual şəxsin qanunsuz hərəkətləri nəticəsində onun qanuni mənafeyinə ziyanın vurulması faktının mövcudluğu qanunun tələbləri ilə müəyyən olunur və bu hal sübutsuz müəyyən edilən hal hesab olunur. Məhz bu səbəbdən də, qanuni mənafeyinə vurulmuş ziyanın əvəzi Azərbaycan dövləti tərəfindən ödənilməlidir. Bununla əlaqədar olaraq Xətai rayon Məhkəməsi qarşısında mülki məhkəmə icraatı qaydasında Xətai rayon Prokurorluğuna qarşı iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsində işə hakim Sərdar Mehralıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılmış və məhkəmə baxışının nəticəsinə dair 02 noyabr 2020-ci il tarixli 2(011)-6120/2020 saylı qətnamə qəbul edilərək iddia tələbləri təmin olunmamışdır. Xətai rayon Məhkəməsi tərəfindən qəbul olunmuş bu qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya instansiyası məhkəməsində işə hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılaraq 18 avqust 2021-ci il tarixli 2(103)-7482/2021 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, vurulmuş ziyanın əvəzi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməli, bununla əlaqədar olaraq iddia bilavasitə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı qaldırılmalı, digər inzibati orqanlar isə 3-cü şəxs qismində işdə iştiraka cəlb olunmalıdır. Məhkəmənin bu qənaətinə əsasən işdə iştiraka cəlb olunmuş Xətai rayon Prokurorluğu iddiaya cavab verməli olan subyekt hesab edilməmiş və bu səbəbdən apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar olaraq hazırkı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində işdə iştiraka cəlb olunmaqla iddia ərizəsi və ona əlavə edilmiş iş materialları ərazi və məhkəmə aidiyyəti üzrə təqdim olunmuşdur. İşin obyektiv hallarından məlum olduğu kimi o, uzun illər İsmayıllı rayonu Basqal meşəbəyliyi ərazisində yerləşən «Teliba» istirahət mərkəzinin fəaliyyətinə rəhbərliyi həyata keçirməklə hər il 250.000 manat qazanc əldə etmişdir. Xətai rayon Prokurorluğunun özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində kassasiya və əlavə kassasiya qaydasında şikayətlərinin aidiyyəti üzrə Ali Məhkəməyə göndərilməməsi səbəbindən müvafiq qərarlardan verilmiş şikayətlərə mahiyyəti üzrə baxılmamış və o, halhazıradək əsassız həbsdə qalmaqla əldən çıxmış fayda olaraq illik 250.000 manat məbləğində qazancından məhrum olmuşdur. Bu hissədə əldən çıxmış fayda şəklində Xətai rayon Prokurorluğunun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və özbaşınalığı səbəbindən onun qanuni mənafeyinə bu günə qədər 500.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə, kassasiya və əlavə kassasiya şikayətlərinin Xətai rayon Prokurorluğunun ünvanında 2 il ərzində hərəkətsiz saxlanılması səbəbindən məhkəmə mübahisələrinə aidiyyəti üzrə baxılması təmin olunmamış, bu müddət ərzində «Teliba» istirahət mərkəzinin ərazisində naməlum şəxslər tərəfindən törədilmiş müxtəlif xarakterli çoxsaylı cinayət əməlləri nəticəsində mülkiyyətinə 8.980 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhz bu real vəziyyətə uyğun olaraq iddia ərizəsinin «Hüquqi məsələlər» bölməsində istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbindən görünür ki, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa elmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) vurulmuş zərərin əsasını müəyyən edir. Qanuni mənafeyinə vurulmuş zərərin qeyd olunan mahiyyətindən isə aydın şəkildə görünür ki, Xətai rayon Prokurorluğunun təqsirkar vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və özbaşınalığı ilə birbaşa səbəbli əlaqəsi olan bu cinayətlərin törədilməsi nəticəsində o, əmlakından məhrum olmuş, qanuni mənafeyinin müdafiəsi ilə bağlı apardığı uzunmüddətli yazışmalarla bağlı şəxsi vəsaitlərini və əməyini sərf etmiş və Xətai rayon Prokurorluğunun məsul vəzifəli şəxslərinin hərəkətsizliyi səbəbindən 2018-ci ilin iyun ayından etibarən halhazıradək həbsdə qalması ilə əlaqədar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Qeyd olunan bu və ya digər faktların mövcudluğunu təsdiq edən rəsmi sənədlərlə sübut olunur ki, Xətai rayon Prokurorluğunun təqsirkar vəzifəli şəxslərinin qanunsuz əməllərinin törədilməsi onun üçün ağır nəticələrə səbəb olmuş və qanuni mənafeyinə külli miqdarda maddi zərər dəymişdir. Məhz analoji hala uyğun olaraq iddia ərizəsinin «Hüquqi məsələlər» bölməsində istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən görünür ki, Xətai rayon Prokurorluğunun təqsirkar vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində onun qanuni mənafeyinə vurulmuş maddi ziyanın əvəzini Azərbaycan Respublikası ödəməlidir. Bu səbəbdən qanuni mənafeyinə vurulmuş ziyanın Azərbaycan dövləti tərəfindən ödənilməsi ilə bağlı hazırkı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində, Azərbaycan Respublikası Baş Prokurorluğu isə 3-cü şəxs olaraq işdə iştiraka cəlb olunmuşlar. Konkret faktların mövcudluğunu təsdiq edən mötəbər sübut əhəmiyyətli məhkəmə aktlarından və digər rəsmi sənədlərdən görünür ki, 2018-ci ilin iyun ayından etibarən hal-hazıradək onun qanuni mənafeyinə ümumilikdə 598.980 manat maddi ziyan dəymiş, vurulmuş real zərərin məbləği isə 9.500 manat təşkil etmişdir. Qeyd olunan məbləğdə ziyanın könüllü şəkildə ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Xətai rayon Prokurorluğuna pretenziya ünvanlanmış, lakin ödənişin icrası təmin olunmamışdır. Bununla əlaqədar olaraq tələb olunan məbləğin təqsirkar - cavabdeh inzibati orqanlardan alınaraq onun hesabına ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı Xətai Rayon Prokurorluğunun və məhkəmələrin hərəkətlərini qanunsuz hesab edərək ona maddi ziyan vurulduğunu hesab edir və bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən öz xeyrinə 9.500 manat maddi zərərə görə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz hesab edərək, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş, iddia tələbini ona yönəltmişdir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, «Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər». Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikası Maliyyə Nazirliyi deyildir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu və Maliyyə Nazirliyi tərəfindən vurulması ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir. İddiaçı X3 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «Vurulmuş zərərin ödənilməsi tələbinə dair» iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - İddiaçı məkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Xətai rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun qeyri-prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi barədə CPM-nin 451.1 və 451.1.2-ci maddələrinin tələbləri əsasında qərar qəbul edilməsi, işin faktiki hallarına uyğun olaraq CPM-nin 84, 504 və 212-ci maddələrinin tələbləri əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadənin və Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Tariyel Qurbanovun hərəkətlərinin qanuna uyğunluğunun yoxlanılması, məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq hərəkətlərindən şikayət olunan hər üç prosessual şəxsin barəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı Cinayət Prosessual Məcəllənin 451.3.2-ci maddəsinin tələbinin icra olunması, cinayət törətmiş Ali Məhkəmənin «Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi»nin məsləhətçilərinin cinayət məsuliyyətinə cəlb olunmaları məqsədi ilə CPM-nin 451.3 və 451.3.1-ci maddələrinin tələblərinə müvafiq olaraq təxirə salınmaz tədbirlərin görülməsi, qanuni mənafeyinə vurulmuş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi, CPM-nin 450.2-ci maddəsinin tələblərinə müvafiq olaraq keçiriləcək məhkəmə iclasında iştirakının təmin edilməsi və buna dair qərar çıxarılmasına dair xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qərarı ilə İddiaçı şikayəti təmin edilmiş, İddiaçı cinayət işinin başlanması və ibtidai araşdırmanın aparılması barədə məlumatına münasibətdə Xətai rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş sabiq Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadənin hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikası CPM-nin 207, 209-210, 212-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilmiş və bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi qərara alınmışdır. - Həmin qərardan İddiaçı apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası CPM-nin 451.3-cü maddəsinin tələbləri baxımından Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qərarının qanuniliyinin bu hissədə yoxlanılması, Azərbaycan Respublikası CPM-nin 451.3-cü maddəsinin tələblərində nəzərdə tutulmuş zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədi ilə Xətai Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qərarının bu hissədə dəyişdirilməklə qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli 6(103)-130/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qərarı dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06 yanvar 2021-ci il tarixli 6(103)-2/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı Xətai rayon prokurorluğunun müstəntiqi X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2020-ci il tarixli qərarının ləğv olunması, qanuni qərarın qəbul edilməsi, kobud və ciddi qanun pozuntusuna yol vermiş müstəntiq X1 barəsində zəruri prosessual hərəkətlərin yerinə yetirilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 6(011)-67/2020 saylı qərarı ilə şikayət təmin edilməmiş, Xətai rayon prokurorluğunun müstəntiqi X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair 08 iyul 2020-ci il tarixli qərarının qanuni hesab edilməsi qərara alınmışdır. İddiaçı yuxarıda qeyd olunan qərardan apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, iddia ərizəsində adı qeyd olunan şəxslərin hərəkətsizliyi qanunsuz hesab edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikası CPM-nin 207, 209-210, 212-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilmiş və bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi qərara alınmış, bundan sonra iddiaçının iddia ərizəsində qeyd olunan məqamlar Xətai rayon Prokurorluğunda araşıdırılaraq, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən, iddia əsassızdır, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar