Məhkəmə qərarları › İş №2(006)-6233/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6233/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6233/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlı ləğv prosesində olan Cavabdeh1 ASC-nin bank əməliyyat sistemində 12 yanvar 2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun Azərbaycan Kredit Bürosunun məlumat bazasından və Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinə dair cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi kimi 2022-ci ildə iddiaçıya qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə 692 manat əsas və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 514 manat faiz borcu olmaqla cəmi 1206 manat borcun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqdədi Rayon Məhkəməsinin e-2(001)- 5492/2022 nömrəli 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq həmin borc bank sistemindən silinməmişdir. Mərkəzi Kredit Bürosundan sonuncu dəfə aldığı çıxarışda guya ləğv prosesində olan Cavabdeh1 ASC-yə qalıq kredit məbləği 692 manat, faiz borcu 3202 manat göstərilmişdir. Halbuki məhkəmə qətnaməsi ilə həmin borcun ondan tutulması rədd edilmişdir. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək bank sistemindən həmin borcun silinməsini xahiş etmiş, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciətinə cavab olaraq verilmiş 20 oktyabr 2025-ci il tarixli məktubda bank əməliyyat sistemində 12 yanvar 2007-ci il tarixli kredit müqaviləsi üzrə 16 oktyabr 2025-ci il tarixinə 692 manat məbləğində əsas və 3202 manat faiz borcu öhdəliyinin olduğu qeyd olunmuş, Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e-2(001)-5492/2022 saylı qətnaməsində ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üzərinə borcun silinməsinə dair hər hansı öhdəliyin qoyulmadığı qeyd olunmuşdur. İddiaçı müvafiq orqanlara ərizə ilə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli e- 2(001)-5492/2022 saylı qətnaməsi nəzərə alınmaqla bank əməliyyat sistemindən ləğv prosesində olan “KredoBank ASC” ilə bağlı onun adına qeydə alınmış borcun aidiyyəti qurum tərəfindən silinməsinə göstəriş verilməsini xahiş etmiş, ərizələrin araşdırılması təəssüf ki şikayət etdiyi qurumun özünə yönəlmişdir. Cavabdeh qurumun 7 noyabr 2025-ci il tarixli məktubunda isə cavab olaraq Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-5492/2022 saylı qətnaməsində ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üzərinə borcun silinməsinə dair hər hansı öhdəliyin qoyulmaması, “İddia müddətinin öhdəliyin icrasının məhkəmə qaydasında tələb olunması üçün hüququ pozulmuş şəxsə verilmiş müddətin ötürülməsinin borcun məhkəmədənkənar qaydada borcludan tələb edilməsini istisna etmədiyini” qeyd etmişlər. Oxşar mövqe Mərkəzi Bankın 14 noyabr 2025-ci il tarixli məktubunda da qeyd edilmişdir. Borcun bank sistemindən silinməsi ilə bağlı aidiyyəti qurumlara müraciətinin nəticəsiz qalması hal-hazırkı iddianı qaldırmaq zərurəti yaratmışdır. Müharibə veteranı, Silahlı Qüvvələr veteranı, müharibə əlilidir. Həyatının 30 ilindən çoxunu hərbçi kimi dövlətinə xidmət etmişdir. Xeyrinə çıxan məhkəmə qərarına baxmayaraq ona münasibətdə bank sistemində borcun saxlanılmasını ədalətsiz və qanunsuz hesab edir.

3. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh1 ASC məhkəməyə yazılı etiraz göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə 692 manat əsas və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 514 manat faiz borcu olmaqla, cəmi 1206 manat borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq İddiaçı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5492/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası iddia müddəti tədbiq edildiyi səbəbindən təmin edilməmişdir. İddiaçının istinad etdiyi qətnamə üzrə onun borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı qəbul etməyib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumt verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) İş materialları:

8. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 5492/2022 nömrəli 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. 12 yanvar 2007-ci il tarixli, 47MN saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 12 yanvar 2008-ci il tarixində bitmiş, lakin iddiaçı iddia ərizəsi ilə 19 avqust 2022-ci il tarixində 14 illik bir müddətdən sonra məhkəməyə müraciət etmişdir. Faktiki olaraq iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddəti ötürüldüyünə və üzrsüz səbəbə görə ötürüldüyünə görə iddia tələbi əsassız hesab edilməlidir.

9. Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 7 noyabr 2025-ci il tarixli 12-5/2-M-75xx-xx-19444/2025 nömrəli məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-5492/2022 saylı qətnaməsində ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üzərinə borcun silinməsinə dair hər hansı bir öhdəlik qoyulmamışdır. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunmuş Qərarında formalaşdırdığı mövqeyini nəzərə alaraq bildirilir ki, iddia müddəti öhdəliyin icrasının məhkəmə qaydasında tələb olunması üçün hüququ pozulmuş şəxsə qanunla verilmiş müddətdir və bu müddətin ötürülməsi borcun məhkəmədənkənar qaydada tələb edilməsini istisna etmir.

10. Mülki işin materiallarında olan Azərbaycan Kredit Bürosundan xx.xx.2025-ci il tarixli çıxarışın borcalanın aktiv öhdəlikləri bölməsində İddiaçı 12 yanvar 2007-ci il tarixli müqavilə üzrə öhdəliklərinin olması qeyd edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ilə hazırda ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 12 yanvar 2007-ci il tarixli, 47MN saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri iddiaçı yerinə yetirmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunaraq borcun qaytarılması tələb edilsə də, məhkəmə iddia müddətinin ötürülməsi səbəbi ilə iddia tələbini rədd etmişdir.

12. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin bank əməliyyat sistemində 12 yanvar 2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun Azərbaycan Kredit Bürosunun məlumat bazasından və Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdeh tərəf isə iddia müddətinin keçməsinin öhdəliyə xitam verilməsinə əsas olmadığı qeyd edərək Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla iddia tələbinin rədd edilməsini xahiş edir. c) Məhkəmənin mövqeyi:

13. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı və cavabdehin nümayəndəsinin izahatını, dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

14. İlk növbədə qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Məhkəmə qeyd edir ki, iddiaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, ləğv prosesində olan Cavabdeh1 ASC müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, iddiaçı öz öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun ləğv prosesində olan Cavabdeh1 ASC-yə borcu yaranmış, ləğv prosesində olan Cavabdeh1 ASC isə kredit müqaviləsi üzrə yaranmış borcu məhkəmə qaydasında tələb etmiş, lakin iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən iddia təmin edilməmişdir. Beləliklə, iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin olması, lakin ləğv prosesində olan Cavabdeh1 ASC-nin borcu məhkəmə qaydasında tələb etmə müddətini ötürməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir.

16. İddia tələbi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktı ilə iddia tələbinin müddətin keçməsinə görə təmin edilməməsi öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu halı yoxdur. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının silinməsini tələb etdiyi borc öhdəlikləri mövcuddur, belə ki, məhkəmə aktı ilə bu hal öz təsdiqini tapmışdır. Yəni iddiaçının banka borcunun olması və öhdəliklərini icra etməməsi, lakin bankın həmin borcu məhkəmə qaydasında tələb etmə müddətinin ötürülməsi işin mübahisəsiz halını təşkil edir.

17. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən dəlillərə istinadən iddia tələbi əsassız olduğundan, İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin bank əməliyyat sistemində 12 yanvar 2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun Azərbaycan Kredit Bürosunun məlumat bazasından və Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinə dair cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 551. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Qərarı: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarı: İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar