Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6278/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı *** ASC-nin nümayəndəsi CCC oğlunun və cavabdeh AAA oğlunun iştirakları ilə İddiaçı *** ASC-nin cavabdehlər AAA oğluna və BBB oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı *** ASC cavabdehlər AAA oğluna və BBB oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AAA oğlu 12.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən *** ASC-dən illik 1 faizlə 60 ay müddətinə 5282,17 manat kredit götürmüşdür. Borcun təminatı olaraq BBB oğlu ilə 12.12.2019-cu il tarixdə zaminik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.09.2021-ci il tarixədək AAA oğlunun banka 12.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5130,08 manat əsas borc, 23,71 manat faiz borcu və 12,94 manat cərimə borcu olmaqla cəmi 5166,73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən AAA oğlundan və BBB oğlundan müştərək qaydada iddiaçı *** ASC-nin xeyrinə 5130,08 manat əsas borc, 23,71 manat faiz borcu və 12,94 manat cərimə borcu olmaqla ümumilikdə 5166,73 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, AAA oğlu ilə *** ASC arasında bağlanmış 12.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı *** ASC-nin nümayəndəsi CCC oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh AAA oğlu banka olan borcunu qəbul edərək bildirdi ki, səhhətində yaranmış problemlərə görə kredit borcunu ödəyə bilməmişdir. İnfarkt keçirtmiş və 1 ilə yaxın xəstə yatmışdır. Bu səbəbdən kreditin ödənişində gecikmələr olmuşdur. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh BBB oğlu izahatında banka borclu olduqlarını qəbul etmiş, lakin iddia tələbinə etiraz edərək, qanunamüvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdeh BBB oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, *** ASC ilə cavabdeh AAA oğlu arasında bağlanmış 12.12.2019-cu il tarixli, 21-Z-3-0-486-14 nömrəli kredit müqaviləsinə və 1 saylı Əlavəyə əsasən bank tərəfindən AAA oğluna 60 ay müddətinə, illik 1 % olmaqla 5282,07 manat məbləğində gözəştli kredit verilmişdir. *** ASC ilə cavabdeh BBB oğlu arasında bağlanmış 12.12.2019-cu il tarixli, 21-Z-3- 0-486-14 nömrəli zaminlik müqaviləsinə əsasən BBB oğlu eyni tarixli, eyni nömrəli kredit müqaviləsi üzrə AAA oğlunun öhdəliklərinin icrasına zamin durmuşdur. *** ASC tərəfindən verilmiş 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, AAA oğlunun 12.12.2019-cu il tarixli, 21-Z-3-0-486-14 nömrəli kredit müqaviləsinə əsasən 03.09.2021-ci il tarixə *** ASC-yə 5130,08 manat əsas borc, 23,71 manat faiz borcu və 12,94 manat cərimə borcu olmaqla, cəmi 5166,73 manat borcu vardır. *** ASC tərəfindən verilmiş 19.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, AAA oğlunun 12.12.2019-cu il tarixli, 21-Z-3-0-486-14 nömrəli kredit müqaviləsinə əsasən 19.10.2021-ci il tarixə *** ASC-yə 5093,39 manat əsas borc, 29,84 manat faiz borcu və 30,31 manat cərimə borcu olmaqla, cəmi 5153,54 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, *** ASC ilə cavabdeh AAA oğlu arasında bağlanmış 12.12.2019-cu il tarixli, 21-Z-3-0-486-14 nömrəli kredit müqaviləsinə əsasən vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədilə bank tərəfindən AAA oğluna 60 ay müddətinə, illik 1% olmaqla 5282,07 manat məbləğində güzəştli kredit verilmiş, eyni tarixli, eyni nömrəli zaminlik müqaviləsinə əsasən BBB oğlu cavabdeh AAA oğluna zamin durmuş, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka 5093,39 manat əsas borc, 29,84 manat faiz borcu və 30,31 manat cərimə borcu olmaqla, cəmi 5153,54 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından göründüyü kimi sonuncu maliyyə arayışında cavabdehlərin banka 29,84 manat faiz borcu olduğu qeyd olunduğu halda, iddia ərizəsində 23,71 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, cavabdehlərdən iddia ərizəsində göstərilən məbləğdə, yəni 23,71 manat faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və cərimə borcunun nisbəti, eyni zamanda iddia ərizəsində tələb olunan cərimə məbləği nəzərə alınmaqla, 12.12.2019-cu il tarixli müqavilə üzrə 12,94 manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından və tərəflərin izahatından da göründüyü kimi borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər AAA oğlundan və BBB oğlundan müştərək qaydada 5093,39 (beş min doxsan üç manat otuz doqquz qəpik) manat əsas borc, 23,71 (iyirmi üç manat yetmiş bir qəpik) manat faiz borcu, 12,94 (on iki manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 5130,04 (beş min yüz otuz manat dörd qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq *** ASC-yə verilməli, AAA oğlu ilə *** ASC arasında bağlanmış 12.12.2019cu il tarixli kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər AAA oğlundan və BBB oğlundan müştərək qaydada 5093,39 (beş min doxsan üç manat otuz doqquz qəpik) manat əsas borc, 23,71 (iyirmi üç manat yetmiş bir qəpik) manat faiz borcu, 12,94 (on iki manat doxsan dörd qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5160,04 (beş min yüz altmış manat dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı *** ASC-yə verilsin. AAA oğlu ilə *** ASC arasında bağlanmış 12.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-6278/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6278/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver