Məhkəmə qərarları › İş №2(006)-6288/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6288/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6288/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə X3 (bundan sonra mətndə İ.N.Bayramov) arasında bağlanmış 04.12.2014-cü il tarixli 139300-CNS-14026 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən İ.N.Bayramova istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 14.000 (on dörd min) ABŞ dolları və 04.12.2014-cü il tarixli 139300-1-13148 saylı krediti xətti müqaviləsi”nə əsasən İ.N.Bayramova istehlak məqsədilə illik 32 (otuz iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1.900 (min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə İ.N.Bayramov 04.12.2014-cü il tarixli 139300-CNS-14026 saylı “Nağd pul kredit müqaviləsi”nə 15.09.2015-ci il tarixdə 01 saylı əlavə saziş imzalanmış və həmin günə qalıq borc konvertasiya edilərək 11.920,49 manat məbləğində müəyyən edilmiş və kreditin müddəti 34 ay uzadılmışdır. İ.N.Bayramov 2017-ci il tarixdə vəfat etmiş, 13.07.2017-ci il tarixdə onun həyat yoldaşı Bayramova Aynura və Cavabdeh1 adına 2V-268, və 2V-69 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras ziyanın kreditorlarının qarşısında hər birinin payına mütənasib surətdə məsuliyyət daşıyırlar. Lakin borclu şəxslər öz üzərinə götürdüyü kredit öhdəlikləri icra etməmiş və nəticədə Banka 04.12.2014-cü il tarixli 139300-CNS-14026 saylı “Nağd pul kredit müqaviləsi’’nə əsasən 7.738,98 (yeddi min yeddi yüz otuz səkkiz, 98) manat məbləğində əsas borc, 1.066,30 (min altmış altı, 30) manat məbləğində faiz borcu, ümumilikdə isə 8.805,28 manat məbləğində və 04.12.2014-cü il tarixli 139300-1-13148 saylı “krediti xətti müqaviləsi”nə əsasən 1.737,42 ABŞ dolları məbləğində əsas borc, 457,99 (dörd yüz əlli yeddi, 99) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 2.195,41 (iki min yüz doxsan beş, 41) ABŞ dolları borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etmədi və məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, İddiaçı ASC iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Müqavilə 04.12.2014-cü ildə X3 arasında bağlanmış, 15.09.2015-ci il tarixdə 01 saylı əlavə imzalanmış və kreditin müddəti 34 ay müddətinə uzadılmışdır. X3 12.01.2017-ci il tarixdə vəfat etmişdir. X3 ilə Bank VTB arasında müqavilə 04.12.2014-cü ildə kredit müqaviləsi bağlanmış bağlanmış və müqavilənin müddəti 15.09.2018-ci il tarixdə başa çatmışdır. Lakin bu müddət ərzində iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət etməmiş və məhkəməyə 2021-ci ilin sentyabr ayında müraciət olunmuşdur. Həmin müddətdə bank artıq cavabdehin vəfat etməsini də bildirmişdir. Belə ki, hazırki iş üzrə Cavabdeh2 banka rəsmi müraciət edərək, həyat yoldaşının vəfat etməsini bildirmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə X3 (bundan sonra mətndə İ.N.Bayramov) arasında bağlanmış 04.12.2014-cü il tarixli 139300-CNS-14026 saylı “Nağd pul kredit müqaviləsi”ndən görünür ki, İ.N.Bayramova istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 14.000 (on dörd min) ABŞ dolları və 04.12.2014-cü il tarixli 139300-1- 13148 saylı krediti xətti müqaviləsi”nə əsasən İ.N.Bayramova istehlak məqsədilə illik 32 (otuz iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1.900 (min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə X3 (bundan sonra mətndə İ.N.Bayramov) arasında bağlanmış 15.09.2015-ci il tarixli 139300-CNS-14026 saylı “Nağd pul kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 1 sayli Razılaşmadan görünür ki, Kredit alanın Banka 15 sentyabr 2015-ci il tarixə mövçüd olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 sentyabr 2015-ci il tarixinə mövçüd olan məzənnəsi ilə konvertasiya edilərək 11920.49 AZN məbləğdə müəyyən olunur. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01.12.2017-ci ildə “Ürəyin xroniki işemiya xəstəliyi” səbəbi ilə ölmüşdür. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş vəsatət ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən 04.12.2014cü il tarixdə imzalanmış və müqavilənin müddəti 15.09.2015-ci il tarixdə 34 ay uzadılmışdır. Həmin müddət də 15.07.2018-ci il tarixdə başa catmışdir. Lakin bu müddət ərzində iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət etməmiş və məhkəməyə 2021-ci ilin sentyabr ayında müraciət olunmuşdur. Həmin müddətdə bank artıq cavabdehin vəfat etməsini də bildirmişdir. Belə ki, hazırki iş üzrə Cavabdeh2 banka rəsmi müraciət edərək, həyat yoldaşının vəfat etməsini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdehlərin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar