Məhkəmə qərarları › İş №2(006)-6292/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6292/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6292/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.06.2015-ci il tarixində QSC “Bank Standard” KB-nın «Nəsimi” filialı ilə “Standard” və “Qarant” əmanətləri üzrə müvafiq depozit müqavilələri bağlamış və bu müqavilələr əsasında 1 illik şərti ilə, eləcə də əmanətlərin sığortalanması şərti əsasında aşağıda göstərilən əmanət məbləğlərini Banka müvafiq əmanət hesablarına yerləşdirmişdir: “Standard” əmanəti üzrə - 6 000,00 (altı min) ABŞ dolları; “Qarant” əmanəti üzrə 4 000,00 (dörd min) ABŞ dolları. Müqavilənin 2.2-ci və 3.4.3-cü bəndlərinə əsasən Bank müqavilənin müddəti ərzində və ya bu müddət bitdikdən sonra Əmanətçinin müraciəti əsasında əmanəti qaytarmaq öhdəliyini üzərinə götürüb. Müqavilələrin müddəti bitdikdən sonrakı gün - 21.06.2016-cı il tarixində Banka müraciət edib əmanət məbləğlərini və hesablanmış dividendləri götürmək istədikdə Bank tərəfindən imtina edildi və iddiaçıya bildirildi ki, əmanətlərin qaytarılması əməliyyatlarına müvəqqəti məhdudiyyətlər qoyulub. Müqavilənin 4.2-ci bəndinə əsasən Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Əmanətçiyə vurulan zərərə görə məsuliyyət daşıyır. Lakin, təəssüflər olsun ki, dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Bank nəinki iddiaçıya vurulmuş zərərin ödənilməsini, hətta əmanət məbləğlərinin qaytarılmasını təmin etmədi. İddiaçının əmanət məbləğlərinin qaytarılmasını tələb etdiyinə baxmayaraq, Bank üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etmişdir və bununla Bank tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. İddiaçının dəfələrlə etdiyi şifahi və yazılı müraciətlərə baxmayaraq, əmanət məbləğləri qanunsuz olaraq Bank tərəfindən ona qaytarılmamışdır. 2016-cı ilin oktyabr ayında Bank (QSC “Bank Standard” KB) müflis elan edildi və baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığortalı əmanətlər üzrə kompensasiyaların verilməsi başlandıqda sığortalı olan əmanət məbləğlərinin geri alınması üçün Bankın müvafiq filialına (kompensasiyaların verildiyi filiala) müraciət etdi. Lakin, Bankda müraciətləri qəbul edən əməkdaşlar bu dəfə də əmanət məbləğlərinin tam qaytarılmasından imtina etdilər və bildirdilər ki, əmanətlərdən biri - “Qarant” əmanəti (4000,00 ABŞ dolları) qorunan (sığortalı), digəri isə - “Standard” əmanəti (6 000,00 ABŞ dolları) qorunmayan (sığortasız) əmanətdir. Bu məlumatı eşitdikdə iddiaçı əlbətdə ki, etirazını bildirdi və hər iki əmanətinin sığortalı olduğunu təsdiq edən müqavilələri onlara təqdim etdi. Cavab olaraq bankda əməkdaşların verdiyi məlumata əsasən yuxarıda qeyd etdiyi Depozit Müqavilələrinin müddəti bitdikdən sonra Bank iddiaçının razılığı olmadan və bu barədə heç bir məlumat vermədən birtərəfli qaydada onların qüvvəsini daha 1 il müddətinə yeni şərtlərlə uzadıb. Beləliklə, Bankın və Fondun əməkdaşları iddiaçıya bildirdilər ki, yeni şərtlərə görə əmanətlərinin biri qorunan (sığortalı), digəri isə qorunmayan (sığortasız) əmanət kimi qeyd edilib. Müştəri ilə razılaşdırmadan onun vəziyyətini ağırlaşdıran yeni şərtlərlə müqavilənin müddətinin uzadılması müştərinin hüquqlarının pozuntusu deməkdir. Bankın maliyyə vəziyyəti pisləşməyə başlandıqda Bank müddəti bitmiş əmanətləri əmanətçilərə qaytarmamışdır və müflisləşmənin elan olunacağının qaçılmaz olduğunu bilə-bilə Bank rəhbərliyi və əməkdaşları əmanətçilərə məlumat vermədən və heç bir əlavə razılaşma bağlamadan müddəti bitən əmanətlərin müddətlərini sığortasız şərtlərlə uzadaraq qanunsuz əməllər törətmişdir. İddiaçı fonda, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasına dəfələrlə müraciətlər etmiş, həm şifahi (telefon əlaqəsi vasitəsi ilə, eləcə də Fondun və Palatanın yerləşdiyi ünvanlara gedərək) həm də yazılı formada (o cümlədən Fondun və Palatanın rəsmi internet səhifələri vasitəsi ilə), rəhbərliyin qəbuluna düşmək üçün müvafiq qaydada müraciətlər yazmış, lakin 2016-cı və 2017-ci, 2018-ci illər ərzində iddiaçıya heç bir yazılı cavab verilmədi, bütün ərizələri cavabsız qalmışdır və heç bir rəhbər şəxs qəbul etməmişdir. Məlum olduğu kimi, 2019-cu ilin sentyabr ayında Fond Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir ki, ləğv prosesində olan müflis banklarda 17000 manatadək qorunmayan (sığortalanmayan) əmanəti olan fiziki şəxslərin pulunun ilk növbədə qaytarılmasına Məhkəmə tərəfindən icazə verilsin. Məhkəmənin 10.09.2019-cu il tarixli qərarı ilə müraciət təmin edilmişdir və həmin əmanətlərin qaytarılmasına 2019-cu ilin oktyabr ayında başlanılmışdır. Bunu nəzərə alaraq iddiaçı 2019-cu ilin oktyabr ayında Fonda müraciət edərək bildirdi ki, vaxtında ona qaytarılmayan sığortalı əmanətlərinin cəmi məbləği 17000 manat təşkil edir (10 000,00 (on min) ABŞ dollarının ekvivalenti) və məhkəmənin məlum bu qərarı əsasında qaytarılmasını tələb etdi. Lakin Fondun əməkdaşları bu dəfə də iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirdilər ki, əmanət məbləğlərinin üzərinə əlavə bir-neçə ABŞ dolları məbləğində faiz hesablanıb və buna görə iddiaçıya ödənilməli olan məbləğ 17 000,00 (on yeddi min) manatdan çox olduğunu əsas tutaraq məhkəmənin yuxarıda qeyd edilən qərarı əsasında əmanətlərin qaytarılmasından imtina edildi. İddiaçı ilə Bank arasında Bank əmanəti müqaviləsinə dəyişiklik edilməsi, yəni müqavilə müddətinin uzadılması barədə hər hansı razılaşma imzalanmamışdır. Bank bunu iddiaçının razılığı olmadan birtərəfli qaydada etmişdir. Bu barədə Bank tərəfindən iddiaçıya nə əvvəl, nə də sonradan hər hansı məlumat verilməmişdir. Bu səbəbdən Bankın iddiaçı ilə bağlanmış Bank əmanəti müqaviləsinə birtərəfli qaydada etmiş olduğu və heç bir sənəddə əks etdirilməmiş müqavilə müddətinin uzadılması etibarsızdır. Göstərilənlərə əsasən iddiaçının Bankla bağladığı müqavilələr (“Qarant” əmanəti müqaviləsi və “Standard” əmanəti müqaviləsi) üzrə qoyduğu əmanətlərin hər ikisinin sığortalanmış (qorunan) hesab edilməsi və əmanət məbləğləri üzrə kompensasiyaların tam məbləğdə (“Qarant” əmanəti üzrə - 4 000,00 ABŞ dolları; “Standard” əmanəti üzrə - 6000,00 ABŞ dolları; cəmi - 10 000,00 ABŞ dolları və ya manat ekvivalentində - 17 000,00 manat) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan QSC “Bank Standard” KB ilə əmanətçi İddiaçı arasında bağlanmış 20.06.2015-ci il tarixli, LD********** saylı “Standard” Depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 6.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin müddəti 12 (on iki) aydır. Bank əmanətçiyə illik 9,50 % ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan QSC “Bank Standard” KB ilə əmanətçi İddiaçı arasında bağlanmış 20.06.2015-ci il tarixli, LD********** saylı “Qarant” Depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 4.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin müddəti 12 (on iki) aydır. Bank əmanətçiyə illik 12 % ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, QSC “Bank Standard” KB ilə əmanətçi İddiaçı arasında 20.06.2015-ci il tarixli əmanət müqavilələri bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğlərini Banka illik 9,50% və 12% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan QSC “Bank Standard” KB müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətlərin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğlərinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləğləri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında illik 9,5% və 12% dərəcələri nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləğləri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmanət müqavilələri 16.11.2015-ci il tarixdən 21.06.2016-cı il tarixədək bağlanmış və müddətin sonunda uzadılmışdır. İddiaçının xəbəri olmadan əmanət müqavilələrində dəyişiklik edilməklə, müddəti uzadılmış və qorunmayan əmanət hesab edilmişdir. Lakin X2 24.02.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olmuş və bu müqavilədə öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Eyni zamanda, məhkəmə hesab edir ki, əmanət müqaviləsinin şərtlərinin iddiaçının xəbəri olmadan dəyişdirilməsi və qorunmayan əmanət hesab edilməsi Mülki Məcəllənin və depozit müqaviləsinin şərtlərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC “BANK STANDARD” KB ilə bağladığı müqavilələr (“Qarant” əmanəti müqaviləsi və “Standard” əmanəti müqaviləsi) üzrə qoyduğu əmanətlərin hər ikisi sığortalanmış (qorunan) hesab edilməli, əmanət məbləğləri üzrə kompensasiyaların tam məbləğdə “Qarant” əmanəti üzrə - 4 000 (dörd min) ABŞ dolları, “Standard” əmanəti üzrə - 6000 (altı min) ABŞ dolları, cəmi 10 000 (on min) ABŞ dollarının (manat ekvivalentində - 17 000 (on yeddi min) manat) İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı QSC “BANK STANDARD” KB ilə bağladığı müqavilələr (“Qarant” əmanəti müqaviləsi və “Standard” əmanəti müqaviləsi) üzrə qoyduğu əmanətlərin hər ikisi sığortalanmış (qorunan) hesab edilsin. Əmanət məbləğləri üzrə kompensasiyaların tam məbləğdə “Qarant” əmanəti üzrə - 4 000 (dörd min) ABŞ dolları, “Standard” əmanəti üzrə - 6000 (altı min) ABŞ dolları, cəmi 10 000 (on min) ABŞ dolları (manat ekvivalentində - 17 000 (on yeddi min) manat) İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar