Məhkəmə qərarları › İş №2(006)-6295/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6295/2025

06.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6295/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancının üçdə bir (1/3) hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi, birgə nikahdan doğulmuş 10 noyabr 2014-cü il təvəllüdlü X5 və 18 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancın yetkinlik yaşına çatanadək saxlanması sabit pul məbləğinə keçməklə hər ay bir uşaq üçün 1500 manat olmaqla sabit pul məbləğində 3000 manat alimentin tutulması və ödənilmiş rüsumların cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “nikahın pozulması və aliment tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilmişdir. İddiaçı ilə cavabdeh arasında nikah hazırda pozulmuş, birgə nikahdan doğulmuş 10 noyabr 2014-cü il təvəllüdlü X5 və 18 yanvar 2016-cı il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmış, birgə nikahdan doğulmuş 10 noyabr 2014-cü il təvəllüdlü X5 və 18 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh “aliment tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxt Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində işlədiyini bildirsə də, digər gəlirlərini gizlətməklə alimentin digər gəlir hissəsindən tutulmasından yayınmışdır. Uşaqların sağlam böyüməsində, tərbiyyəsində, maddi cəhətdən bütün təminatlarını hazırda təkbaşına qarşılayır, hazırda isə işdən azad olunmaqla uşaqların sağlam böyüməsinə, düzgün tərbiyəsi ilə məşğul olur. Hazırda Cavabdeh yalnız hər uşaq üçün 125 manat olmaqla 2 uşaq üçün 250 manat pul ödəyir. O, hətta DİN-də aldığı maaşı da azaltmaqla uşaqlar üçün tutulan alimenti də azaltmağa nail olmuşdur. Bundan əlavə o, Azərbaycan Respublika DİN-nə daxil olduğu dövrdən əvvəl onun atası Amil Təhməzovla iş birliyi var idi. Yüksəkmərtəbəli evlər tikib satılması ilə məşğul olub 100.000-lərlə gəlir götürsələr də sonradan DİN-ə daxil olduğu üçün bu gəlir qalsa da gizlətdi və hazırda da atası ilə birlikdə həmin bizneslə məşğul olur. Həmin gəliri gizlətməklə aliment tutulmasıdan imtina edir. İddiaçı hal-hazırda atasının himayəsində yaşayır, çox çətinliklər çəkir və onun hazırda ödədiyi 250 manat pulla iki övladın sağlam böyüməsi, düzgün tərbiyə olunması mümkün deyildir. Cavabdeh hazırda idarə etdiyi yalnız avtomobillərindən biri **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qiyməti 70.000-80.000 manat, istifadə etdiyi telefon nömrəsinin qiyməti isə 12.000 manatdan artıqdır. Birgə yaşadıqları müddətdə hər ay hesabı ilə ***-**** manat pul daxil olmaqla uşaqları həmin səviyyədə saxlamışdır. Hazırda uşaqlarının əvvəlki təminat səviyyəsini minimum saxlamağa çalışsa da, mümkün deyildir. Bu səbəbdən uşaqların əvvəl olduğu kimi təminat səviyyəsinin maksimal saxlanması əsas tutularaq cavabdehdən sabit pul məbləğində alimentin tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etsə də heç bir nəticə alınmamışdır. a) Məhkəmə prosesi: 3.Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, birgə nikahdan doğulmuş 10 noyabr 2014-cü il təvəllüdlü X5 və 18 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. 7.1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 fevral 2015-ci il tarixdə verilən AZ-İİİ seriyalı, 484438 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 noyabr 2014-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 8.1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02 iyul 2016-cı il tarixdə verilən AZ-İİİ seriyalı, 794887 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 yanvar 2016-cı il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 9.Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02513 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir (qəbz əlavə edilmişdir).

10. 28.11.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 dekabr 2025-ci il tarixli 3-21-2-1/2-214788/2025 nömrəli məktubundan və qoşmadan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir və 2024-cü ilin 1ci rübündən 2025-ci ilin 3-cü rübünədək olan dövrlər üçün təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”lərə əsasən Cavabdeh muzdlu işlə əlaqədar hesablanmış gəlirləri (gəlir vergisi və digər icbari tutulmalar çıxılmadan hesablanmış məbləğ) 2024-cü ilin birinci rübü üçün 3241,2 manat, ikinci rübü üçün 3391,2 manat, üçüncü rübü üçün 3441,2 manat, dördüncü rübü üçün 2741,2 manat, 2025-ci ilin birinci rübü üçün 3510,4 manat, ikinci rübü üçün 4212,4 manat, üçüncü rübü üçün 4162,4 manat təşkil etmişdir (əmək haqqı üzrə gəlirlər Bakı şəhər Baş Polis İdarəsi (VÖEN:**********) tərəfindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” məlumatlarına əsasən qeyd olunmuşdur).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 iddiaçının himayəsindədirlər. Onların saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir.

13. Hazırda iddiaçı cavabdehin qazancının (başqa gəlirlərinin) hissəsi kimi tutulan alimentin uşaqların mənafeyinə uyğun olmadığını və saxlanması üçün kifayət etmədiyini iddia edərək, hər ay bir uşaq üçün 1500 manat olmaqla sabit pul məbləğində 3000 manat alimentin tutulasının məhkəmədən xahiş edir.

14. Məhkəmə araşdırmaları zamanı 2024-cü ilin 1-ci rübündən 2025-ci ilin 3-cü rübünədək olan dövrlər üçün təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”lərə əsasən Cavabdeh muzdlu işlə əlaqədar hesablanmış gəlirləri (gəlir vergisi və digər icbari tutulmalar çıxılmadan hesablanmış məbləğ) 2024-cü ilin birinci rübü üçün 3241,2 manat, ikinci rübü üçün 3391,2 manat, üçüncü rübü üçün 3441,2 manat, dördüncü rübü üçün 2741,2 manat, 2025-ci ilin birinci rübü üçün 3510,4 manat, ikinci rübü üçün 4212,4 manat, üçüncü rübü üçün 4162,4 manat təşkil etmişdir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

16. Belə ki, alimentin təyinatı məhz yetkinlik yaşına çatmayan uşağın saxlanılması olduğundan, aliment məsələsinə məhz uşağın mənafeyi üstün tutulmaqla qiymət verilməlidir.

17. Bu baxımdan məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə görə, uşağın saxlanmasında könüllü iştirak etməyən valideyndən məhkəmə qaydasında tutulan aliment 2 uşağa görə həmin valideynin qazancının (və başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilir. Lakin əgər bu məbləğin tutulması tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnərsə, ailə qanunvericiliyi alimentin tutulmasını tələb edən valideynə alimentin sabit pul məbləğində tutulması tələbi ilə məhkəməyə müraciət etmək hüququnu da tanımışdır.

18. Məhkəmə qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas olsa da, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması ilə yanaşı, tərəflərin maddi vəziyyətini və diqqətəlayiq digər halları da müəyyən etməlidir.

19. Məhkəmə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi qənətinə gələrkən, uşaqların saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsirini nəzərə alır.

20. İddiaçı isə cavabdehin gəlirlərinin kifayət qədər çox olmasını əsas gətirərək tutulan aliment məbləğinin hər ay bir uşaq üçün 1500 manat olmaqla sabit pul məbləğində 3000 manat müəyyən edilməsini məhkəmədən xahiş etsə də, iddiaçının tələbinin tam təmin edilməsi cavabdehin daha çox gəlirinin olmasına dair sübutlar təqdim etməmişdir.

21. Cavabdeh muzdlu işlə əlaqədar hesablanmış gəlirləri (gəlir vergisi və digər icbari tutulmalar çıxılmadan hesablanmış məbləğ) 2024-cü ilin birinci rübü üçün 3241,2 manat, ikinci rübü üçün 3391,2 manat, üçüncü rübü üçün 3441,2 manat, dördüncü rübü üçün 2741,2 manat, 2025-ci ilin birinci rübü üçün 3510,4 manat, ikinci rübü üçün 4212,4 manat, üçüncü rübü üçün 4162,4 manat təşkil etmişdir.

22. Buna görə də məhkəmə cavabdehin gəlirlərini, iddiaçının isə işləmədiyini və əlavə gəlirinin olmamasını nəzərə alır. Uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun məbləği uşaqların minimum yaşayış səviyyəsini müəyyən edən məbləğdir. Məhkəmə qərar qəbul edərkən uşaqların həyat səviyyəsinin maksimum daha yaxşı təmin edilməsi və onların əvvəlki təminatının aşağı düşməməsinə diqqət etməlidir.

23. Qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişini də nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində (yəni ərizənin daxil olduğu 2025-ci il üzrə minimum əmək haqqı məbləği olan 400 manatın 0,75 misli = 300 manat) sabit pul məbləğində təmin edilməlidir.

24. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə aliment Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərildiyi kimi, məhkəməyə müraciət edilən vaxtdan - xx.xx.2025-ci il tarixdən tutulmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarındakı sonuncu əlavə və dəyişikliklərə uyğun olaraq).

25. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

26. Həmçinin, qeyd edilməlidir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaqlar yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşaqların maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır.

27. Məhkəmə hesab edir ki, bu tələb alimentin tutulma qaydasının dəyişdirilməsi ilə yanaşı, həm də aliment məbləğinin artırılması olduğundan, əvvəlki qətnamə qəbul olunandan sonra keçən zaman ərzində uşaqların böyüməsi ilə xərclərinin artması iddiaçının maddi vəziyyətində baş vermiş dəyişiklik kimi qiymətləndirilməlidir.

28. İddiaçı “ödənilmiş rüsumların cavabdehdən tutulmasını” tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının təmin edilmiş tələblərinə mütənasib şəkildə iş üzrə ödənilmiş məhkəmə xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34, İV hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

31. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

32. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu: 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

33. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu: 2026-cı il üçün yaşayış minumumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

34. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: 8.2-ci bənd. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.11-1-ci bənd. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 №-li qərarı: 1-ci bənd. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1-ci bənd. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Plenum qərarına edilən dəyişikliklərin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 1) Aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məsələn, məhkəməyə 2024-cü ilin noyabr ayının 15-də bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddia ərizəsi təqdim edilmişdir. İş 2025-ci ilin 10 yanvar tarixində yekunlaşmış və qətnamə qəbul edilmişdir. 2024-cü il ölkə üzrə minimum əmək haqqı 345 manat, 2025-ci il yanvarın 1-dən isə 400 manat müəyyən edilmişdir. Məhkəmə alimenti 200 manat həddində təyin etmək qənaətinə gələrsə, alimentin tutulması 2024-cü ilin 15 noyabr tarixindən başladığından, 2024-cü il ölkə üzrə müəyyən edilən minimum əmək haqqına münasibətdə hesablama aparmalıdır (345 x 0,58 = 200,1 manat). Belə olan halda, qətnamənin nəticə hissəsi aşağıdakı məzmunda göstərilməlidir: “xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun.”

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə:

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə çəkilmiş məhkəmə xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar