Məhkəmə qərarları › İş №2(006)-6307/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6307/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6307/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozitə qoyulmuş pulun və hesablanmış faizlərin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozitə qoyulmuş pulun və hesablanmış faizlərin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC ilə imzalanmış 10.05.2013-cü il tarixli 56 saylı Depozit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 35000 ABŞ dolları pul vəsaitini depozitə qəbul edərək faizlər ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin "xxxx" ASC ləğv edildikdən sonra İddiaçı 18717 ABŞ olları məbləğində pul ödənilmişdir. Sonuncu müraciətdə cavabdeh 02.09.2021-ci il tarixli **********834 saylı məktubda bildirmişdir ki, qalıq məbləğ növbəlilik qaydasında ödəniləcək. Lakin iddiaçı olan Qurbanov Firudin Əlyar oğlunun növbəsi hansı tarixə təyin olunacağı barədə məlumat verilməmişdir. Cavabdeh orqan "xxxx" ASC-nin ləğvedicisi olmaqla əmanətlərin geri qaytarılmasına mükəlləf olan təşkilatdır. "xxxx" ASC 18.01.2016-cı il tarixli, 4 nömrəli qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin qərarı ilə «Bank of Azerbayjan»a verilən bank fəaliyyətinə dair lisenziya geri alınıb. Depozit müqaviləsinə əsasən 35000 ABŞ dolları qeyd edilən müqavilə üzrə 12%-lə hesablanmalıdır. Müqavilədə qeyd edilən məbləğdən 18717 ABŞ dolları 30.01.2016-cı il tarixdə kompensasiya qaydasında iddiaçıya qaytarılıb. Lakin qalıq məbləğ 16795 ABŞ dolları təşkil edir. Həmin qalıq məbləğinə faiz hesablanmalıdır. Hesablama qaydasının izahı: 16795/100*5=839 ABŞ dolları bir illik faiz məbləği; 839/12=69 ABŞ dolları bir aylıq faiz məbləği; 69*68= 4758 ABŞ dolları 68 aylıq faiz məbləği; Bu məbləğ bank lisenziyası ləğv edilənədək Milli Məcəlləsinin tələblərinə uyğun olaraq hesablanmış 5%-lik məbləğdir. Göstərilənlərə əsasən İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış 56 saylı, 10.05.2013-cü il tarixli depozit müqaviləsinə əsasən 16795 ABŞ dolları olan depozit məbləği və həmin məbləğə hesablanmış 4758 ABŞ dolları, ümumilikdə 21553 ABŞ dolları pulun geri qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddiaya etirazı təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçı iddia tələbində qeyd etdiyi kimi ləğvedici sonuncuya 18.717 ABŞdolları – 30.000 manat ekvivalentində kompensasiya ödənmişdir. Qalıq tələb isə 16.795 ABŞ dolları olaraq 10.02.2016-cı il tarixli, 00006 saylı qəbzlə kreditor tələbi kimi qeydə alınaraq LPO "xxxx" ASC-nin kreditorlarının reyestrinə daxil edilmişdir və tələb üzrə məbləğin ödənilməsi Azərbaycan Respublikası «Banklar Haqqında» Qanunun 82-ci maddəsinə əsasən nəzərdə tutulmuşdur. Sözügedən dövrdə «Əmanətlərin Sığortaldanması Haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasənq müflis elan olunmuş bankın aktivlərinin onun kreditorlarının arasında növbəlilik qaydasında bölüşdürülməsinin hallarından biri də təminatsız kreditorlarının tələblərinə şamil olunur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 10 may 2013-cü il tarixli, 56 nömrəli “Proqressiv Əmanət” Müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-da müvafiq olaraq 36 ay müddətinə, 10 may 2016-cı il tarixədək, illik 12,00% dərəcəsi ilə 35.000 (otuz beş min) ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışının surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən İddiaçı 18.717 ABŞ dolları kompensasiya ödənilmişdir, kompensasiya olunmayan məbləğ 16.795,01 ABŞ dolları təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan "xxxx" ASC-nin kreditor tələblərinin qeydiyyatı barədə 00006 saylı Qəbzin surətindən görünür ki, iddiaçının 16,795,01 ABŞ dolları tələbi kreditor tələb kimi 10 fevral 2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı oğuna ünvanlanmış 02.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı kreditor tələbi «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 76.1-ci maddəsinə uyğun olaraq 10.02.2016-cı il tarixdə 00006 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmiş və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyini nəzərə almasını xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında 10.05.2013-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) 35.000 ABŞ dolları əmanət məbləğini Banka illik 12% ödənilməsi şərti ilə yerləşdirmişdir. Bank müflis elan olunandan sonra iddiaçıya 30.01.2016-cı il tarixdə 18.717 ABŞ dolları kompensasiya qaydasında qaytarılmışdır. Lakin qalıq qalmış 16.795 ABŞ dolları depozit məbləği qaytarılmamışdır. Hazırda iddiaçı (əmanətçi) depozit müqaviləsinə əsasən 16.795 ABŞ dolları derozit məbləği və həmin məbləğə hesablanmış 4758 ABŞ dolları cavabdehdən ödənilməsini tələb edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Fondun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci və 7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əmanət yerləşdirilərkən siğortalı əmanət kimi bağlanmış əmanət müqaviləsinin qüvvədə olduğu ərəfədə bank (18.01.2016-cı ildə) ləğv edilmişdir və «Əmanətlərin sığortalanması haqqında» Qanununa əsasən iddiaçıya 18.717 ABŞ dolları kompensasiya ödənilmişdir. Bank ləğv olunandan sonra, yəni sığorta hadisəsi baş verdikdən sonra əmanətlərin tam sığortalanması haqqında qanun qüvvəyə minmişdir. Odur ki, “Əmanətlərin Tam Sığortalanması” haqqında qanunda bu qanunun geriyə qüvvəsinə aid müddəa əks olunmadığından qanunun geriyə qüvvəsi bu iddiaya şamil olana bilməz. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozitə qoyulmuş pulun və hesablanmış faizlərin geri qaytarılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozitə qoyulmuş pulun və hesablanmış faizlərin geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar