Məhkəmə qərarları › İş №2(006)-6357/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6357/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6357/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit tarixçəsinin təmizlənməsinə dair arayışın verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «kreditin ödənilməsində gecikdirmələrin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə "xxxx" ASC-nin Baş ofisindən öz adına 4000 manat nağd pul krediti götürmüşdür. Həmin kreditin götürülməsində anası X2 zamin olmuşdur. 2015-ci ildə iddiaçı banka yaxınlaşaraq bir neçə ay öncə vaxtından əvvəl kreditin bağlanması üçün ödəniləcək məbləği öyrənmiş və bankın əməkdaşı ona bildirdiyi məbləği ödəyərək kredit borcunu tam və gecikdirməsiz ödəmişdir. 2017-ci ildə "xxxx"ın əməkdaşı iddiaçıya zəng edərək banka borcu olmasını bildirmişdir. İddiaçı dərhal "xxxx"ın yeni Baş ofisinə yaxınlaşmış və orada problemli kreditlər şöbəsinin rəisi Bəxtiyar bəy və hüquqşünas Murad Cənnətov iddiaçıya bildirmişlər ki, onun 124 manat banka borcu qalmışdır. İddiaçı onlara öz iradlarını bildirmişdir ki, 2 ildən sonra haradan yaranmış bu borc əgər iddiaçı bütün borcunu vaxtından əvvəl ödəyərək krediti bağlamışdır. Həmin əməkdaşlar ona bildirmişlər ki, borcun tam bağlanmasında sistem dəyişikliyi olub və orada qalan qalıq qəpiklər 2 il ərzində 124 manat təşkil etmişdir. Bundan əlavə onlar bildirmişlər ki, 2015-ci ildə iddiaçı krediti bağlayanda bankın əməkdaşı ona düzgün məbləği hesablanmayıb. İddiaçı əməkdaşın səhlənkarlığına görə cəza olaraq qalan məbləğinin özü ödəməsini bildirmişdir. Buna cavab olaraq iddiaçıya bildirmişlər ki, həmin əməkdaş artıq bankda işləmir. Bundan sonra iddiaçı bankın keçmiş rəhbərliyinin adına ərizə yazmış, lakin bu günə kimi ərizənin nəticəsi barədə cavab almamışdır. İddiaçı göstərilən 124 manat pulu da həmin vaxt ödəmiş və ona bildirmişlər ki, onun heç bir borcu artıq yoxdur. Bundan 4 il sonra, yəni 2021-ci ilin yanvar ayının əvvəllərində "xxxx" MMCdən çıxarış etdiyi zaman iddiaçıya məlum olmuşdur ki, onun 100,21 manat əsas borcu var. İddiaçı "xxxx"ın bankla telefon əlaqəsi saxlamış, ona operator Orxan bildirmişdir ki, onun heç bir borcu yoxdur, tam ödənilmişdir. Daha sonra iddiaçı hüquqşünas Murad Cənnətov ilə əlaqə saxlamış və o, da ona heç bir borcun olmadığını bildirmişdir. Sonra isə təkrar ona zəng edərək problemli kreditlər şöbəsindən öyrəndiyini və onun 62,84 manat faiz borcu olduğunu bildirmişdir. Mövcud karantin şəraiti ilə əlaqədar iddiaçı telefon vasitəsi ilə bankın rəhbərliyi ilə əlaqə saxlamaq istəmiş, lakin bu mümkün olmamış və bundan əlavə neçə əməkdaşla danışmasa hamısı sonda onun banka gəlməsini bildirmişlər. İddiaçı bankın baş ofisinə yaxınlaşmış, onu heç kim qəbul etmirdi. Nəticədə bankın problemli kreditlər şöbəsinin rəhbəri Qabil bəy iddiaçıya yaxınlaşmış və bildirmişdir ki, onun banka 62,84 manat faiz borcu var və "xxxx" MMC 100,21 manat səhv qeyd etmişdir. Ərizədə qeyd etdiyi xüsusatlar hamısı "xxxx"ın sabiq əməkdaşlarının səhvi nəticəsində baş vermişdir. İddiaçı isə müştəri olaraq belə çıxır ki, bankın əməkdaşlarının səhvi və səhlənkarlığına görə hər 2-3 ildən bir, hər dəfə müəyyən məbləğdə hansı səbəbdən pul ödəməlidir. İddiaçının banka 1 gün də olsun belə gecikdirməsi olmamış, əksinə krediti vaxtından əvvəl ödəmişdir. Bununla əlaqədar iddiaçı "xxxx"ın rəhbərliyinə qeyd olunan faiz borcunun silinməsi və bu barədə Azərbaycan Kredit Bürosuna ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq 62,84 manat faiz borcunun silinməsi və bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi bildirilmişdir. İddiaçı Azərbaycan Kredit Bürosuna müraciət etmiş və orada işləyən məsul şəxs X3 ona bildirmişdir ki, onun gecikməsi "xxxx" ASC tərəfindən qoyulmuşdur və 2015-ci ilin məlumatlarını unutduqları üçün bank 2021-ci ildə sistemə daxil etmişlər. 2021-ci ilin iyun ayında iddiaçıya bankdan nağd pul krediti götürülməsi lazım olmuş və iddiaçı "xxxx" ASC-nin brilyant müştərisi olduğu üçün həmin banka getmiş, orada ona kredit verilməsində imtina edilmiş və səbəb göstərilmişdir ki, Azərbaycan Kredit Bürosunun məlumatına əsasən onun "xxxx"a gecikdirməsi olmuşdur. İddiaçı təkrar olaraq "xxxx" ASC-nin rəhbərliyinə müraciət etmişdir ki, onun gecikdirməsi olmadığı təqdirdə sistemdə adına gecikdirmə göstərilir və bu problemin həll olunmasını xahiş etmiş, lakin ona heç bir köməklik olunmamışdır. İddiaçı bir neçə dəfə bank sədrinin qəbuluna düşmək istəmiş, sonda isə onu bankın problemli kreditlər departamentinin direktoru Nümayəndə1 qəbul etmişdir. Nümayəndə1 bildirmişdir ki, bankın keçmiş əməkdaşının səhlənkarlığına görə cavabdeh deyil və onlar 2015-ci ildə krediti tam ödəyən zaman bankdan borcunun olmadığı barədə arayış almalıdırlar. Bundan əlavə Nümayəndə1 bildirmişdir ki, bankın vəzifə borcu deyil ki, kreditor borcluya zəng edib bu barədə xəbərdarlıq etməlidir. Göstərilənlərə əsasən "xxxx" ASC-nin əməkdaşlarının səhlənkarlığına görə iddiaçının adına səbəbsiz yerdən gecikdirmə yazılaraq Azərbaycan Kredit Bürosunun sisteminə daxil edilmiş kreditin ödənilməsində gecikdirmələrin silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçının adına verilmiş çıxarışda "xxxx"la bağlanmış öhdəliklər üzrə 4.5-ci və 4.6-cı bəndlərində yanlışlığın mövcud olması aşkar edilmişdir. Belə ki, qeyd olunan 4.5-ci və 4.6-cı bəndlər üzrə məlumatlar eynilik təşkil edir. 03.05.2013-cü il tarixdə iddiaçı "xxxx"dan yalnız 4000 manat məbləğində nağd pul krediti götürmüşdür, çıxarışda isə bu məbləğin 2 dəfə götürüldüyü əks olunur. Çıxarışın 4.5-ci və 4.6-cı bəndlərinə nəzər yetirdikdə görünür ki, - kreditin verilmə tarixi - 03.05.2013; - kreditin ilkin müqavilə üzrə bitmə tarixi - 01.10.2015; - kreditin son müqavilə üzrə bitmə tarixi - 01.10.2015; - əsas borcun gecikdirildiyi günlərin sayı - 0; - faizlərin gecikdirildiyi günlərin sayı - 0; - sonuncu ödəniş tarixi - 21.09.2017. Öhdəlik üzrə son 24 aylıq tarixçədə yuxarıda qeyd olunan məlumatlar 2021-ci ilin fevral ayında «X9» tərəfindən AKB MMC-yə təqdim olunmuşdur. Nəticədə, «X10»ın səhlənkar əməkdaşlarının səbəbindən iddiaçının kredit tarixçəsinə qeyri dəqiq məlumatlar daxil olunduğu üçün heç bir bank iddiaçıya kredit verməyə imtina edir və bu da iddiaçının hüquqlarının pozulmasıdır. Göstərilənlərə əsasən "xxxx" MMC tərəfindən iddiaçının adına verilmiş çıxarışda "xxxx"la bağlanmış öhdəliklər 4.6-cı bəndin tamamilə silinməsinə və həmin çıxarışın 4.5-ci bəndində kredit tarixçəsinin təmizlənməsinə dair arayışın "xxxx" tərəfindən AKB MMC-yə təqdim olunmasına qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, bank bu məsələ ilə bağlı öz üstünə düşən hər şeyi etmişdir. Hesablamalarda texniki səhvlik olub. İddiaçının banka borcu yoxdur və onlar bu barədə əvvəlcə Azərbaycan Kredit Bürosuna, 1 ay sonra isə mərkəzi Banka yazılı rəsmi müraciət ünvanlanmışlar, lakin onlar bunu sistemə daxil etməkdən imtina etmişlər. Bank bu məsələ ilə bağlı bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş çıxarışın 4.5-ci və 4.6-cı bəndlərindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 03.05.2013-cü il tarixdə 2 dəfə 4.000 manat məbləğində kredit müqaviləsi bağlanmış, kreditin ilkin müqavilə üzrə bitmə tarixi - 01.10.2015-ci il tarixli, kreditin son müqavilə üzrə bitmə tarixi - 01.10.2015-ci il tarixli, əsas borcun gecikdirildiyi günlərin sayı – 0, faizlərin gecikdirildiyi günlərin sayı – 0, sonuncu ödəniş tarixi – 21.09.2017-ci il tarixi göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Gülməmmədova (Həsənova) Esmira Yadullayevna 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə son ödənişi 21.09.2017-ci il tarixdə etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 18.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, müraciətində qeyd etdiyi xüsusatlar Bank tərəfindən araşdırılmış və 62,84 manat faiz borcu silinmişdir. Bununla əlaqədar Azərbaycan Kredit Bürosuna müvafiq məlumat da göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 11.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı banka 19.01.2021-ci il tarixli oxşar məzmunlu müraciəti olmuş, kredit ödənişləri İddiaçı tərəfindən vaxtında aparılmadığından gecikmələr yaranmış, ödənilməmiş 62,84 manat məbləğində faiz borcu isə bank silinmişdir və bu barədə İddiaçı 18.02.2021-ci il tarixli cavab məktubu verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 və "xxxx" MMC-yə ünvanlanmış 11.08.2021-ci il tarixli təsdiq edilmiş məktubların surətlərindən görünür ki, Gülməmmədova (Həsənova) Esmira Yadulla qızı ilə «X9» ASC arasında bağlanmış 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə Mərkəzi Kredit Reyestrinin (MKR) məlumat bazasında müvafiq kredit məlumatının tarixçəsində gecikmə günlərini və kreditin təsnifatını əlavə olunmuş cədvəldəki kimi əks etdirilməsini xahiş edilmişdir. Düzəlişin səbəbi sistemdə baş vermiş texniki xətadır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Banka ünvanlanmış 02.09.2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Yadulla qızının adına Azərbaycan Kredit Bürosu sistemində əks etdirilmiş gecikmə günlərinin silinməsinin təmini məqsədi ilə «X9» ASC tərəfindən 11.08.2021-ci il tarixdə rəsmi qaydada Azərbaycan Kredit Bürosu və Azərbaycan Respublikası Mərkəzi X5 müraciət ünvanlanmışdır. Bankın etdiyi müvafiq müraciət cavablandıralarkən aidiyyəti təşkilatlar tərəfindən bildirilmişdir ki, İddiaçı Yadulla qızının adına müvafiq sistemdə Bankın verdiyi kredit üzrə əsas və faiz borcunu təşkil edən məbləğ üzrə vaxtıkeçmiş qalıq mövcud olduğu üçün həmin kredit üzrə gecikmə günlərinin silinməsi həyata keçirilməmişdir. İş materiallarında olan "xxxx" tərəfindən İddiaçı ünvanlanmış 08.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, Büroya borc haqqında məlumatlar məlumat təchizatçıları (Bank, BOKT və s) tərəfindən təqdim olunur və yüklənilən hər bir məlumat çıxarışda müvafiq şərti işarələrlə əks olunur. Çıxarışda əks olunan müvafiq şərti işarələr aşağıdakı kimidir: -Şəxsin aktiv öhdəlikləri «Borcalanın aktiv öhdəlikləri», borcalanın bağlanmış öhədlikləri isə «Borcalanın bağlanmış öhdəlikləri» siyahısında əks olunur. - Hər bir kredit məlumatının altında «Öhdəlik üzrə son 24 aylıq tarixçə və ödəniş tərzi» haqqında qrafik əks olunur. - «-» işarəsi qrafikə müvafiq ay üzrə məlumatın yenilənmədiyini bildirir. - «0» işarəsi qrafikdə borcalanın gecikmə gününün olmadığını bildirir. Əlavə olaraq bildirilir ki, Büroda məlumat təchizatçılarının təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Yüklənmiş məlumatlarla əlaqədar əlavə məlumat üçün məlumat təchizatçısına müraciət etməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin hesabdan çıxarışın surətindən görünür ki, Gülməmmədova (Həsənova) Esmira Yadullayevna 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə son ödənişi 12.05.2015-ci il tarixdə etmişdir və dövrün sonuna qalıq “0”dır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 03.05.2013-cü il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında 4000 manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bitmə tarixi 01.10.2015-ci il tarixli müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcu 2015-ci ildə Banka tam şəkildə və vaxtında ödənilsə də, Bank tərəfindən iddiaçının adına son ödəniş tarixi kimi 21.09.2017ci il tarixi kimi Azərbaycan Kredit Bürosunun sisteminə daxil edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş çıxarışın 4.5-ci və 4.6-cı bəndlər üzrə məlumatlarda iddiaçının 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 4000 manat məbləği 2(iki) dəfə əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC tərəfindən İddiaçı adına verilmiş çıxarışda əsasən "xxxx" ASC ilə bağlanmış öhdəliklərdən 4.6-cı bəndin çıxarılmasına və həmin çıxarışın 4.5-ci bəndində kredit tarixçəsində 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə son ödəniş 12.05.2015-ci il tarixi qeyd edilməsi barədə arayışın verilməsi öhdəliyi "xxxx" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı adına verilmiş çıxarışa əsasən "xxxx" ASC ilə bağlanmış öhdəliklərdən 4.6-cı bəndin çıxarılmasına və həmin çıxarışın 4.5-ci bəndində kredit tarixçəsində 03.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə son ödəniş 12.05.2015-ci il tarixi qeyd edilməsi barədə arayışın verilməsi öhdəliyi "xxxx" ASC -yə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar