Məhkəmə qərarları › İş №2(006)-644/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-644/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-644/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh X4 qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, fiziki şəxs X5 (VÖEN **********) “İdeal” markalı su fılterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh - X6 arasında 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “İdeal” firmasının istehsalı olan 800 manat məbləğində olan “Raventa” modelli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan X3 “İdeal” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin bu müqavilənin 2-ci bəndində göstərilən qaydada 10 ay müddətinə olmaqla hər ayın 15-dən gec olmayaraq, hər ay 80 (səksən) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh X6 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 760 manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 760 manat təşkil edir. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X5 ilə İddiaçı arasında 05 mart 2021-ci il tarixli, N-002 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən, X2 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 760 manat, faiz borcuna görə 0 manat, cəmi 760 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh X7 həmin ünvanda yaşamadığından, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, fiziki şəxs X5 ilə X6 arasında bağlanmış 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı müqavilədən görünür ki, X5 dəyəri 800 manat olan “Raventa” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları cavabdeh X1, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 40 manat ilkin ödəniş etməklə hissə-hissə 10 ay müddətinə hər ay 80 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan fiziki şəxs X5 ilə İddiaçı MMC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 002 №-li, 05 mart 2021-ci il tarixli müqaviləyə əsasən X6 ilə fərdi sahibkar X5 arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı MMC -yə ötürülmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh X3 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı müqavilə üzrə xx.xx.2022ci il tarixinə 760 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, cəmi 760 manat məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən X4 ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında bağlanmış 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı müqaviləyə əsasən X6 “İdeal” firmasının istehsalı olan “Raventa” markalı su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarlar almış, nəticədə 760 manat borc yaranmışdır. Fiziki şəxs X5 ilə İddiaçı MMC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 002 №-li, 05 mart 2021-ci il tarixli müqaviləyə əsasən X6 ilə fiziki şəxs X5 arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı MMC-yə ötürülmüşdür. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 11 iyul 2020-ci il tarixli, MR- 1054 saylı müqavilə üzrə 760 (yeddi yüz altmış) manat ödənilməmiş borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 11 iyul 2020-ci il tarixli, MR-1054 saylı müqavilə üzrə 760 (yeddi yüz altmış) manat ödənilməmiş borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar