Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-644/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi X6, Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə əsasən mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9526,77 manat əsas borc, 604,03 manat faiz borcu və 112,41 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10243,21 manat məbləğində borcun və 120,73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 14800 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il oktyabrın 27-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9526,77 manat əsas borc, 604,03 manat faiz borcu və 449,64 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10580,44 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 449,64 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 112,41 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin Cavabdeh2 tərəfindən təqdim edilmiş iddia ərizəsinə etiraza dair bildirdi ki, bank təcrübəsində müqavilənin qarşı tərəfə təqdim edilməsi ilə bağlı əlavə qeydiyyat və rəsmiləşdirilmə aparılmır. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi X7 iştirak edərək, iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, təmsil etdiyi cavabdeh zaminlik müqaviləsini ayaqüstü, ona heç bir izah verilmədən, keçmiş iş yoldaşı Cavabdeh1 xahişi ilə imzalamışdır. Həmin zaminlik müqaviləsi onun iradəsini ifadə etmir, ona müqavilənin bir surəti belə təqdim edilməmişdir. Odur ki, zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 14800 manat kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 9526,77 manat əsas borc, 604,03 manat faiz və 449,64 manat cərimə olmaqla, cəmi 10580,44 manat borcunun mövcud olduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 borcu 5 gün müddətində ödəməyi tələb etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 9526,77 manat əsas borc, 325,32 manat faiz və 78,92 manat cərimə olmaqla, cəmi 9931,01 manat borcunun mövcud olduğu göstərilmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 120,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh2 nümayəndəsi S.M.Məmmədlinin təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində iddia üzrə Cavabdeh1 onunla bir yerdə X1 Dəstəyi Agentliyində işləyən Cavabdeh2 bank krediti üzrə zamin olmağı xahiş etmişdir. Banka gələrkən Cavabdeh2 hər hansı izahat verilmədən, təqdim olunan sənədə imza qoymaq istənilmiş və o, sənədi imzalayaraq getmişdir. Zaminlik müqaviləsi adlanan bu sənəd Cavabdeh2 ilə razılaşdırılmış iradə ifadəsi olmadığı və Mülki Məcəllənin tələblərinə əməl edilmədən bağlandığı üçün etibarsız əqddir. Belə ki, Cavabdeh2 müqavilənin şərtləri ilə tanış edilməmiş, onun bu müqavilə üzrə subsidiar deyil, birgə məsuliyyət daşıması izah olunmamış və müqavilənin nüsxəsi ona təqdim edilməmişdir. Cavabdeh2 yalnız bankla kreditor arasında mübahisə yarandıqdan sonra belə bir öhdəliyin olması barədə şifahi məlumat almışdır. Cavabdeh1 kredit müqaviləsi bağlayarkən məqsədli şəkildə elə etmişdir ki, Cavabdeh2 birgə məsuliyyət daşısın. Cavabdeh1 kredit alındığı vaxtdan başlayaraq məqsədli şəkildə borcu ödəməkdən yayınmağa çalışmış, məsələnin məhz bank tərəfində iddianın qaldırılması yolu ilə həll olunmasında maraqlı olmuşdur. Bunu Cavabdeh1 maddi vəziyyətinin araşdırılacağı halda müəyyən etmək mümkündür. Belə ki, Cavabdeh1 hazırda QHT-lərə X5 məsul vəzifə tutur və 1800 manatdan çox stabil əmək haqqı, il ərzində bir neçə dəfə əmək haqqının 100% həcmində mükafat alır. Hazırda öz adına və ya yaxın qohumlarının adına (kimin adına olması müəyyən edilməlidir) ipoteka əsasında mənzil almışdır. Ailəlidir. Ödəmə qabiliyyəti olduğu halda ödənişdən yayınmasının əvvəlcədən planlaşdırılmış məqsədi borcun həm də qarşılıqlı olaraq keçmiş iş yoldaşı olan Cavabdeh2 yönəldilməsidir. Mülki hüququn prinsiplərindən çıxış etdikdə Cavabdeh2 hətta bu əqd etibarlı olsaydı belə zamin olaraq məsuliyyəti aksessor xarakterlidir. Yəni indiki halda bu və ya digər səbəblərdən kreditorun ödəmə qabiliyyətinin olmaması, vəfat etməsi (və bu zaman vərəsələrinin olmaması) halda əsas öhdəliyə çevrilməlidir. Lakin İddiaçı ASC borcun alınması üçün məhkəmədənkənar və qanunvericiliyə uyğun heç bir əlavə tədbir görmədən məhkəməyə kreditorla zaminin öhdəliklərini bərabərləşdirməklə iddia verməsi mülki qanunvericiliyin ümumi prinsipləri ilə də uyğun deyildir. Bu baxımdan məhkəmə Cavabdeh1 özünün, ailə üzvlərinin aylıq gəlirləri ilə bağlı məlumatları dəqiqləşdirməsi, həmçinin, onun hüquqi və ya faktiki olaraq daşınmaz və daşınar əmlak mülkiyyətçisi olması müəyyən edilməlidir. Qeyd edilir ki, Cavabdeh2 hər hansı daşınmaz və daşınar əmlak mülkiyyətçisi deyil, uzun müddət işsiz qaldıqdan sonra hazırda işlədiyi yerdə əmək haqqı Cavabdeh1 aldığı əmək haqqından azdır. Sonda İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixində Cavabdeh2 imzalatdırdığı əqd qarşı tərəfin razılaşdırılmış iradə ifadəsi olmadığı üçün etibarsız sayılması, iddia tələbinin tam həcmdə kredit müqaviləsi bağlamış borcluya – Cavabdeh1 yönəldilməsi xahiş edilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 saylı qəradadında qeyd edilmişdir ki, məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir.Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqailəsi imzalanmışdır. Cavabdeh2 borclu Cavabdeh1 kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə Cavabdeh2 nümayəndəsi S.M.Məmmədov tərəfindən təqdim edilmiş etirazda və məhkəmə iclaslarında verilən izahatlarında zaminlik müqaviləsinin etibarsızlığına dair irəli sürdüyü dəlillərlə bağlı bildirir ki, cavabdehin nümayəndəsi özü, etirazında Cavabdeh2 dostu Cavabdeh1 təklifi ilə məhz zaminlik müqaviləsi bağlanması məqsədilə banka getməsini və özünün də əvvəlcədən məlumatlı olduğu zaminlik müqaviləsinə imza edərək həmin müqavilə münasibətlərinə daxil olmasını bildirmişdir. Hazırda Cavabdeh2 nümayəndəsi zaminlik müqaviləsində zaminin məsuliyyətinin solidar müəyyən edilməsi halının və guya ona həmin müqavilənin təqdim edilməməsinin həmin müqavilənin etibarsızlığına səbəb olduğunu bildirmişdir. Məhkəmə hər iki məqamla bağlı bildirməyi zəruri hesab edir ki, zaminin məsuliyyətinin subsidiar deyil, solidar müəyyən edilməsi halında belə bu hal yalnız müqavilə şərtinin etibarsızlığına gətirib çıxara bilərdi ki, qanunverici də bu şərtin müəyyən edilməsini tərəflərin öhdəsinə buraxmışdır.Yəni həmin məqam üçün müqavilə tərəfləri məsuliyyətin növünü müəyyən etməkdə sərbəst olmuş, hətta belə bir şərt müəyyən edilmədiyi halda qanunverici bu məsələni birbaşa tənzimləmişdir. ( MM 472.1) Cavabdehin təkidlə bildirdiyi digər bir hal isə ondan ibarətdir ki, zaminlik müqaviləsi cavabdehə müvafiq qeydiyyat aparılmaqla təqdim edilməmişdir. Məhkəmə xatırladır ki, Zaminlik müqaviləsinin 6.7-ci bəndində aydın şəkildə göstərilmişdir ki, bu Müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilib və tərəflərin hər birində bir nüsxə saxlanılır. Göründüyü kimi istər müqavilə şərtində bu məqamın açıq şəkildə göstərilməsi, istərsə də, mövcud işgüzar adətlər nəzərə alınmaqla bank praktikasında tərəflər arasında müqavilənin tərəflərin sayına uyğun sayda tərtib edilməsi və beləliklə də həmin müqavilənin nüsxəsinin müqavilə tərəflərinin hər birində olması mövcud təcrübədir. Tərəflər arasında bağlanmış müqavilə nüsxəsinin əlavə olaraq müqavilə tərəfinə təqdim edilməsinin əlavə iltizamla rəsmiləşdirilməsi nadirən rast gəlinən hal ola bilər ki, bu hal da özlüyündə müqavilənin etibarsızlığına əsas verən hal hesab edilə bilməz. Beləliklə, məhkəmə cavabdeh tərəfin zaminlik müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı irəli sürdüyü dəlilləri qəbul etmir və iş üzrə Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış zaminlik müqaviləsinin tərəflərin iradəsinə və Mülki Məcəllənin tələblərinə uyğun olaraq bağlanması nəzərə alınmaqla, həmin müqavilə etibarlı hesab edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xəbərdarlıq bildirişi göndərilən xx.xx.2023-cü il tarixə olan 9526,77 manat əsas borc, 325,32 manat faiz borcu və 78,92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9931,01 manat məbləğində borc və ödənilmiş tələblərə mütənasib olaraq 120,73 manat dövlət rüsumunun 117,05 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı, rüsumun 3,68 manatı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9526,77 (doqquz min beş yüz iyirmi altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 325,03 (üç yüz iyirmi beş manat üç qəpik) manat faiz borcu və 78,92 (yetmiş səkkiz manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9931,01 (doqquz min doqquz yüz otuz bir manat bir qəpik) manat məbləğində borc və 117,05 (yüz on yeddi manat beş qəpik) manat ödənilmiş dövlət rüsumuna görə pul tutulsun. Ödənilmiş dövlət rüsumunun 3,68 (üç manat altmış səkkiz qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-644/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-644/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver