Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6440/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30 avqust 2018-ci il tarixli, 105804-470732/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 3500 AZN kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. İddiaçıya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 16 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1155,75 AZN məbləğində əsas borcu, 321,87 AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 1477,62 AZN məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 1155,75 AZN məbləğində əsas borcu, 321,87 AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 1477,62 AZN məbləğində borc və 30,40 AZN məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada məlumat göndərilsədə, qapı bağlı olduğundan məktub məhkəməyə geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış 30 avqust 2018-ci il tarixli, 105804-470732/1 saylı kredit müqaviləsinin 1-ci maddəsində qeyd olunur ki, bu müqavilə ilə bank borcalana şəxsi istehlak məqsədilə 27% dərəcəsi ilə 36 ay müddətinə 3500 AZN məbləğində bərpa olunan kredit xətti açır, borcalan isə müqavilə şərtləri çərçivəsində açılmış kredit xətti üzrə məbləği komissiya haqqı ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə əsas borc və faizlər ödəniş cədvəlinə əsasən borcalanın bankdakı cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil etməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. Qeyd olunan müqavilənin 7.3-cü bəndində isə qeyd olunmuşdur ki, bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş güm üçün gecikdirilmiş Əsas borc məbləğində illik 54 faiz dərəcəsi ilə faiz hesablanır və tam həcmdə ödənilməlidir. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 30 avqust 2018-ci il tarixli, 105804-470732/1 nömrəli kredit müqaviləsi üzrə banka 1155,75 AZN məbləğində əsas borcu, 321,87 AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 1477,62 AZN borcu mövcuddur. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank cavabdehə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün xəbərdarlıq etmiş və öhdəliklərin icrasını təmin etmədiyi halda məhkəməyə müraciət edəcəyi haqqında məlumat vermişdir. Beləliklə, işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2018-ci il tarixli, 105804-470732/1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X1 istehlak məqsədi ilə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3500 AZN məbləğində kredit xətti açılmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun 16 sentyabr 2021-ci il tarixə banka kredit müqaviləsi üzrə 1155,75 AZN məbləğində əsas borcu, 321,87 AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 1477,62 AZN borcu yaranmışdır. Cavabdehə bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, borc bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. İddia tələbinin təmin edilməsinin hüquqi əsasları ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, bank tərəfindən 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda, qeyd edilən məbləğ də cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1155,75 AZN (bir min bir yüz əlli beş manat, yetmiş beş qəpik) məbləğində əsas borcu, 321,87 AZN (üç yüz iyirmi bir manat, səksən yeddi qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 1477,62 AZN (bir min dörd yüz yetmiş yedi manat, altmış iki qəpik) və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1155,75 AZN (bir min bir yüz əlli beş manat, yetmiş beş qəpik) məbləğində əsas borcu, 321,87 AZN (üç yüz iyirmi bir manat, səksən yeddi qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 1477,62 AZN (bir min dörd yüz yetmiş yeddi manat, altmış iki qəpik) və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6440/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6440/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver