Məhkəmə qərarları › İş №2(006)-646/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-646/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-646/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətlərin geri qaytarılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanətlərin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.07.2018-ci il tarixli 18-249023-2 saylı müqaviləyə əsasən “AtaBank” açıq səhmdar cəmiyyətində olan 5000 ABŞ dolları əmanətinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə “AtaBank” açıq səhmdar cəmiyyəti arasında 02.07.2018-ci il tarixli 18-249023-2 saylı 5000 ABŞ dolları məbləğində əmanət müqaviləsi bağlanılmışdır. X5 Heyətinin 28.04.2020-ci il tarixli qərarına əsasən “AtaBank” açıq səhmdar cəmiyyətinin lisenziyası həmin tarixdən ləğv edilmişdir. Lisenziya ləğv ediləndən sonra “AtaBank” açıq səhmdar cəmiyyətinə və cavabdehə müxtəlif vaxtlarda müraciət etsə də, iddiaçıya bildirilmişdir ki, əmanəti bloklanmışdır. İddiaçı ilə “AtaBank” açıq səhmdar cəmiyyəti arasında bağlanmış 18-249023-2 saylı 02 iyul 2018-ci il tarixli "Əmanət müqaviləsi"nə əsasən iddiaçı tərəfimdən Banka illik 3 faiz dərəcəsi ilə 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 1 iyul 2019-cu il tarixindən etibarən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 2.5 faiz müəyyən edilmişdir. Bu baxımdan iddiaçının hesabı bloklanmışdır. Bu səbəbə əsasən də iddiaçı hesabında olan 5000 ABŞ dolları məbləği geri götürə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: “AtaBank” açıq səhmdar cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 02.07.2018-ci il tarixli 18-249023-2 saylı “Bank əmanəti müqaviləsi”ndən görünür ki, Bank əmanətçi iddiaçının 5000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 3 % dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, iddiaçının 25 iyun 2020-ci il tarixinə bank hesabında 5000 ABŞ dolları məbləğində qalıq qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.10.2020-ci il tarixli **********090 saylı məktubunda göstərilmişdir ki, iddiaçı ilə “AtaBank” açıq səhmdar cəmiyyəti arasında bağlanmış 18-249023-2 saylı, 02 iyul 2018-ci il tarixli “Əmanət müqaviləsi”nə əsasən iddiaçı tərəfindən Banka illik 3 faiz dərəcəsi ilə, 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Həmin müqavilənin 4.3-cü bəndinin məzmununa əsasən müqavilə müddətinin sonuncu gününədək əmanət əmanətçi tərəfindən tələb olunmazsa, Bank müqavilə müddətinin uzadılmasına razı olduqda növbəti gündən etibarən müqavilə eyni müddətə eyni şərtlər daxilində uzadılmış hesab olunur. Müqavilə müddətinin sonuncu günü əmanət məbləği iddiaçı tərəfindən geri tələb edilmədiyinə görə “Əmanət müqaviləsi” 02 iyul 2019-cu il tarixində 12 aylıq müddətinə, əmanətin illik faiz dərəcəsi 3 faiz olmaqla avtomatik prolonqasiya edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 1 iyul 2019-cu il tarixindən etibarən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 2,5 faiz müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının əmanəti üzrə bank tərəfindən təqvim haqları ödənilməmiş və iddiaçının əmanəti bankın müvəqqəti inzibatçısı tərəfindən təqdim edilmiş “bankın fiziki şəxslər qarşısında olan öhdəliklərinə dair reyestrdə” kompensasiya olunacaq əmanət kimi göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçıya kompensasiya ödənilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya-sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun- iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Məhkəmə qeyd edir ki, “AtaBank” açıq səhmdar cəmiyyəti ilə iddiaçı arasında bağlanmış müqavilənin müddəti bitdiyi zaman iddiaçı tərəfindən əmanət geri götürülməmiş və həmin müqavilənin 4.3-cü bəndinə əsaslanaraq müqavilə bank tərəfindən uzadılmışdır. Lakin bank tərəfindən həmin müqavilə uzadılarkən illik faiz dərəcəsi 2.5% olmuşdur. Halbuki, Müqavilənin 4.4-cü bəndinə görə, əgər əmanətçi 4.3-cü bəndinə əsasən eyni adlı əmanət növü üzrə müqavilənin davam etdirilməsinə təşəbbüs edərsə, əmanət müqaviləsi Bankın həmin günə faiz dərəcəsini və digər şərtləri tənzimləyən mövcud qüvvədə olan qaydasına əsasən yeni əmanət müqaviləsi bağlanmadan uzadılır. Əmanətlərin Sığortalanması Fondunun X2 Bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 16 sentyabr 2016-cı il tarixdən etibarən fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən etmişdir. İş materiallarından göründüyü kimi, “AtaBank” açıq səhmdar cəmiyyəti ilə iddiaçı arasında əmanət müqaviləsi 02.07.2018-ci il tarixdə bağlanmış, əmanət üçün illik 3 faiz dərəcəsi müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, məhkəmə hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olmuş və müqavilənin 9.7-ci bəndinə əsasən Fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 02.07.2018-ci il tarixli 18-249023-2 saylı müqaviləyə əsasən “AtaBank” açıq səhmdar cəmiyyətində olan 5000 ABŞ dolları məbləğində əmanət cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı və iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 02.07.2018-ci il tarixli 18-249023-2 saylı müqaviləyə əsasən “AtaBank” açıq səhmdar cəmiyyətində olan 5000 ABŞ dolları məbləğində əmanət Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı geri qaytarılsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar