Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-648/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 17.09.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17.04.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 935,58 manat ödəniş etmiş və onun iddiaçıya 6564,42 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 04.10.2021-ci il tarixə 533 gün üçün hesablanmış faiz borcu 1713,01 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 04.10.2021-ci il tarixə 533 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 3498,79 manat təşkil edir. Göstərilənlərə əsasən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.09.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh «AccessBank QSC-nin xeyrinə 6564,42 manat məbləğində kredit borcu, 1713,01 manat məbləğində faiz borcu və 3498,79 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11776,22 manat məbləğində və ödənilmiş 125,32 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq iddia tələblərini müdafiə edərək 28.01.2022-ci il tarixə, saat 11:30-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, banka borcu olduğunu etiraf edir, lakin iddia ərizəsində göstərilən faiz və cərimə borcları çox hesablanmışdır. Onun borcu ödəməyə bilməməsi ondan asılı olmayan səbəblərdən baş vermişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.09.2019-cu il tarixli, 009A********** №-li kredit müqaviləsindən görünür ki, sonuncuya aylıq 1,8333 faizlə 36 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir.
7. İşdə olan İddiaçı QSC-nin 19.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.10.2021-ci il tarixə banka əsas borc üzrə 6564,42 manat, faiz borcu üzrə 1713,01 manat, cərimə borcu üzrə 3498,79 manat, cəmi 11776,22 manat məbləğində kredit borcu qalmışdır.
8. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış 17.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh aylıq 1,8333 faizlə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 6564,42 manat, faiz borcu üzrə 1713,01 manat, cərimə borcu üzrə 3498,79 manat, cəmi 11776,22 manat borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 11.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 12.Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 13.Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 15.Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 16.Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətini nəzərə alaraq iddia dəbbə pulu hissəsində qismən təmin edilərək dəbbə pulu 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. 17.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 125,32 (bir yüz iyirmi beş manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 19.Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 6564,42 (altı min beş yüz altmış dörd manat, qırx iki qəpik) manat, faiz borcu üzrə 1713,01 (bir min yeddi yüz on üç manat, bir qəpik) manat, cərimə borcu üzrə 500 (beş yüz) manat və 125,32 (yüz iyirmi beş manat, otuz iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8902,75 (səkkiz min doqquz yüz iki manat, yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 22.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 6564,42 (altı min beş yüz altmış dörd manat, qırx iki qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 1713,01 (bir min yeddi yüz on üç manat, bir qəpik) manat, cərimə borcu üzrə 500 (beş yüz) manat və 125,32 (yüz iyirmi beş manat, otuz iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8902,75 (səkkiz min doqquz yüz iki manat, yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov